Paris İrəvanın xeyrinə çabalayır, amma: “Ermənistan öz siyasi xallarını itirib”

Siyasət

10.01.2022 - 18:35

Yevgeni Mixaylov: “Beşinci respublikada baş verənlər təkcə Qarabağa aid deyil, Fransanın keçmiş qüdrətini reinkarnasiya etmək cəhdidir”

Avropa İttifaqı Şurasına sədrliyi üzərinə götürən Fransa avtomatik olaraq Ermənistan və “Artsax” məsələlərinə daha çox önəm verməyə başlayacaq. Təkcə Ermənistana dost ölkə kimi, ATƏT-in Minsk Qrupunun həmsədri kimi deyil, həm də Avropa İttifaqı Şurasının sədri kimi.

Bu fikri Paris Siyasi Elmlər İnstitutunun eksperti, erməni kökənli fransalı politoloq Kayts Minasyan “Armenpress”ə müsahibəsində səsləndirib. Deyib ki, yaxın 6 ayda nəticə əldə etmək üçün Ermənistan diplomatiyası çox güclü və aktiv olmalıdır.

“Fransa çoxdan həm Ermənistanın, həm də Artsaxın məsələlərinə böyük əhəmiyyət verir, çünki o, Ermənistana dost ölkədir və ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Beləliklə, Fransa Ermənistan və Artsax məsələlərinə avtomatik olaraq daha çox əhəmiyyət verəcək, indi də Aİ-də sədrlik səviyyəsində. Bu, o deməkdir ki, Fransa daha çox gücə malik olmalı və yaxın altı ayda ondan prezident seçkiləri ilə bağlı istifadə etməlidir ki, Ermənistan və Artsax daha böyük əks-səda alsın. Amma bu, o demək deyil ki, oturub heç nə etməməlisən. Əksinə, erməni diplomatiyası, Ermənistan hökuməti, erməni “yumşaq gücü” bu müddətdə daha fəal olmalıdır ki, mümkün olandan daha artığını əldə etsin”, - deyə Minasyan bildirib.

Politoloqun fikrincə, həm Fransanın Avropa İttifaqına sədrliyi, həm də apreldə Fransada keçiriləcək prezident seçkiləri ermənilər və Ermənistan üçün erməni problemlərindən və digər məsələlərdən yaxşı xəbərdar olan Emmanuel Makronla birgə irəliləməyə çalışmaq üçün unikal imkandır: “Fransa prezidentliyinə namizəd Valeri Pekresin dekabrda Artsaxa səfəri Fransadakı seçki kampaniyası kontekstində Dağlıq Qarabağ məsələsinin əhəmiyyətini artırıb, lakin Prezident Makronun bununla bağlı nə deyəcəyi və həmçinin, digər namizədlərin nə deyəcəyi, ya nə edəcəyi hələ məlum deyil”.

Xatırladaq ki, apreldə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi, eyni zamanda Fransanın İl-de-Frans Mərkəzi Regionunun rəhbəri olan Valeri Pekres İrəvanda jurnalistlərə açıqlamasında Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında rol oynaya biləcəyini deyib. Onun sözlərinə görə, Fransanın digər Aİ ölkələrini bu regionun problemlərinin həllində daha çox iştirak etməyə inandırmaqda mühüm rolu var.

Bütün yuxarıda deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, Ermənistan bir müddət sonra “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması” məsələsini yenidən aktuallaşdırmağa cəhd etmək üçün Fransa amilinə arxalanmaqda davam edir. Amma Azərbaycan tərəfi artıq məsələyə nöqtə qoyub və bəyan edib ki, o, Dağlıq Qarabağın gələcəyi ilə bağlı heç kimlə danışıqlar aparmaq niyyətində deyil, çünki Bakı məsələni artıq həll olunmuş hesab edir.

Belə olan halda erməni tərəfi praktiki mənada nəyə arxalana bilər? Fransanın Bakını bu mövzunu müzakirəyə qayıtmağa məcbur edəcək hər hansı rıçaq və resursları varmı?

Mövzunu AYNA-ya beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, politoloq Yevgeni Mixaylov şərh edib:

“Avropa İttifaqına sədrlik edəcək Fransadan Dağlıq Qarabağ nizamlanması məsələsinin yenidən aktuallaşacağını gözləyən Ermənistan siyasi isteblişmentinin istəklərini bir az da dərindən qiymətləndirək. Əslində, biz bunu başa düşürük, Ermənistan bütün beynəlxalq aləmdə öz siyasi xallarını itirib. Qeyd edim ki, ABŞ-da ən nüfuzlu erməni diasporu görünməz hala gəlib və üstəlik, son zamanlar ABŞ-ın rəyi Azərbaycanın xeyrinə meyl etməyə başlayıb. Yalnız Fransada erməni diasporu var ki, o, yenə də məncə, İrəvanın yox, dünya ermənilərinin maraqları üçün lobbiçilik fəaliyyətini davam etdirir ki, bu da çox vaxt bu kiçik Cənubi Qafqaz ölkəsinin sakinlərinin maraqları ilə üst-üstə düşmür.

Onu da demək istəyirəm ki, eyni diasporun Fransadakı təsirini yəqin ki, çox qiymətləndirməyə dəyməz. İndi beşinci respublikada baş verənlər təkcə Qarabağla bağlı mövqeyə aid edilmir, hər şey Fransanın keçmiş qüdrətini reinkarnasiya etmək cəhdidir. Çünki, o qüdrətin xatirəsi indiki hakimiyyətin şüurunu hələ də həyəcanlandırır. Lakin Paris artıq əvvəlki kimi qüdrətdə deyil və Köhnə Dünyanın bütün dövlətləri kimi, onu da ABŞ-a verərək, praktiki olaraq beynəlxalq hüququn subyekti olmaqdan çıxıb.

Ancaq eyni zamanda, bəzi o vaxtdan qalan “bədən hərəkətləri” mövcuddur. Prezidentliyə namizəd Valeri Pekresin işğal olunmuş ərazilərə çətin səfəri və rəsmi Parisin Qarabağ nizamlanmasında əhəmiyyətini artırmaq üçün digər siyasi cəhdləri də bundan qaynaqlanır.

ATƏT-in Minsk Qrupunda həmsədrlik keçmişdə qalıb və bu, Fransa üçün çox kədərli olsa da, o, Rusiyadan fərqli olaraq, dəyişən siyasi situasiyanı vaxtında anlaya bilmədi və digər həmsədrlər kimi münaqişənin həlli hakimliyini sülh prosesinin əsas moderatoruna çevrilən Moskvaya verdi.

Dünya dəyişir, həm də çox sürətlə. Ermənilərin isə Parisin yenidən Qarabağ məsələsini özlərinə lazım olan yola çevirəcəyi ilə bağlı ümidləri tamamilə yersiz və reallaşmazdır. Yenə də etiraf edirəm ki, Fransa eyni Xankəndini Azərbaycanın yurizdiksiyasına keçirmək üçün İrəvanı daha ağrısız şəkildə razı sala bilər və bu, çox güman ki, eyni Qarabağ müharibəsindən az səs-küylü hadisə olmayacaq. Yaxud Paris İrəvanla Bakı arasında daha böyük dialoqa töhfə verəcək, halbuki qatar artıq yola düşüb və ermənilərin özləri də bununla bağlı qarşılıqlı münasibət nümayiş etdirməyə başlayıblar. Fransanın Aİ-də sədrliyindən gələcəkdə İrəvan üçün başqa müsbət qərarlar görmürəm”.

Müəllif: Rauf Orucov