Ölkələrimiz arasında mövcud olan əməkdaşlıq yüksək qiymətləndirilib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litva Respublikası Seyminin (Parlament) sədri Viktoras Prantskietisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən AYNA-ya verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar.
Görüş zamanı ölkələrimiz arasında mövcud olan əməkdaşlıq yüksək qiymətləndirilib və iki ölkə arasında kənd-təsərrüfatı, enerji, nəqliyyat, turizm, elm-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğu qeyd olunub. Eyni zamanda parlamentlərarası diplomatiyanın əhəmiyyətinə toxunularaq bu xüsusda parlamentarilər arasında mütəmadi təmasların vacibliyi vurğulanıb.
İkitərəfli formatla yanaşı, Azərbaycan və Litvanın beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığı qeyd olunub.
E.Məmmədyarov qarşı tərəfə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri, müzakirə edilməkdə olan yeni Saziş, o cümlədən "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində iştirakımız barədə məlumat verib.
Habelə tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.