BMT-nin Baş katibi ABŞ və İranı təcili olaraq danışıqları bərpa etməyə və mübahisələrini diplomatik yolla həll etməyə çağırıb
BMT-nin Baş katibi Antonio Quterreş ABŞ və İranı təcili olaraq danışıqları bərpa etməyə və mübahisələrini diplomatik yolla həll etməyə çağırıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, o “tammiqyaslı hərbi əməliyyatlara qayıtmağın beynəlxalq təhlükəsizlik və qlobal iqtisadiyyat üçün fəlakətli olacağını” bildirib.
Quterreş verdiyi açıqlamada bildirib ki, "Fars körfəzində hərbi toqquşmaların ciddi şəkildə artması və yenidən başlaması məni dərindən narahat edir”.
O xüsusilə İranın Hörmüz boğazında gəmilərə hücumlarını, ABŞ-ın İrana qarşı hücumlarını və Tehranın qonşu ölkələrdəki hədəflərə hücumlarını diqqətə çatdırıb.
BMT-nin Baş katibi vurğulayıb ki, "bütün bu hücumlar dayandırılmalıdır".
Qeyd edək ki, 8 iyulda ABŞ və İran bir-birini anlaşma memorandumunu pozmaqda ittiham edərək qarşılıqlı hücumlara başlayıblar. Beləliklə, iyun ayında imzalanan sənəd sülh danışıqları üçün əsas rolunu itirib.