Sənəd qəbulu elektron formada həyata keçiriləcək
2026-2027-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, sənəd qəbulu elektron formada həyata keçiriləcək.
"Yerdəyişmə prosesində ali və orta ixtisas təhsili müəssisələrinin normativ təhsil müddətində təhsil alan, təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı yarısını toplamış tələbələr iştirak edə bilərlər. Müraciətlərin qəbulu 2026-cı il iyulun 13-də saat 10:00-da başlayıb və iyulun 19-da saat 18:00-dək davam edəcək. Yerdəyişmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az platformasında qeydiyyatdan keçərək "şəxsi kabinet" yaratmalı, istifadəçi adı və şifrə vasitəsilə müvafiq bölməyə daxil olmalı, elektron müraciət formasını dolduraraq təsdiq etməlidirlər. Tələbələr müraciət zamanı daxil etdikləri məlumatların düzgünlüyünə diqqət etməli və proseslə bağlı elan edilən müddətlərə riayət etməlidirlər", - deyə məlumatda qeyd edilib.