İlham Əliyev: “Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil”
“Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil”. AYNA.AZ xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.
“Gündəliyimizdə çoxsaylı prioritet məsələlər var. Onlardan yalnız birini seçmək çətindir. Qlobal gündəliyimizə davamlı inkişaf, Qarabağın bərpası və yenidən qurulması, yeni nəqliyyat marşrutlarının yaradılmasına xidmət edən layihələrin başa çatdırılması və nəqliyyat bağlantılarının genişləndirilməsi daxildir. Əsas prioritetlərimizdən biri də rəqəmsal transformasiya və süni intellektin inkişafıdır. Bu yaxınlarda həmin sahələrin inkişafı ilə bağlı xüsusi sərəncam imzaladım və bunun üçün müvafiq komissiya, birgə işçi qrupu və şura yaradıldı. Enerji təhlükəsizliyi də qlobal gündəmdə əsas mövzulardan biri olaraq qalacaq. Ölkə daxilində bu istiqamətdə artıq ciddi nəticələr əldə etmişik. Bununla belə, həm ənənəvi enerji resurslarımıza, həm də bərpa olunan enerji mənbələrinə tələbat artmaqda davam edəcək. Bərpa olunan enerji sahəsində çox böyük potensialımız var. Təkcə Qarabağda artıq 340 meqavat gücündə su elektrik stansiyaları istifadəyə verilib. Eyni həcmdə – 340 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi isə gələn il başa çatacaq. Beləliklə, Avropa bazarına elektrik enerjisi ixracı gündəliyimizin əsas istiqamətlərindən biridir. Çünki Avropa bazarının əlavə enerji resurslarına ehtiyacı var, bizim isə əlavə istehsal imkanlarımız mövcuddur. Bundan başqa, ölkəmizin beynəlxalq aləmdə tanıdılması da gündəlik fəaliyyətimizin vacib hissəsidir. Biz görülən işləri, əldə olunan nailiyyətləri və qarşılaşdığımız çağırışları fasiləsiz şəkildə beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Hazırkı şəraitdə isə, yəqin ki, ən mühüm məsələ təhlükəsizlik və müdafiə qabiliyyətidir. Çünki görürük ki, təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil. Biz bu reallıq içərisində yaşayırıq. Ona görə də gündəliyimizdə çoxsaylı prioritetlər var. Amma ümumiləşdirsəm, əsas məqsədimiz milli maraqlarımızı müdafiə etmək imkanlarımızı daha da gücləndirmək və mümkün qədər çox ölkə ilə praktiki, səmərəli və işgüzar əməkdaşlıq münasibətləri qurmaqdır”, - dövlət başçısı qeyd edib.
Prezident qeyd edib ki, sərhədləriniz ətrafında müharibələr davam edirsə, heç vaxt özünüzü tam təhlükəsiz hiss edə bilməzsiniz: “Şimalda müharibə şəraitində olan bir qonşumuz, cənubda isə müharibə şəraitində olan digər qonşumuz var və Azərbaycan onların arasında yerləşir. Təbii ki, ölkəmizi qorumaq və imkan daxilində sülhün əldə olunmasına töhfə vermək bizim üçün ciddi narahatlıq doğuran məsələlərdəndir. Bəli, biz sülhün mümkün olduğuna inanırıq. Düşünürəm ki, təkcə biz deyil, bu qarşıdurmanı və qan tökülməsini dayandırmaq üçün səy göstərən vasitəçi ölkələr də buna inanırlar. Xüsusilə Pakistanı qeyd etmək istərdim. Əziz dostum, Pakistanın Baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munir ABŞ ilə İran arasında vasitəçilik istiqamətində həqiqətən böyük iş gördülər və mühüm nəticə əldə etdilər. Təəssüf ki, bu nəticə uzun sürmədi. Amma ümid edirəm ki, hazırkı qarşıdurma da uzunmüddətli olmayacaq. Mən əminəm ki, sülh mümkündür. Əks halda, buna inanmadığınız halda yaşamaq çox çətin olar. Əsas məsələ sülh əldə olunduqdan sonra regionun necə görünəcəyidir. Burada müxtəlif ssenarilər və fərqli yanaşmalar mövcuddur. Bir çox ölkə öz strateji maraqlarına uyğun siyasət yürüdür. Azərbaycana gəlincə, bizim yeganə istəyimiz sərhədlərimizdən kənarda da sülhün hökm sürməsidir. Çünki ölkə daxilində sülh olsa da, sərhədləriniz ətrafında müharibələr davam edirsə, heç vaxt özünüzü tam təhlükəsiz hiss edə bilməzsiniz. Biz Azərbaycanda cəmi bir ildən azdır ki, tam sülh şəraitində yaşayırıq”.
“Bundan əvvəl 30 il müharibə şəraitində yaşamışıq. Əvvəl Birinci Qarabağ müharibəsi, sonra atəşkəs dövründə müxtəlif silahlı toqquşmalar, ardınca yenidən gərginliklər və nəhayət, İkinci Qarabağ müharibəsi baş verdi. Biz müharibəsiz həyatı təsəvvür edə bilmirdik. Yalnız son bir ildən az müddətdə sülh şəraitində yaşayırıq və bunun inkişaf, investisiyalar, insanların psixoloji vəziyyəti və cəmiyyətin əhval-ruhiyyəsi üçün necə böyük üstünlüklər yaratdığını görürük”, - dövlət başçısı deyib.
Azərbaycan Prezidenti qeyd edib ki, bunun çoxsaylı müsbət nəticələri var: “Əlbəttə, istəyirik ki, həm cənubumuzda, həm də şimalımızda sülh mümkün qədər tez bərqərar olsun. Ancaq bu sülh ədalətli olmalı, beynəlxalq hüquqa əsaslanmalı və hansısa tərəfin ambisiyalarına deyil, hüquqa söykənməlidir. Beynəlxalq hüquq istənilən sülh üçün universal əsasdır. Məsələn, Ermənistanla müharibəyə nəzər salsaq, biz hər zaman beynəlxalq hüququn tərəfində olmuşuq. 1990-cı illərin əvvəllərində torpaqlarımız işğal edildi. Biz uzun illər bu problemi sülh yolu ilə həll etməyə çalışdıq. Bu mümkün olmayanda isə suverenliyimizi bərpa etmək üçün gücdən istifadə etdik. Məqsədimizə çatdıq və bundan sonra irəli getmədik”.
Prezident İlham Əliyev vurğulayıb ki, məhz burada dayanmaq çox vacib idi: “Mən hesab edirəm ki, hərbi əməliyyatların aktiv mərhələsi başa çatdıqdan sonra dayanmağı bacarmaq ən mühüm məsələlərdən biridir. Bu, asan deyil. Biz bunu çox yaxşı anlayırıq. Biz 30 il bu ağrını qəlbimizdə daşıdıq. Amma lazım olan anda dayandıq. Biz bunu müharibənin sonsuza qədər davam etməməsi üçün etdik. Əlbəttə, başqa seçimlərimiz də ola bilərdi. Amma məsuliyyət və müdriklik müharibəni vaxtında dayandırmağı tələb edirdi. Əgər biz dayanmasaydıq, Ermənistanla müharibə davam edəcəkdi. Ola bilsin ki, aşağı intensivliklə, bəzən səngiyərək, bəzən yenidən alovlanaraq. Amma insanlar yenə də həyatını itirəcəkdi. Mən hesab edirəm ki, Yaxın Şərqdə də eyni yanaşma tətbiq olunmalıdır. Hərbi qarşıdurmanın ən gərgin mərhələsi başa çatdıqdan sonra Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr və İran dayanmalıdırlar. Əlbəttə, biz ermənilərin xalqımıza qarşı törətdiklərini, şəhərlərimizi dağıtdıqlarını, günahsız qadınları və uşaqları qətlə yetirdiklərini, Xocalıda soyqırımı törətdiklərini heç vaxt unutmayacağıq. Ancaq bununla yanaşı anlayırıq ki, sülh son məqsəddir. Əlbəttə, emosional, psixoloji baxımdan qisas almaq istəyənlər olacaq. Mənim qonşularımıza çağırışım məsuliyyətli davranmaları, mümkün qədər tez dayanaraq münasibətləri normallaşdırmağa çalışmaları və bu qarşıdurmanın qlobal münaqişəyə çevrilməsinə imkan verməmələridir. Bu, çox böyük təhlükədir. Mən hər kəsi məsuliyyətli olmağa çağırıram və ümid edirəm ki, dostumuz Pakistanın vasitəçilik səyləri yenidən nəticə verəcək və qarşıdurmanın dayandırılmasına gətirib çıxaracaq”.