Özəlləşdirmə çeklərinin tədavül müddəti hansı məntiqlə başa çatdırılıb?!

Cəmiyyət

25.08.2022 - 14:32

Vətəndaşın mülkiyyət hüququ heç bir qərarla ləğv edilə və ya pozula bilməz

Məlumat verdiyimiz kimi, Azərbaycan vətəndaşları olan minlərlə ailənin adından Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova, iqtisadiyyat naziri Mikayıl Cabbarova, ədliyyə naziri Fikrət Məmmədova və Milli Məclisin deputatlarına açıq müraciət ünvanlanıb.

Müraciət müəllifləri dövlət rəsmilərindən özəlləşdirmə çeklərini ümidlə saxlayan yüz minlərlə ailənin adından “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanun lahiyəsində keçmişdə baş vermiş səhvlərin və Konstitusiyaya zidd maddələrin analiz edilərək aradan qaldırılmasına diqqət göstərmələrini istəyirlər. Qeyd olunur ki, özəlləşdirmə çeklərinin verildiyi dövrdə qanunla özəlləşdiriləcək bütün orta və böyük müəssisələrin əmlaklarının 65 faizinin mülkiyyət payı kimi dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri ilə ölkə vətəndaşlarına verilməsi kapitalizmə dinc keçid üçün dövlətin və Ulu Öndər Heydər Əliyevin tarixi ədalət siyasəti prinsipinin əsasını təşkil edib.

Mülkiyyət hüququnun heç bir fərmanla ləğv edilə və ya pozula bilməyəcəyini bəyan edən şikayətçilər beynəlxalq hüquqa uyğun olaraq, qiymətli kağızların alqı-satqısı, dövriyyəsinin ancaq qanunla tənzimləndiyini önə çəkir, bu xüsusda özəlləşdirmə çeklərinin tədavülü barədə Prezidentin yeni fərmanına heç bir ehtiyac olmadığını bildirirlər. Yəni, özəlləşdirmə payına düşən əmlak mülkiyyət hüququ və dövlət qiymətli kağızı olan özəlləşdirmə çeklərinin yeni “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunda tənzimlənməsi Konstitusiyaya, qanunlara və beynəlxalq hüquq normalarına uyğun olacaq.

Milli Məclisin keçmiş üzvü, iqtisadçı alim, professor Əli Əlirzayev AYNA-ya şərhində özəlləşdirmə çeklərinin dövlət qiymətli kağızı olduğunu deyib: “Ulu öndər Heydər Əliyevin bununla bağlı fərmanı dövlətin vətəndaşa yüksək dəyərinin ifadəsi olmaqla yanaşı, hərraca çıxarılacaq dövlət əmlakının 65 faizinin vətəndaşlar arasında paylanmasını hədəfləyirdi. Bu, çox vacib və zamanında verilmiş bir qərar idi”.

“2011-ci ildən çeklərin tədavül müddəti başa çatıb. Lakin bu gün də çekləri əllərində qalan vətəndaşlarımız var. Hesab edirəm ki, özəlləşdirmə çeklərinin tədavül müddətinin yenidən artırılması vacibdir. Bu, həm vətəndaşların sosial rifah halını yüksəldəcək, həm mikro sahibkarlıqla məşğul olanların sayını çoxaldacaq, həm də ölkəmizə yerli və xarici sərmayədarların marağını artıracaq. Hökumət orqanları bununla bağlı araşdırma aparıb, müvafiq qərar verməlidir”, - deyə sabiq deputat bildirib.

Əlirzayev əmindir ki, özəlləşdirmə çekləri əllərində qalan vətəndaşların Baş nazirə ünvanladıqları müraciətə müsbət cavab veriləcək.

Daha bir deçmiş deputat, Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə də AYNA-ya açıqlamasında təsdiqləyib ki, özəlləşdirmə çekləri qiymətli kağızdır: “Özəlləşdirmə çekləri qiymətli dövlət kağızı olduğuna görə tədavül müddəti yenidən artırılmalıdır. Bu, əhəmiyyətli dövlət sənədidir və üzərində qeyd olunub ki, Azərbaycan vətəndaşı üçün nəzərdə tutulub. Əgər belə bir qeyd varsa və qanunla müddət nəzərdə tutulmayıbsa, hansı məntiqlə tədavül müddəti başa çatıb?!”.

“Hesab edirəm ki, keçmişə yox, gələcəyə baxmalıyıq. Ölkə vətəndaşları, özəlləşdirmə çekləri əllərində qalan vətədaşlar və ailə üzvləri Baş nazirə, dövlət rəmsilərinə bununla bağlı müraciət ediblərsə, müraciətə cavab verilməlidir. İnanıram ki, veriləcək də. Şəxsim və ailə üzvlərim də daxil, yüz minlərlə vətəndaş bu gün də tarixi ədalətin bərpa olunacağı, əllərində qalan çeklərin yenidən dəyər qazanacağı günü gözləyir”, - deyə Qənizadə vurğulayıb.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, əmlak eksperti Vüqar Oruc da AYNA-ya şərhində oxşar fikir səsləndirib: “Xatirimdədir, ötən əsrin 90-cı illərinin sonlarında mərhum Prezident Heydər Əliyevin bununla bağlı fərmanı cəmiyyətdə ruh yüksəkliyi ilə qarşılandı. Hamı bu çeklərin sayəsində əmlaka sahib olacağını, dividendlər əldə edəcəyini düşünürdü. O zamanlar biz gənc idik, amma bizim də xəyallarımız var idi”.

“Lakin sonradan məlum oldu ki, bu çeklər, əsasən məmur oliqarxiyasının və işbazların mənafeyinə xidmət edib. Gələcəyə və bu vauçerlərə ümidlə baxan vətəndaşlar isə bu prosedən kənarda qaldılar. Qanuna görə, özəlləşdirilən dövlət əmlakının 65 faizinin payçıları vətəndaşlar olmalı idi. Lakin bu, baş vermədi”, - deyə həmsöhbətimiz söyləyib.

Orucun sözlərinə görə, çeklər üçün konkret müddət nəzərdə tutulmamışdı: “Lakin günün birində elan etdilər ki, tədavül müddəti başa çatıb. Heç olmasa, bu gün çekləri əllərində qalan insanların probleminə aydınlıq gətirsinlər. Bu məsələyə məntiqli yekun vurulmalıdır. Hesab edirəm ki, vətəndaşların bununla bağlı hökumət başçısına və rəsmilərinə ünvanladıqları müraciətə müsbət cavab veriləcək”.

QEYD

Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.

Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün  özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray