Bakıda "alınmaz qala": Zəbt olunmuş binaya kimsə yaxın düşə bilmir

Cəmiyyət

25.09.2019 - 19:17

Həkimlər Klinikalar SEO Xidməti

Milli Məclisdə qaldırılmış problem hələ də həllini tapmayıb, sakinlər Birinci vitse-prezidentə üz tutublar

 

Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, bina 45-dəki mənzillərin sahibləri illərdir öz evlərinə həsrət qalıblar. Həmin mənzil sahiblərindən biri – Arif Həşimov AYNA-nın redaksiyasına müraciət edərək, illərdir üzləşdikləri problemin həllində yardımçı olmağımızı, səslərini Birinci-vitse prezident Mehriban Əliyevaya çatdırmağımızı xahiş edib.

 

A.Həşimovun bildirdiyinə görə, sözügedən ünvandakı mənzillər 27 ildir ki, məcburi köçkünlər tərəfindən zəbt olunub: “1994-cü ildə həmin binada atama 7 nəfərdən ibarət ailəsi ilə birlikdə yaşaması üçün mənzil verilmişdi. Ancaq binanın tikintisi başa çatmamışdı deyə, köçə bilməmişdik. 8 bloklu binanın 4 bloku tam, bir tərəfi isə 5-ci mərtəbəyə qədər tikilmişdi. Bir gün xəbər tutduq ki, Zəngilan rayonundan məcburi köçkün ailəsi mənzilimizə girib. Həmçinin digər mənzillər də məcburi köçkünlər tərəfindən zəbt olunub. İllərlə gözləməyimizə baxmayaraq, mənzilimizə köçə bilmədik. Təsəvvür edirsiz, atam ona verilmiş evdə bir gün belə, yaşamadan vəfat etdi”.

Şikayətçinin iddia etdiyinə görə, indiyə qədər bütün aidiyyəti qurumlara üzləşdikləri problemlə bağlı müraciət ediblər, lakin heç bir nəticəsi olmayıb: “Bina yarımçıqdır deyə, heç kim bizə kömək etmək istəmir. 50-dən çox adamla Nazirlər Kabinetində, Ədliyyə Nazirliyində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşuq. “Qaçqınkom”un yeni sədri Rövşən Rzayev bizə kömək etmək istəyirdi, bizi məhkəməyə yönləndirdi, məhkəmədən də qərarlar aldıq. Ancaq sonradan Rövşən Rzayev də yaxın durmadı, bildirdi ki, mərhələli şəkildə həll olunacaq. Onun istəyi ilə aramızdan ən acınacaqlı vəziyyətdə olan 10 nəfərin adını seçib siyahı hazırladıq və onlara təqdim etdik. Yenə də nəticəsi olmadı, son sözü də belə oldu ki, “mənlik deyil, sizə kömək etmək istəyirdim, ancaq mənə icazə vermədilər”. Kim icazə vermədi, onu bilmədik. Deputat Fərəc Quliyevin köməkçisi ilə də görüşmüşük. F.Quliyev bu məsələni Milli Məclisdə də işıqlandırdı. Yenə də xeyri olmadı”.

Mənzil sahibləri dəfələrlə Suraxanı Rayon İcra Hakimiyyətində də olublar, icra başçısı İlqar Abbasovla da görüşüblər: “Oradakı qaçqınların da yaşayış vəziyyəti yaxşı deyil, mənim mənzilimdə yaşayan şəxsin yağış başına yağır. Hər dəfə Suraxanın icra başçısı İlqar Abbasovun qəbulunda olanda o, bizdən soruşur ki, “orada necə yaşayacaqsız, vəziyyət çox acınacaqlıdır”. Halbuki köçürməyə gələndə deyirlər ki, “hələ daha pis şəraitdə yaşayan qaçqınları köçürürük”. İlqar Abbasov, hətta bizi sənədlərimizin saxta olmasında da ittiham etdi, dedi ki, “bina balansda yoxdur, sənədləriniz saxtadır, mən yoxlatdıracam”. Halbuki bizim orda qeydiyyatımız, orderimiz var. Binanı “Qlavbakstroy” (Bakı Baş Tikinti İdarəsi - red.) öz işçiləri üçün tikirdi, işçilər boş vaxtları olanda gedib öz evlərində işləyirdilər. Ona görə də orderlər əvvəldən paylanılmışdı”.

 

“Bizdə olan məlumata görə, həmin binaya kimsə qeyri-qanuni olaraq "əl qoyub". Bizi cüzi kompensasiya ilə yola verməyə çalışırlar, qaçqınları da ona görə köçürmürlər. Qaçqınlar köçürüləndə binanı da söküb yerə qoyacaqlar. Onsuz qaçqınlar da məhkəmədə üzümüzə dedilər ki, “biz burdan çıxanda qoyduğumuz qapı-pəncərəni də söküb aparacağıq”. 27 ildir mənzillərimizdə yaşayırlar, bizimlə qapı-pəncərə davası edirlər. Sanki kimsə göstəriş verib ki, bu binaya əl dəyməyin”, - deyə A.Həşimov əlavə edib.

Çarəsiz qalan mənzil sahibləri bu dəfə Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər: “Bu qədər də olmaz axı, 27 ildir sürünürük, gedib-gəlməkdən yorulduq, utandıq, ancaq aidiyyəti qurumlar utanmaq bilmir. Görün, hansı vəziyyətə düşmüşük, ölkədə qanunlar işləmir, məhkəmə qərarlarına məhəl qoyulmur, səsimizi eşidən yoxdur. Demək olar ki, bütün aidiyyəti şəxslərə, qurumlara məktub da göndərmişik. Heç bir effekti olmayıb. İndi tək ümidimiz Mehriban xanım Əliyevaya qalıb. Çünki Heydər Əliyev Fondu tərəfindən pul ayrılır, qaçqınlar üçün evlər tikilir. Ancaq evləri tikənlər özləri harada maraqlıdırsa, oranı boşaltdırırlar. Mehriban xanımın bu məsələni nəzərətə götürməsini xahiş edirik”.

Картинки по запросу Fərəc Quliyev

Sözügedən ərazidən millət vəkili olan Fərəc Quliyev AYNA-ya açıqlamasında bildirdi ki, o, problemi Milli Məclisdə qaldırıb: “Binanın 250 nəfərə qədər sakini mənə müraciət etmişdi və elə müraciət edilən günün səhərisi Milli Məclisdə məsələni qaldırdım ki, sakinlər evlərinə qayıtmaq istəyirlər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdim, xahiş etdim ki, məcburi köçkünlər üçün bina tikiləndə ilkin olaraq bu binadakı köçkünlər köçürülsün, yəni bunların köçürülməsini bir qədər qabağa çəksinlər. Müraciətimə "yox" cavabı verilmədi, bildirildi ki, həmin sakinlərin tez bir zamanda mənzillə təmin olunması üçün tədbirlər görüləcək”.

 

“Sakinləri də anlamaq lazımdır, 20 ildən çoxdur ki, öz mənzillərində yaşamırlar. Hətta hərbçilərimizin mənzillərində məcburi köçkünlər məskunlaşmışdı. Mən müraciət etdim ki, həmin hərbçilərin məznilləri dərhal boşaldılsın. Demək olar ki, bu məsələ müəyyən qədər həll olundu”, - deyə deputat qeyd etdi.

 

F.Quliyev problemin, tamamilə nə zaman həll olunacağını isə dəqiq bilmədiyini dedi: “Mən deputat kimi ancaq müraciət edə bilərdim ki, etdim və müraciətimə reaksiya da müsbət oldu. Bildirildi ki, məcburi köçkünlərə növbəti dəfə mənzil veriləndə həmin şəxslər də nəzərə alınacaq. O da anlaşılmalıdır ki, başqa yerlərdən də müraciət edənlər var və hamını eyni vaxtda yerləşdirmək mümkün deyil. “Qaçqınkom”a yeni sədr Rövşən Rzayev gələndən sonra bu məsələlərə yenidən baxılır, tikinti işləri sürətləndirilir. Ümid edirəm ki, ilk imkanda bu problem həll olunacaq”.

 

Deputat mənzil sahiblərinin binanın kimlərsə tərəfindən ələ keçirilməsi ilə bağlı narahatlığına da aydınlıq gətirib: “İcra başçı və ya başqa bir şəxs həmin binanı ələ keçirə bilməz. Bina heç icra hakimiyyətinin balansında deyil. İcra başçısı İlqar Abbasov da bu problemin həll olunmasına çalışır, o da istəyir ki, rayonda sakitlik, sabitlik olsun, həmin binadakı məcburi köçkünlər köçürülsün, bina təmir olunsun, sahibləri də mənzillərinə köçə bilsinlər”.

Картинки по запросу Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

Şikayətçilərin üzləşdikləri problemə aydınlıq gətirmək üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə də müraciət etdik. “Qaçqınkom”un mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev isə, konkret olaraq sözügedən problem üzrə deyil, ümumi məsələlərlə bağlı məlumat verdi.

 

“Qeyd edirik ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Əlavələrin 1.4-cü bəndinə əsasən Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədilə yaşayış evlərinin tikilməsi nəzərdə tutulub. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu məsələni daim diqqət mərkəzində saxlayır. Zəbt olunmuş mənzillərdə yaşayan məcburi köçkünlərin sayı, ailə tərkibi ilə bağlı məlumat toplanıb. Eyni zamanda həmin məsələ ilə bağlı məhkəmə qətnamələri də mövcuddur və bunlar Dövlət Komitəsində qeydə alınıb. Başqa vətəndaşlara məxsus olan mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri ilə bağlı məsələnin həlli üzrə təkliflər hazırlanıb. Yuxarıda adıçəkilən Dövlət proqramına Əlavələrin 1.4-cü bəndinin icrası ilə əlaqədar evlər tikildikdən sonra başqa vətəndaşlara məxsus olan mənzillərdə müvəqqəti məskunlaşmış və barələrində məhkəmə qətnamələri çıxarılmış məcburi köçkün ailələrinin köçürülməsinə qanunla nəzərdə tutulan qaydada baxılacaq”, - deyə məlumatda qeyd olundu.

Müəllif: Rumiyyə Miraslan