Sammitdə yekdil olaraq bildirilib ki, özündə bəşəri dəyərləri ehtiva edən dinlər dünya sivilizasiyasına, mədəniyyətinə və mənəvi irsinə əhəmiyyətli töhfə verməlidir
Noyabrın 14-15-də keçirilən Dünya dini liderlərinin II Bakı Sammiti başa çatıb. AYNA xəbər verir ki, sammitdə müxtəlif dini konfessiya və təriqət liderləri, müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
İki gün davam edən sammitdə dini liderlər terrorizmin, müxtəlif zəminlərdə ayrı-seçkiliyin, ksenofobiyanın, dini və etnik zəmində dözümsüzlüyün artması, terrorçu və ekstremist qruplaşmalar tərəfindən dini dəyərlərin məqsədyönlü təhrif olunması, mədəni, dini və tarixi irsin dağıdılması, eləcə də, miqrantların humanitar fəlakət həddinə çatmış kütləvi axını nəticəsində dünyada sülhün, qlobal dialoqun və bəşəri həmrəyliyin bərqərar olmaması ilə bağlı öz dərin narahatlıqlarını ifadə ediblər.
Sammitdə yekdil olaraq bildirilib ki, özündə bəşəri dəyərləri ehtiva edən dinlər dünya sivilizasiyasına, mədəniyyətinə və mənəvi irsinə əhəmiyyətli töhfə verməli, humanizmin təşviq edilməsinə, sülhün və ədalətin təmin olunmasına xidmət etməlidir.