Ötən sutka 19 halda yanğına çıxış olub

Hadisə

12.01.2023 - 11:58

26 halda xilasetmə əməliyyatı həyata keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 19 halda yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-dən AYNA-ya bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində beşi azyaşlı olmaqla 17 nəfər xilas edilib, yanğın zamanı 20 bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənib. Həmçinin Ağcabədi rayonunun Muğanlı kəndində “Mercedes” və “ВАЗ” markalı iki minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Müəllif: Ayna.az