Ötən gün yanğın zamanı 12 nəfər təxliyə olunub

Hadisə

04.12.2022 - 15:59

FHN: yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 27 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 8 nəfər, o cümlədən Yevlax şəhərində “Mercedes” və “BA3” markalı iki minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib, yanğın zamanı 12 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənib, 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az