Operativ Qərargahdan karantin möcüzəsi – <font color=red> AXİ NİYƏ?!</font>

Cəmiyyət

27.04.2020 - 10:50

Onlar necə edirlərsə, nə üzləri tüklənir, nə saçları uzanır…

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Bu karantin rejimində yaşamağın da ayrı özəlliyi var. Adam gündəlik iş rejimində gözü öyrəşdiyi bəzi məsələlərə daha diqqətli yanaşır, sanki boşluqdan ilişməyə nəsə bir mövzu axtarır. Mən də qərara gəldim ki, karantin dövründə ölkənin Baş Qərargahına çevrilən Nazirlər Kabineti yanında Operativ Qərargahın bəzi işlərinə “ilişim”, yəni məntiqsizlik tapım. Əvvəlcə elə bildim ki, bunun üçün bəhanəni çox çətin tapacam, axı kişilər bütün tənqidlərə baxmayaraq, həqiqətən işləyirlər. Amma yenə də bir cəhd edim.

 

Operativ Qərargahın fəaliyyəti ölkədə koronavirusa görə çətin vəziyyətə düşən əhaliyə, iş adamlarına, banklara yardım üzərində köklənib. Gəliri olmayan insanlara 190 manat, biznesmen və banklara isə nə qədərsə pul verirlər, vergini yüngülləşdirirlər ki, batmasınlar. Artıq bu gündən bir sıra ticarət və iaşə obyektləri də açılacaq ki, bu da sözsüz, günəmuzd işləyənlərin vəziyyətinə müsbət təsir göstərəcək. Siyahıya görə, fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla), kitab satışı, qəzet satışı, dəftərxana mallarının satışı, çap və sürətçıxarma fəaliyyəti, fotoatelye/fotostudiyalar, fərdi mənzillərdə təmizlik xidmətləri, dərzi xidmətləri, kosmetika və ətriyyat satışı, geyim satışı, ayaqqabı və dəri məmulatlarının satışı, qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti, mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri, kompüter avadanlıqlarının satışı və təmiri, elektronika və məişət texnikasının satışı, mebel satışı, avtomobil satışı, kimyəvi məhsulların satışı, gül və bitki məhsullarının satışı, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı, gübrə və aqrokimyəvi məhsulların satışı ilə məşğul olanlar sistemdə qeydiyyatdan keçərək, rahat şəkildə pullarını qazanacaqlar.

 

NK-nın karantindən mərhələli çıxmaq planını həm alqışlayıram, həm də bəzi şeyləri başa düşmürəm. Məntiqsizlik göz qabağındadır. Axı niyə belə hesab edirəm!? İzah edim.

Bakıda bərbərxana və gözəllik salonları işləməyəcək — RƏSMİ

Nəyə görə NK yanında Operativ Qərargahın üzvləri hesab edirlər ki, məsələn, maşın salonlarının, Ramazan ayının gəldiyini və toyların olmamasını nəzərə alsaq, qızıl dükanlarının, eləcə də ayaqqabı, lombard, kitab, mebel satışı ilə məşğul olanların işləməsi daha vacibdir, nəinki bərbərxanaların? Yuxarıda adı çəkilən müəssisələrin açılmasında pis bir şey görmürəm, amma hesab edirəm ki, insanlar karantin bitənə qədər təzə ayaqqabısız, mebelsiz, internet əsrində yaşadığımızı nəzərə alsaq, hətta kitabsız da yaşaya bilərlər. Amma bərbərsiz çətindir, axı. İnsan kitabı internetdən oxuya bilər, amma “Youtube”a baxaraq, saçını qırxdıra bilməz.

 

Və kim müəyyən edib ki, bərbərxanalarda adamların sayı, tutaq ki, elə həmin o mobil telefon dükanlarındakılardan daha çox olur? Mənə elə gəlir ki, bu qərarı qəbul edənlər “Qafqaz əsiri” filmindəki “Ətrafa öz personal avtomobilinin aynasından baxan” məşhur personajı xatırladırlar. Elə bu Operativ Qərargahın işləməsinə icazə verdiyi insanlar işə başlarına bantik vurub gedəsi deyillər ki. Qış da deyil ki, papaqdan-zaddan qoyaq başımıza ki, “Şir evdən getdi” filminin qəhrəmanına bənzəməyək. Məncə, bunu bir az düşünsələr, yaxşıdır.

 

Bir də babal yumaq olmasın, amma mənə elə gəlir ki, elə bu Operativ Qərargahın üzvləri neçə vaxtdır ki, karantin qaydalarını özləri pozurlar. Yox, mən demək istəmirəm ki, niyə brifinqlərə dəvət olunan vəzifəli şəxslər aralarında iki metr məsafə saxlamırlar və ya zalda oturan jurnalistlərin ağızlarında maska olduğu halda, çıxışçılar niyə maskaszıdırlar. Bu, onların təşkilatçılıqlarına bağlı bir məsələdir. Məni maraqlandıran başqa amildir: iki aya yaxındır ki, günaşırı Operativ Qərargahın dəvət etdiyi vəzifəlilər brifinqə çıxırlar, hamısı eyni səliqədə, üz-baş da öz yerində. Yaxşı, ölkədə iki aya yaxındır ki, bərbərlər işləmir, bəs bu adamlar necə edirlər ki, saçları çıxmır, necə varsa, elə də qalır? Yəni onlar karantin qaydalarını pozaraq, evə bərbər çağırırlar?

 

Yox! Ola bilməz! Onlar belə etməzlər! Etsələr, gərək həm onlar, həm də o riskə getmiş bərbərlər 100 manat cərimə olunsunlar. Əgər etməzlərsə, yəqin, onda bu da bir karantin möcüzəsidir ki, brifinqdə çıxış edənlərin saçlarının uzanması da karantin dövrü üçün təxirə salınıb. Amma, nəyə görəsə, bu möcüzə ancaq onların başına gəlir…

Müəllif: Yoldaş Mircəfər