Baş İdarədən “polis işçisinin şok səs yazısı yayıldı” xəbərinə sərt reaksiya

Cəmiyyət

26.07.2019 - 16:43

“Bu məlumat, polis orqanları ilə hər hansı bir dəqiqləşdirmə aparmadan, reallığa uyğun olmayan, qərəzli məlumatların yayılmasına səbəb olub”

 

“Sosial şəbəkələrdə və bəzi xəbər saytlarında “polis işçisinin şok səs yazısı yayıldı” sərlövhəli yazıda iddia olunan məlumatlar, videogörüntülər absurd xarakter daşıyır. Bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılaraq, orada adı çəkilən şəxslərin kimliyi və fəaliyyəti öyrənilib”.

 

Bu barədə AYNA-ya Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlama verib. Onun sözlərinə görə, müəyyən olunub ki, orada adı çəkilən, yaxud səs yazısı olduğu iddia olunan şəxs - bölgə rayonlarından birinin polis şöbəsində polis nəfəri olmuş Lətif Hacıyev 2013-cü ildə daxili işlər orqanlarından xaric olunub.

 

“Bu məlumat, polis orqanları ilə hər hansı bir dəqiqləşdirmə aparmadan, reallığa uyğun olmayan, qərəzli məlumatların yayılmasına səbəb olub. Qeyd olunanlardan xəbərsiz olan şəxslərin sosial media platformalarında polisin ünvanına söylədiyi fikirlər tamamilə həqiqətdən uzaqdır, faktlar dəlil-sübutlara əsaslanmır”, - BŞBPİ sözçüsü vurğulayıb.

 

“Deyilənləri nəzərə alaraq, sosial şəbəkə istifadçilərinə, mətbuat nümayəndələrinə tövsiyə edirik ki, polisin adı hallanan məlumatları hazırlayarkən, dəqiqləşdirmə aparmadan sensasiya naminə, həqiqətə uyğun olmayan, ictimai rəyi çaşdırmaq məqsədi daşıyan məlumatları yaymasınlar”, - o, əlavə edib.

 

Qeyd edək ki, bu gün polis əməkdaşı olduğu deyilən Hacıyev Lətif Həbib oğlunun dələduzluq əməlini əks etdirən səs yazısı yayılıb. Bu barədə öz sosial şəbəkə hesabında “Hot Room” adlı gecə klubunun sahibi Rövşən Süleymanzadə paylaşım edib. Səs yazısında qeyri-etik ifadələr yer aldığı üçün təqdim etmirik.

Müəllif: Ayna.az