Onu bağışlamaq olarmı: ax, Bağırzadə, ax! - VİDEO

Cəmiyyət

21.05.2022 - 19:18

Onsuz da hər kəs bir az şeytan, bir az da qəddardır

“Səni öldürmərəm, yaralayıb buraxaram. Bir ömür o izi gördükcə ölüb-dirilərsən”.

Razılaşmaq lazımdır ki, çox qəddar fikirdir. Bu fikri harada eşitmişəm, bilmirəm, amma bütün hallarda qanunun oxuduğu hökmlə razılaşa bilməmişəmsə, düşünmüşəm ki, elə bu cür qisas almaq olar.

Düzdür, olmağına olar, amma həmişə də dua edirəm ki, İlahi qüvvə bütün yaxşıları bu cür qaralmaqdan, dumanlanmaqdan qorusun. Çünki heç kəs asan şəkildə bu qədər qəddarlaşa bilməz. İnsan nə qədər hikkəli ola, ciyəri yana ki, birisinə bu cür dağ çəkməyi düşünə?! Yəqin ki, bunu yaşamadan təsəvvür etmək olmaz.

Bəhram Bağırzadənin “Tiktok”da paylaşdığı videonu görəndə beynimdə bu cümlə şimşək kimi çaxdı. Səfil həyat tərzi keçirdiyi iddia edilən bir əlilin həmin videogörüntüsünü izlədikcə, qəlbimdə bütün insani hisslər bir anda ona qarşı üsyan etdi.

Gözüm önündə COVID-19-un təzə yayıldığı, elə Bəhramın virusa yoluxub komaya düşdüyü barədə xəbərlər canlandı. Mətbuatımızın onun səhhətindəki hər dəyişikliyi, hər irəliləyişi xəbər edib verməsini xatırladım. Adama qarşı simpatiyası olmayan, tanımayanlar da var idisə, elə həmin vaxt tanıdı, sağlaması üçün dua etdi.

Amma yəqin ki, indidən sonra yaddaşlarda bir də belə qalacaq: Məzlum birisini küncə sıxışdırıb “Sənə qurban olum, belə şey eləmə. Bəhram müəllim, sənə qurban olum...” dedirtdiyi səsi, səsindəki o laqeydliyi, qəddarlığı ilə.

İndi “Tiktok” barədə mübaliğəsiz demək mümkündür ki, çoxunun başını xarab edib. Kimi çəkdiyi bayağı videolara pul qazanmaq məcburiyyətində olması ilə haqq qazandırır, kimi ümumiyyətlə, şöhrət yolunda hər şeyin mübah olduğunu deyib əməli ilə qürur duyur, kimi də Bəhram Bağırzadə kimi pula və şöhrətə ehtiyacı olmadığı halda belə, insanların əsəblərini korlamaq, ürəklərində ikrah hissi qaldırmaq bahasına gündəmdə qalmaq istəyir.

Mətbuatdan oxudum ki, Bağırzadəyə açıqlama üçün zəng ediblər. Amma adam danışmaq istəməyib. Yəqin edib ki, jurnalistlərin sualını hansı səmtə çevirsən də, məzmun belə olaraq qalacaq: “Bəhram Bağırzadə, oturub-duranda köhnə Bakıdan, böyüyə-kiçiyə hörmətdən danışırdın. İndi yekə kişisən, o videonu çəkəndə heç ani də olsa, bircə dəfə həmin məzlumun gözünün içinə baxdınmı? Oradakı ağrının ağırlığını duydunmu, yoxsa COVID-19 virusunu “öldürəndə” bunu duyacaq hisslərini də öldürüblər? Ya bəlkə biz bilmirdik, sən elə əvvəldən belə idin?

Bilmirdik demişkən, Bağırzadəni zirvəyə qaldıranlar həmin videodan sonra başlarına çırpdıqları daşın birini Güneydən götürürlər, birini Quzeydən... Çoxuna indi aydın olub ki, kimisə populyarlaşdırmaq, dağ başına qoymaq lazım deyilmiş. Bayağı zarafatları ilə güldürməyə çalışdığı, yeri gələndə bütün ədası ilə xor baxdıqlarının gülüşləri bu videodan sonra üzündə donub.

Ax, Bağırzadə, ax! Sənə indi dəstək çıxsa-çıxsa, elə o heyranlıq duyduğun, bu videoda dilini başa düşməyən rusdillilər olar. Yoxsa damarında azərbaycanlı qanı axan, Azərbaycan dilində ana laylasına yatmış adamlar səni bağışlamaz, şirin ana dilində eşitdiyi o ana laylasının burnundan gəlməyindən qorxar. Çünki biz çox emosional, həssas, duyğularımızı ən dərinlərdən yaşayan xalqıq.

Bir də deməsəm, olmaz. Səni belə qəddarlaşdıran da yəqin xor görülməyin olub. Nə qədər tanınsan da, kimlər üçün xüsusi dəyərə sahib olsan da, məzlumu yalvardacaq qədər qəddarlaşmağın, heç şübhəsiz ki, yaşadığın travmaların, rədd edilmələrin nəticəsidir. Əslində bu, sənin üçün, bəlkə də, çox yaxşı bəhanədir...

Get bir psixoloqdan növbə götür, özünə diaqnoz qoydur. Bütün məzlumların canına and verdir ki, sənə ağır travmatik vəziyyətdə olduğuna dair diaqnoz qoysun. Sonra o diaqnozu al əlinə, keç kamera qarşısına. Gözündə yalan-gerçək bir damla yaşla kövrəl ki, psixoloji vəziyyətim heç yerində deyil, o videonu çəkəndə də özümdə olmamışam.

Bilirsən də, biz unutqan və ürəyiyumşaq xalqıq. Bax o zaman səni az da olsa, bəlkə, bağışladıq. Yoxsa əvvəldə də dediyim kimi, sən ki necə o adamı yaralamısan, biz də səni sözlərimizlə yaralamaq istəyirik. Yəqin başa düşərsən, onsuz da hər kəs bir az şeytan, bir az da qəddardır.

 

Müəllif: Banu Çiçək