Onlayn təhsil və dövlətin borcu: Müəllim və şagirdlər texniki imkanlarla təmin edilməlidir

Cəmiyyət

30.11.2020 - 13:42

Hüquqşünas: “Dövlət onlayn təhsilə keçirsə, onlayn təhsil üçün şərait yaratmalıdır”

 

Təhsil eksperti: “Məktəblilər dəftər-kitabla təmin edildiyi kimi, kompüter və internetlə də təmin olunmalıdır”

 

Bu ilin mart ayından etibarən orta ümumtəhsil məktəblərində ənənəvi təhsil formasından məcburi olaraq distant formaya keçid edildi. Çünki tədris prossesinin davam etməsi, şagirdlər və müəllimlər arasında COCID-19 virusuna kəskin yoluxmaya səbəb ola bilərdi. Nəzərə alsaq ki, təhsil sistemi öz ətrafında iki milyondan çox insanı birləşdirir, ona görə də şagird və müəllimləri, həmçinin onların ailələrini riskə atmamaq üçün bu addım atıldı.

 

Elə təhsilin forması dəyişər-dəyişməz problemlər baş qaldırdı. Bəzi şagirdlərin onlayn dərslərə qoşulmaq üçün kompüter və planşetləri olmadı, bəzilərinin isə internet problemləri olduğundan dərslərdən geri qalmalı oldular. Təəssüf ki, yeni tədris ili başlamasına baxmayaraq, eyni problemlər hələ də qalmaqdadır. Valideynlərin əksəriyyəti pandemiya dövrünə görə işsiz qaldıqlarını və buna görə internet çəkdirə bilmədiklərini qeyd edirlər. Nəticədə övladlarının təhsil ala bilməməsindən narahatdırlar.

 

Bəs, çıxış yolu nədir? Öncə rəsmi cavab üçün müraciət etdiyimiz Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovdan cavab ala bilmədik.

Vəkil: Bakı Apellyasiya Məhkəməsindəki yenilik müsbət haldır

Hüquqşünas Elyar Həsənov isə AYNA-ya açıqlamasında deyib ki, pandemiya qəfil bizi yaxaladığı üçün qanunvericiliyimiz buna hazır deyildi: “Ona görə də onlayn təhsil də detallı tənzimlənə bilmədi. Bir onu deyə bilərəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına və “Təhsil haqqında” Qanuna görə, dövlət ödənişsiz orta təhsili təmin etməlidir. Dövlətin belə bir öhdəliyi var. Nazirlər Kabinetinin qərarına görə, dövlət onlayn təhsilə keçirsə, təbii ki, onlayn təhsil üçün şərait yaratmalıdır”.

 

“Amma təəssüflər olsun ki, dövlət müəssisələrində təhsil alan şagirdlər üçün onlayn təhsil şəraiti təmin edilmir. Bunun üçün böyük maliyyə və zaman lazımdır. Sadəcə COVID-19 virusuna görə onlayn təhsilə keçid olduğu üçün belə hallar baş verir”, - Həsənov bildirib.

 

Təhsil eksperti Kamran Əsədov da o fikirdədir ki, Azərbaycan təhsili distant təhsil sisteminə hazır deyildi. “Ona görə əvvəllər baş verən qüsurları başa düşmək olardı. Amma sentyabr ayına kimi Təhsil Nazirliyinin vaxtı var idi ki, distant təhsilə hazırlaşsın. Çünki onlar da yaxşı bilirdilər ki, ölkədə baş verən yoluxma sayı ilə, qismən bərpa olunan ənənəvi təhsil formasını uzun müddət saxlaya bilməyəcəklər və gec-tez yenidən oflayn sistemə keçməli olacaqlar. Çox təəssüflər olsun ki, biz mart ayından sonra alternativ təhsil formalarını hazırlamadıq”, - deyə o AYNA-ya sözyləyib.

Kamran Əsədov ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə ləğv olunan  ixtisaslardan yazıb – Tam siyahı

“Nəzərə alaq ki, bu gün 1.6 milyon şagirdin 1 milyonu regionlarda yaşayır. Təəssüflər olsun ki, regionlarda da internetin vəziyyəti heç də ürəkaçan deyil. Regionlarda heç şagirdlərdə kompüter və planşetlər belə, yoxdur. Amma bütün ailələrin evində televizor var. Məhz televizor vasitəsi ilə distant təhsil proqramı tətbiq edilsəydi, daha effektiv olardı. Amma bu gün “Mədəniyyət kanalı”nda dərslər nümayiş etdirilir. Bu da o deməkdir ki, bir sinifə həftə ərzində cəmi iki dərs düşür. Bu, çox azdır”, - o vurğulayıb.

 

Əsədovun sözlərinə görə, Azərbaycanda təhsil icbaridir və dövlət icbari təhsilin ödənişlərini öz üzərinə götürüb: “Bu, o deməkdir ki, dövlət icbari təhsili təmin etmək üçün bu təhsilə lazım olacaq resurslar ilə şagird və müəllimləri təmin etməlidir. Necə ki, 2004-cü ildən etibarən orta ümumtəhsil orta məktəblərində təhsil alan şagirdlərə təhsil üçün lazım olan kitablar verilir. Bu isə şagirdlərin hamısına təhsil imkanlarının yaradılması üçün önəmlidir. Bu gün də hər bir şagirdin distant təhsil alması üçün onlar bütün alətlər ilə təmin edilməlidir”.

 

“Prezident İlham Əliyevin 2003-cü ildən bəri imzaladığı bir neçə sərəncam nəticəsində Azərbaycanda hər 9 şagirdə bir kompüter düşürdü. Bu, kifayət qədər böyük rəqəmdir. Həmçinin, məktəblərə verilmiş planşetləri aztəminatlı ailələrə vermək olardı. Təəssüflər olsun ki, Təhsil Nazirliyi bu barədə heç bir addım atmadı. Həmçinin, böyük şirkətləri də bu məsələnin həllinə səfərbər etmək olardı. Daha sonra hər bir şagirdin fərqləndirici kodu olur. Onu “utis kod” adlandırırlar. Həmin kodu istifadə etməklə şagirdlər internetlə təmin olunmalı idilər. Təəssüflər olsun ki, bu məsəllər öz həllini tapmadı”, - ekspert əlavə edib.

Müəllif: Təranə Xudabaxşiyeva