Ona kim ixtiyar verib ki, başqalarına belə sual versin?

Mədəniyyət

02.10.2023 - 12:46

(Murakamini bəyənməyən “bir başqa” qadın yazar haqqında təvazökar oxucu qeydləri)

 “Yox!”

Sizdən səfeh olub-olmadığınızı soruşana başqa nə cavab verərdiniz ki?

“Yox” cavabı təbii reaksiyadır. Monteskyö demiş, insan dünyasında ən ədalətlə paylanmış nemət ağıldır; çünki heç kim öz ağlından gileylənmir.

Sonrakı addımda sualın müəllifinə qarşı kin də özünü büruzə verə bilər: “Bu adam özünü nə sayır, məni nə hesab edir? Ona kim ixtiyar verib ki, başqalarına belə sual versin?”

Daha sonra bu sual yarışmasının sözlü mübahisəyə, hətta insidentə çevrilməsi də istisna deyil.

Yazıçı-publisist, sosioloq Günel Natiqi tanımasaydım, müəllifi olduğu “Siz səfehsiniz?” adlı kitabı əlimə götürəndə anidən yuxarıda sadaladığım fikirlər mənim də ağlımdan keçə bilərdi. Sonradan haqqında əldə edəcəyim, özü də kifayət qədər əlçatan informasiya resurslarında olan məlumatlar - nə qazanmış olduğu titulları, ədəbi mükafatları (haqq etdiklərinin çox az bir qismi), nə də mənsubu olduğu ziyalı ailəsinin nüfuzu, görkəmli filoloq-tərcüməçi Natiq Səfərovun qızı olması faktoru onu “xilas edərdi”. Axı, fizik Rezerford demiş, ön mühakiməni dəyişmək atomu parçalamaqdan çətindir.

Söz yox, Günel Natiqin bu sualını görən, eşidən yeganə adam deyildim. Müəllif o sualı 2022-ci ilin nəşri olan kitabına ad seçməklə geniş auditoriyaya – həm qələminə bələd olan sadiq oxucularına, həm də onların sırasına yeni qatılanlara ünvanlayıb. Ancaq nə qədər çətin olsa da, belə vəziyyətdə ən vacib şərt özünü toparlayıb güzgüyə baxmağı bacarmaqdır. Bəlli ki, bəşəriyyətin yarısı səfehlərdən, digər yarısı da onlara gülənlərdən ibarətdir. Odur ki, mən də “işin içində iş var” deyib “o sehrli güzgüyə baxmağa” – müəllifin cəmiyyətdəki mənəvi problemlərlə bağlı qələmə aldığı, müxtəlif illərdə dövri mətbuatda dərc olunmuş məqalələrinin toplusunu oxumağa qərar verdim. Səfehlərdən, yoxsa, onlara gülənlərdən olduğumu, ya da “qızıl ortada” qərar tutduğumu, yainki tamam başqa bir müstəviyə aid olduğumu müəyyənləşdirmək üçün.

Kitabda cəmlənmiş məqalələrdə daha çox qadın hüquqlarından, cəhalətin törətdiyi fəsadlardan, əzilmiş, hüququ tapdalanmış insanların dramından bəhs edilir. Günel Natiq yazılarında ahıl yaşında əkiz doğan qadını da qınayır, xoşbəxt etməyəcəkləri uşaqları dünyaya gətirən valideynləri də. Qadın işçilərinə seksual obyekt kimi baxan müdirləri də “linç edir”, dul və boşanmış qadınlarla evlənməyə tərəddüd edən, onları “təhlükəli” sayan kişiləri də. Qızları “fırladıb” atmaqdan həzz alan oğlanlara da nifrət edir, ikiarvadlı kişilərə də. Özünü feminist hesab edən bəzi qızların ictimai məkanlarda mədəni görünməyə çalışdıqları halda, məhrəm məclislərdə kişilər kimi söyüş ifadələri işlətməsinin əleyhinə çıxır. “Balaş sindromu”ndan əziyyət çəkən, Azərbaycan qadınını bəyənməyən kişilərə ilk növbədə dəyişikliyə özlərindən başlamağı məsləhət görür. Bir vaxtlar bacısını daşa-divarlara, sosial şəbəkələrə qısqanan, özü ailə-uşaq sahibi olandan sonra isə maddi köməyə ehtiyaclı bacısına arxa çevirən qardaşların da əxlaqını naqis sayır. Müəllif bu fikrində də haqlıdır ki, əxlaqı müəyyənləşdirən kodlar bizim öz içimizdədir: “Sosial şəbəkələr bizi dəyişdirməz, əsl simamızı, əsl əxlaqımızı üzə çıxara bilər”.

Günel Natiqin publisistikası hamı tərəfindən anlaşıqlı, aydın olmaqla, həm təsviri, həm də analitik səciyyə daşıyır. Müəllif ortaya qoyduğu arqumentləri qüvvətə yüksəltmək üçün öz həyati müşahidələrindən, görüb-götürdüklərindən misallar çəkdiyi kimi, görkəmli şəxsiyyətlərin həyat hekayələrinə, məşhur filosoflara, psixoloqlara, yazıçılara da istinad edir, onların əsərlərinin personajlarının konkret situasiyalarda davranışlarını yada salır, cəmiyyətimizin tipajları ilə müqayisələr aparır. Bu da müəllifin geniş dünyagörüşünün, bol mütaliəsinin, fikir və söz arsenalının zənginliyinin göstəricisidir.

Günel Natiqin fikrincə, qadının olduğu hər yerdə seksual təzyiqə məruz qalma problemi var: “...Mentalitetə sığınmaq və ondan kömək istəmək mənasızdır. Mental dəyərlər qadınlarımızı qınayacaq, tənə edəcək, utandıracaq, ancaq qoruya bilməyəcək. Uzaq başı “qadın necə olmalıdır” mövzusunda “məruzələr” oxunacaq. Amma bu, zərərçəkmiş qadına çarə olmayacaq... Qadına eləmədiyi günahların məsuliyyətini yükləmək cəmiyyətə sərf edir. Çünki bu ən asan və sadə yoldur”.

Müəllif bədii əsərlərdə böyük şövqlə işlədilən “bir üzü qız, bir üzü gəlin”, “saçının birini ağ hördü, birini qara” kimi deyimlərdə ehtiva olunan, əsrlərdən bəri daşlaşmış mental dəyərlərimizin irəli sürdüyü “qanunlara” qarşı çıxır: “Bizdə adətən belə qəbul edilib ki, dul qadın ölənə qədər ərinə yas saxlamalı, qadınlığını unutmalıdır... Azərbaycan qadını ərindən sonra qadınlığını içində dəfn etməli, kişi xislətinə sahib olmalı, övladlarının arxasında özü təkbaşına durmalıdır. Nədənsə bu vaxt heç kimin ağlına gəlmir ki, bu zavallı qadın adətən pafosla vəsf edilən “zərif cinsin nümayəndəsi”dir”.

Hörmətli oxucu elə düşünməsin ki, Günel Natiq hər vəchlə yalnız həmcinslərinin haqq və hüquqlarının müdafiəçisi qismində çıxış edir. Onun sosioloji araşdırmaları çoxşaxəlidir. Bu araşdırmalar məişətdə meşşanlığın, xudpəsəndliyin tənqidindən tutmuş bioetikanın ziddiyyətli məsələlərinə qədər, cəmiyyətin şöhrətpərəstlik, mükafatbazlıq şakərindən tutmuş intihar xəbərindən zövq alan enerji vampirlərinə qədər... geniş sferanı əhatə edir. Müəllif sülhü qadın, kişini isə müharibə kimi təsəvvür etsə də, razılaşır ki, qadınlar da sözlə müharibə aparırlar: “Heç atom bombası da sözün verdiyi effekti verə bilməz. Hələ dedi-qodunun təsir gücünü demirəm... Qadınların yerli-yersiz bir-biriylə rəqabət aparmaq cəhdlərini də deyək. Dövlətlər bir-biri ilə elə müharibə aparmır! Odur ki, qadından kompliment gözləmək absurddur. Qadınlar bir-birinə kompliment deyəndə də xüsusi eyham vururlar”.

Sözsüz ki, oxucunun müəlliflə razılaşmayacağı məqamlar da az olmayacaq. Heç də “oxucu” deyəndə “Siz səfehsiniz?” sualından “cinlənəcək” şəxsləri nəzərdə tutmuram. Elələrinin kitab oxumağa deyil, olsa-olsa, öz səviyyələrinə uyğun meyxana dinləməyə, qısa, bayağı “Tik-Tok” paylaşımlarını izləməyə  hövsələləri çatar. Bu sətirlərin müəllifini də kitabda qane etməyən nüanslar vardır. Məsələn, Günel Natiq özünün belə bir fikri ilə oxucunu da razılaşmağa dəvət edir ki, kişilər qadınlar kimi dəlicəsinə sevməyə qadir deyillər. Bu qənaətini “əsaslandırmaq” üçün belə bir misal çəkir: “Heç bir kişi yaraşıqlı olmaq üçün bu qədər vaxt və pul sərf etməz; saçları qaynaq edənlər, kiprik qoyanlar, silikon əməliyyatına tab gətirənlər, üzlərini tarım çəkdirib mimikalarını itirənlər, arıqlamaq həsrətiylə ac-susuz yaşayanlar... Bunlar qadınlardır! Razılaşın ki, heç bir kişi öz sevgilisi üçün belə bir əzaba tab gətirməz”.

Bu arqumentləri yetərli saymamaq üçün əks-arqumentlər də var: Əvvəla, qadınlarda bəzənib-düzənmək istəyi fitridir, az qala uşaqlıqdan özünü büruzə verməyə başlayır, oğlan uşaqlarının dava-dava oynaması kimi. İkincisi, qadınlar tapdıqları sevgilinin xoşuna gəlmək üçün bəzəndikləri kimi, hələ rast gəlmədikləri sevgini tapmaq naminə də, hətta öz həmcinslərini qısqandırmaq üçün belə xarici görkəmlərinə aşırı dərəcədə diqqət ayırmaqla qayğılana bilirlər. Ən nəhayət, eyni prizmadan yanaşanda kişilərin cüssəli görünmək naminə idman zalında tər tökmələrini, aylar çəkən ağır məşqlər, bahalı hormon həbləri qəbul etmək hesabına əzələlərini şişirtmələrini də əks cinsin diqqətini çəkmək üçün etdiklərini söyləmək olar ki, bu da az vaxt, enerji, pul tələb etmir.

Kitaba Ön Söz yazmış jurnalist Oğuz Ayvaz müəllifi “bir başqa qadın” kimi təqdim etməkdə haqlıdır: “Zənnimcə, Günel Natiq gündəlik qarşılaşdığımız situasiyalara, hər hansısa bir ağrılı yerimizə qadın ətri səpib. Və bu qadın ətri o yazılara ayrı bir rəng əlavə edib...” Oxuduqca mən də buna bir daha əmin oldum. Qeyd edim ki, ilk dəfə Ön Söz yazdığını etiraf edən Oğuz Ayvazın təqdimatı çox uğurlu alınmış, xanım yazarı narahat edən bəşəri və milli problemləri dürüst müəyyənləşdirmişdir: “O, əlində məşəl “insan kimdir” sualına cavab axtarır. İnsanı tanımaq qorxulu və ürküdücüdür. Müəllif isə bu çətin yola rahat, əlini-qolunu sallaya-sallaya daxil olur”.

Həqiqətən də, Günel Natiq bir ziyalı kimi, sosioloq kimi, yazar kimi, qadın kimi öz zərif çiyinlərini böyük yük altına verib. Şübhəsiz, hələ deyəcəyi sözlər, toxunacağı mövzular çoxdur. Amma dəqiq bilirəm ki, əsərlərinin dəyəri “şişirdilmiş” yazıçılardan, şairlərdən fərqli olaraq, onun dilə gətirməkdən qorxduğu həqiqət, tanımaqdan hürkdüyü insan yoxdur. Yeri gəlmişkən, Günel Natiq özü müsahibələrində sevmədiyi qələm adamlarının adlarını sadalamaqdan çəkinmir. Məsələn, onun nöqteyi-nəzərincə, dəfələrlə ədəbiyyat üzrə Nobel mükafatına namizədliyi irəli sürülmüş yapon yazıçı Haruki Murakaminin əsərləri çox bəsitdir. Bəlkə də Murakamini elə yapon ədəbiyyatının Tosio Udo kimi korifeyləri ilə müqayisə edərək bu nəticəyə gəlib. Bəlkə də Murakaminin Udodan fərqli olaraq bəxti onda gətirməyib ki, onun əsərlərini Azərbaycan oxucusuna tərcüməçi Natiq Səfərov təqdim etməyib. 

Günel Natiqin oxucusuna təəccüblü gələ bilər ki, dünyanın, bəşəriyyətin, cəmiyyətin çözülməsi çətin, hətta mümkünsüz görünən problemləri üzərində baş sındırmaq sanki bu qadına qalıb. Lakin Günel Natiq həmkarı Oğuz Ayvaz demişkən, Bir Başqa Qadındır, üzərinə götürdüyü vəzifələrin öhdəsindən gələcək qədər güclüdür, düşünəndir və olduqca nikbindir. Mən o kitabı oxuyub-bitirəndən, müəlliflə qiyabi fikir mübadiləsi aparandan, hətta qiyabi mübahisə edəndən sonra yenidən vərəqləyib bu sətirlərinin üstündə dayandım və pozitiv əhval bəxş edən nikbinliyinə şərik olmağa çalışdım: “Həyat gözəldir, çünki bu həyatda yaşıl-yaşıl otlar, dəniz, günəş, insan var. Yazda ağacların qəribə bir sehrlə puçurlaması və dünyamıza bahar gətirməsi var... Qışda qarın, payızda yağışın yağmasını seyr etmək kimi kiçik və böyük sevinclər var... Həyat gözəldir. Çünki hər gün getdiyimiz yolların geri dönüşü və doğmalarımıza qovuşmaq var. Bunun sevincini yaşamaq var... Bəzən yoruluruq, hər şeydən usanırıq. Dərk etmək ağır və ağrılı olur. Hər birimizin həyatında elə bir an olur... O anda həmin kiçik, amma üzümüzə sehrli təbəssüm qonduran o sevinci düşünün. O sevinc ki, bəlkə də hissiyyatsız adamlara əhəmiyyətsiz görünə bilərdi, amma sənə necə böyük xoşbəxtlik və həyəcan gətirmişdi. O sevinclər səni tərk etməyib, onlar yenə sənin içindədir və sənin kiçik kəşfini gözləyir... Sadəcə onları görə bilmək üçün bir cəhd et. Daha bir cəhd. Bəlkə də görəcəksən ki, əslində yaşamaq gözəldir. Və hətta günəş də yalnız sənə gülümsəyir...”

Pünhan Şükür

Müəllif: Ayna.az