Ölüm axtarışında və ya “köhnə borcu” axmaqcasına ödəməyə tələsməyin

Cəmiyyət

16.09.2021 - 14:21

“Bəli, insan ölümlüdür, amma bu, dərdin yarısıdır.

Pis odur ki, bəzən insan qəfildən ölümcül olur

Mixail Bulqakov

Tvardovskini xatırlayırsınızmı? “Ölüm ölümdür. Hamımız onun qocalanda gəlişini gözləyirik...”. Amma ölüm də var, ölüm də. Bu dünyadan getməyin bir çox yolu var. Bəziləri tamamilə ağlasığmazdır. Və əgər Rəbb bəşər övladına bu məsələdə də bir seçim versəydi, heç bir şübhə yoxdur - Adəm övladları kreativlik edər, əvvəllər tətbiq olunanlara bir çox tamamilə yeni variantlar əlavə edərdilər. Lakin, necə deyərlər, insan ehtimal edir, Allah qərar verir. Və nə qədər insan ölümü qocalıqla birgə gözləsə də, bəzən və bəlkə də tez-tez ölüm gözlənilmədən gəlir.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu ilin səkkiz ayı ərzində Azərbaycan ərazisində baş verən yol qəzalarının 41%-i piyadaların vurulmasıdır. Piyadaların iştirakı ilə baş verən qəzalar nəticəsində 190 nəfər ölüb, 267 nəfər yaralanıb. Bakıda qeydə alınan qəzaların yarısından çoxu, yəni 56,4%-i piyadaların iştirakı ilə olan qəzalarıdır. Bu hadisələr nəticəsində 80 nəfər ölüb, 107 nəfər yaralanıb.

Və indi diqqət: ümumiyyətlə, bu kateqoriyadakı qəzaların 90%-dən çoxu (!) piyada keçidləri xaricində baş verib. Bu, nə deməkdir?

Yadımdadır, Sovet filmlərinin birində belə bir epizod vardı. Nəhəng bir daş üzərində rahat oturan basmaç canfəşanlıqla xəncərlə bir şeyi qazıyır. Ağ Qvardiya zabiti soruşur: nə edirsən? Basmaç ona əlindəki qumbaranı göstərərək, etinasızlıqla cavab verir: “tütün qabı düzəltmək istəyirəm. Zabit qorxu iləaxı, indi partlayacaq deyir! Ancaq basmaç tamamilə sakitdir, çünki dəhşətli bir arqumenti var: Yaxşı, qoy olsun! Məndə bundan yenə də var...”.

Deməli, bəzi həmvətənlərimizin düşünülməmiş şəkildə intensiv avtomobil yollarında və sürətli avtobanlarda özlərini avtomobilin təkərlərinin altına atması, həmin basmaçın zehni qabiliyyətləri ilə, demək olar ki, eynidir. Amma sonuncu savadsız idi və hətta yüz il əvvəl yaşamışdı. Axı, bizi - 21-ci əsrin sakinlərini ondan nəsə fərqləndirməlidir! Axı, müasirimiz həyatında ən az bir dəfə yüksək sürət, əyləc məsafəsi, insan faktoru haqqında eşitməli idi!

Görünür, ya əksəriyyət fizika dərslərinə getməyib, ya da yoluxucu xəstəliklər haqqında həkim rəyi alaraq, evdə qalıb. Amma fakt qaktlığında qalır – nəticə çox acınacaqlı və faciəlidir. Və bütün bunlarda ən paradoksal və sağlam düşüncə ilə uyğun gəlməyən adım sürücüləri bu cür qəzalara görə məsuliyyətə cəlb etməkdir.

Təəssüf ki, cəmiyyətdə belə bir qəti inam formalaşıb: əgər qəza nəticəsində piyada ölürsə, sürücünün həbsdən qaçması mümkün deyil. Yaralı olarsa, sürücü müalicənin pulunu ödəməli, hətta səhlənkar vətəndaşın ailəsinə və dostlarına barışığa getmələri üçün yalvarmalıdır. Və istintaq da onun başını tumarlamayacaq.

Və eyni zamanda, baş verən hadisənin şərtlərinin heç bir əhəmiyyəti yoxdur: piyadanın içki içərək, sərxoş olub-olmaması, sürət həddinin 120 km/saat olduğu avtomobil yolunda gecəyarısı qaçıb-qaçmaması, dostu ilə mübahisə etdikdən sonra özünü sürətlə gələn maşınının təkərləri altına atması... İstənilən halda sürücü günahkardır.

Amma bu, bir inancdır. Bəs qanun nə deyir? Əslində, bir piyadanın ölümündə və ya yaralanmasında piyada özü günahkardırsa, sürücü heç bir məsuliyyət daşımamalıdır. Amma çox vaxt sürücülər müxtəlif səbəblərdən günahsız olduqlarını sübut edə bilmirlər. Bəzən diqqətsizliklərindən və qanunları bilməmələrindən, bəzən də tamamilə onlardan asılı olmadan yaranan vəziyyətlər səbəbindən.

Söhbət ehtiyatsız piyadalardan getdiyindən, diqqətinizi bir məsələyə də cəlb etmək istərdim. Yolun hərəkət hissəsini müntəzəm olaraq yalnız "zebra keçidi" ilə keçənlərin bəziləri də yol hərəkətinin əsas qaydalarını bilmir və həyatlarını ciddi təhlükə qarşısında qoyurlar. Sadəcə bilmirlər ki, işıqforla tənzimlənən kəsişmələrdə yolun kənarına çıxmaq və "zebra" boyunca yalnız yaşıl işıqda hərəkətə başlamaq olar! Nəticədə sürücülər hər iki tərəfə baxmalıdırlar ki, Allah qorusun, belə çevik vətəndaş təkərlərin altına düşməsin. Sonra gəl, nə baş verdiyini sübut et.

Albert Eynişteyn bir dəfə demişdi: "Ölümə köhnə, amma gec-tez ödənilməli olan bir borc kimi baxmağı öyrəndim".  

Əlbəttə ki, bu borcu ödəməlisən. Bəs borcverən sizi heç bir şəkildə tələsdirmirsə, siz niyə tələsirsiniz? Bu borcu mümkün qədər gec ödəməyə çalışmaq lazımdır. Yaxşı, tutaq ki, öz həyatınızı məhv edirsiniz. Əlbəttə, heyifdir, ancaq məsələ bununla bitməyəcək axı. Ən azı bir insanı, bəlkə də bir neçə ailəni bədbəxt edə bilərsiniz. Odur ki, bu "köhnə borcu" bu qədər axmaqcasına və heç bir mənası olmadan, ödəməyə tələsməyin. Həyat adama bir dəfə verilir!

Müəllif: Vüsal Əliyev