Türkiyə səfirliyindən insanlıq dərsi, yerli icra hakimiyyətindən isə əcaib ittiham

Cəmiyyət

18.11.2019 - 19:54

Ümid edirik ki, aidiyyəti qurumlar, o cümlədən imkanlı şəxslər bu ailənin səsinə səs verəcəklər

 

Bir müddət öncə Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Qaradağ Sement Zavodunun (HOLCİM) yanında, körpünün altındakı idarə binasında, olduqca ağır vəziyyətdə yaşayan Əliosmanovlar ailəsi haqqında məlumat vermişdik.

 

Bildirmişdik ki, ailənin böyük oğlu, 14 yaşlı Xəzər Əliosmanov çox ağır xəstəlikdən - miopatiya(əzələlərinin distrofiyası)dan əziyyət çəkir. Ailəsi Xəzəri uzun müddət müalicə etdirsə də, bir neçə ildir ki, maddi imkanları olmadığından onu həkimə apara bilmirlər.

Ailə haqqında yazımız yayımlandıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qaradağ rayon şöbəsinin nümayəndəsi dərhal onlara baş çəkdi. Əliosmanovlar ailəsinin elə bu aydan sosial müavinət alması üçün işə başlanıldı.

Bunun ardınca isə səsimizə Türkiyənin Azərbaycandakı Səfirliyinin əməkdaşları səs verdilər. Səfirliyin mətbuat müşaviri Hüseyn Altınala Xəzərin əlil arabası ilə təmin edilməsinə şərait yaratdı. Bu gün səfirliyin əməkdaşları bizimlə birlikdə Əliosmanovlar ailəsinin ziyarətinə getdilər. Həmçinin Xəzər üçün alınmış arabanı ona təqdim etdilər.

Qeyd edək ki, Xəzərin fiziki imkanları məhduddur, gəzə bilmir. Ancaq buna baxmayaraq, anası onu təhsildən yayındırmayıb. Distant təhsil alan Xəzərin, həmçinin çox gözəl rəssamlıq qabiliyyəti var. O, heç bir rəsm kursuna getməsə də, bir-birindən maraqlı şəkillər çəkir. Bu yaxınlarda Xəzərin təhsil aldığı məktəbdə rəsm sərgisi də keçiriləcək.

Xəzər həm də Vətən, Türk, Bozqurd, Turan sevdalısıdır. Bu, onun çəkdiyi rəsmlərdə də açıq-aşkar hiss olunur. Balaca rəssam çəkdiyi belə rəsmlərdən birini – Türkiyə ordusunun Afrin əməliyyatını əks etdirən rəsmini Türkiyə Səfirliyinə hədiyyə verdi. O cümlədən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yazdığı məktubu, ünvanına çatması üçün səfirliyin mətbuat müşaviri Hüseyn bəyə əmanət etdi. Eyni zamanda, hazırda Suriyada terror təşkilatları ilə mübarizə aparan Türkiyə ordusuna əsgər salamı göndərdi.

Bir daha bildirək ki, Əliosmanovlar ailəsi olduqca ağır vəziyyətdə yaşayır. Beş nəfərdən ibarət olan ailə nazik taxta parçalarından quraşdırılmış evdə məskunlaşıb. Həmçinin mətbəx, ayaqyolu da həmin otaqda yerləşir. Daha dəqiq desək, otağın bir küncündə ayaqyolu düzəldiblər, aranı isə pərdəylə kəsiblər.  

Evin xanımı Nəibə Əliosmanovanın dediyinə görə, illərdir Qaradağ Rayon İcra Hakimiyyətində torpaq növbəsində olsalar da, hələ də torpaq ala bilmirlər. Bununla əlaqədar olaraq noyabrın 8-də AYNA redaksiyası adından da Qaradağ Rayon İcra Hakimiyyətinə məktub unvanladıq. Təəssüflər olsun ki, üzərindən 10 gündən artıq vaxt keçməsinə baxmayaraq, məktubumuza hələ də cavab verilməyib.

 

Məktubumuza cavab ala bilmədiyimizə görə, Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) ilə əlaqə saxlamağa çalışdıq. Mediadan olduğumuzu bildirəndə bizi RİH-in Munis Bayramov adlı əməkdaşına yönəltdilər. Təəssüflər olsun ki, M.Bayramov müraciətimizə aqressiv şəkildə reaksiya verdi. O, rayon icra hakimiyyətinin torpaq məsələlərinə baxmadığını deyərək, əvvəlcə ailəni, daha sonra isə bizi bu məsələdə hansısa şəxsi marağımızın olmasında ittiham etdi. Təkidli israrlarımıza baxmayaraq, ümumiyyətlə bu məsələnin onun səlahiyyətində olmadığını deyib, kobud şəkildə bizi təhqir edərək dəstəyi üzümüzə asdı. Sonrakı zənglərimizə isə, ümumiyyətlə cavab vermədi.

Ümid edirik ki, aidiyyəti qurumlar, o cümlədən imkanlı şəxslər Əliosmanovlar ailəsinin səsinə səs verəcək. Ailənin normal şəkildə yaşaya bilməsi üçün əllərindən gələni edəcəklər. Ən azı ailədə böyüyən digər iki oğlan övladının xəstəlik tapmaması üçün səsimizə səs verəcəklər.

Müəllif: Rumiyyə Miraslan