Deputatların təklifləri aqressiya ilə qarşılanır: <font color=red> Bu, nə canfəşanlıqdır belə?!</font>

Cəmiyyət

24.12.2019 - 10:16

"Hadı Rəcəbli bir vaxtlar, “müəllim qazana bilmirsə, gedib fəhləlik etsin” deyəndə  Qüdrət Həsənquliyev susmuşdu"

 

Bir neçə gün öncə Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən "Yeni imtahan modeli: islahatlar, nəticələr, gözləntilər" mövzusunda konfrans keçirildi. Konfransda ölkəmizdə tətbiq olunan yeni imtahan modeli ilə bağlı STM-in hazırladığı analitik hesabat təqdim olundu. Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbərlərinin də iştirak etdiyi təbdirdə, həmçinin iştirakçılar tərəfindən təhsillə bağlı müəyyən təkliflər, tövsiyyələr səsləndirildi.

 

Məsələn, deputat Qüdrət Həsənquliyev təklif etdi ki, repetitorluğun aradan qaldırılması məqsədilə müəllimlərin əməkhaqları artırılmalıdır. Həmçinin ali məktəbəblərə keçirilən imtahanlarda abituriyentlərin bir neçə fəndən yox, bütün fənlərdən imtahan verməsini məqbul hesab etdiyini bildirdi. Ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin aşağı olduğunu vurğulayan deputat, ali məktəblərin buraxılış imtahanlarının da Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilməsini təklif etdi.

 

Deputat Elxan Süleymanov isə 65 yaşını tamamlamış məktəb direktorlarının işdən çıxarılmasını doğru hesab etmədiyini bildirdi.

 

Maraqlıdır, millət vəkillərinin səsləndirdikləri bu təkliflər nə qədər real görünür, həmçinin təhsil sahəsində mövcud problemlərin aradan qaldırılmasında nə dərəcədə effektiv olar? Suallarımıza ekspertlərlə AYNA tutmağa çalışdıq.

 

Sözügedən konfransda iştirak etmiş təhsil eksperti Elçin Əfəndi hesab edir ki, millət vəkillərinin təklifləri daha çox növbədənkənar parlament seçkiləri uğrunda təbliğat kampaniyasına bənzəyirdi: “Həmin tədbirdə iki millət vəkili növbəti dəfə Milli Məclisə düşmək üçün, necə deyərlər, dəridən-qabıqdan çıxıb fikir bildirməyə can atırdı. Amma fikirləri başdan-ayağa pafosdan ibarət idi, reallıqla ayaqlaşmırdı”.

Картинки по запросу elçin əfəndi

“Məsələn, Qüdrət Həsənquliyev deyir ki, "buraxılış imtahanlarına bütün fənlər salınmalıdır, qoy bütün qruplar ədəbiyyat, tarix haqqında nəsə bilsinlər". Bu, indiki dönəm üçün olduqca yanlış fikirdir. Mən hələ heç vaxt görmədim ki, hansısa cərrah əməliyyat zamanı "Məni candan usandırdı, cəfadan yar usanmazmı?" qəzəlini desin və ya pasienti tarixdən suallar atəşinə tutsun. Elxan Süleymanov isə deyir ki, "yaşı 65-i keçmiş direktorlara əl vurmayın, qoyun, işləsinlər". Baxın və görün ki, bizi kimlər harada təmsil edirlər”, - deyə ekspert bildirdi.

 

E.Əfəndi təhsil sahəsində həyata keçirilməli vacib islahatlardan da danışdı: “Əslində, deputatlar deməliydilər ki, gəlin buraxılış imtahanlarına, yəni ümumi qəbul imtahanlarında informatika fənnini əlavə edək. Bu dəqiqə İnformasiya Texnologiyaları (İT - red.) dünyada ən inkişaf edən sahədir. Həmçinin təklif olunmalı idi ki, "ölü" ixtisaslar ləğv olunsun. Çünki o ixtisasları bitirənlər Qüdrət müəllimin qabağına usta, fəhlə, “apalofka” quran qisimdə çıxırlar. “Ölü” ixtisaslara tələbat yoxdur və deputatlar da təklif etməliydilər ki, belə ixtisaslar ləğv edilsin, əvəzində yeni, müasir dövrün tələblərinə cavab verən ixtisaslar açılsın”.

 

“Müəllimlərin əməkhaqlarının artırılması nədənsə Qüdrət Həsənquliyevin indi yadına düşüb. Milli Məclisdə Hadı Rəcəbli bir vaxtlar, “müəllim qazana bilmirsə, gedib fəhləlik etsin” deyəndə  Qüdrət Həsənquliyev susmuşdu. İndi seçkiqabağı, deyəsən özünə xal qazanmaq istəyir”, - müsahibimiz vurğuladı.

 

Filologiya üzrə fəlsəfə doktoru, AMEA Folklor İnstitutunun aparcı elmi işçisi Əpoş Vəliyev isə əvvəlcə Dövlət İmtahan Mərkəzi tərəfindən aparılmış imtahanlarla bağlı keçirilən sorğuların nəticələrindən danışdı: “Doğrudur, uzun illərdir ki, Dövlət İmtahan Mərkəzi şəffaflığını qoruyan yeganə qurumlardandır. Qurumun apardığı bütün imtahanlar şəffaf keçirilir, heç bir vəzifəli şəxs həmin imtahanlara müdaxilə edə bilmir, imtahan zamanı baş verən hər hansı bir hadisə dərhal araşdırılır, hüquqi qiymət verilir. Amma imtahanlar nə qədər şəffaf aparılsa da, hazırda orta məktəbdə verilən təhsillə instituta qəbul olmaq qeyri-mümkündür. Bu gün repetitorluq, hazırlıq kursları ləğv edilsə, 100 abituriyentdən 2, ya da 3-ü orta məktəbdə öyrəndiyi biliklə instituta daxil ola bilər. Birinci sinif şagirdi repititor yanına gedirsə, hansı təhsil uğurlarından danışmaq olar?”

“Dərsliklərimizdə xeyli sayda qüsur var, dərsliklərin müəllifləri peşəkar deyil, dərsliklər yazıldıqdan sonra ekspertlər tərəfindən ciddi yoxlanılmır. Ona görə də yeni imtahan modellərinin, təhsil islahatlarının effektivliyi, nəticə verməsi üçün öncə orta məktəbdə tədrisin keyfiyyəti yüksəldilməli, dərsliklər mütəxəssislər tərəfindən yenidən hazırlanmalı, ekspertlər tərəfindən ciddi yoxlanıldıqdan, qüsurlar aradan qaldırıldıqdan sonra orta məktəblərə verilməlidir. Müəllimin əvvəlki hörmətinin qaytarılması da şərtdir. Təəssüflər olsun ki, bu haqda fikirlər səsləndirilmir, bu problemin həlli üçün təxirəsalınmaz tədbirlər görülmür”, - E.İslamoğlu qeyd etdi.

 

Həmsöhbətimiz deputatların təkliflərinə də münasibət bildirdi: “Tədbir zamanı diqqətçəkən məqamlardan biri bəzi deputatların canfəşanlığı idi. Sosial Tədqiqatlar Mərkəzinin daha öncə keçirilən tədbirində sona qədər zalda əyləşməyən, müxtəlif bəhanələrlə tədbiri tez tərk edən, ümumiyyətlə tədbirə gəlməyən deputatlar bu dəfə xüsusi fəallıq göstərir, söz alaraq çıxış etməyə çalışırdılar. Şamaxının deputatı Elxan Süleymanovun məktəblərdə “iPhone”ların əxlaqsızlıq yayması fikri gülməli idi. Milli Məclisdə səsini eşidə bilmədiyimiz deputatın, sən demə ürəyi sözlə doluymuş. 65 yaşa çatan məktəb direktorlarının işdən azad edilməməsini təklif edən deputatın çıxışından belə anlaşıldı ki, deyəsən, Elxan müəllim bu dəfə deputat seçilməsə, karyerasını məktəb direktoru kimi davam etdirmək istəyir”. 

 

“Deputat Qüdrət Həsənquliyev isə müəllimlərin maaşının yüksəldilməsini təklif etdi. Amma maraqlıdır ki, Qüdrət müəllim Milli Məclisin iclaslarında heç zaman müəllimlərin maaşının artırılması ilə bağlı fikir səsləndirməyib. Məncə, artıq pafoslu sözlərlə seçicini ələ almaq mümkün deyil. Xalq islahatları dəstəkləyir və Milli Məclisə növbəti seçkidə gənc, bacarıqlı, savadlı, xalqın qeydinə qalacaq deputatlar seçiləcəyinə inanır”, - deyə müsahibimiz vurğuladı.

Müəllif: Rumiyyə Miraslan