“Türkiyə bu müharibəyə başlamağa məcburdur”

“Türkiyə bu müharibəyə başlamağa məcburdur”

İlqar Vəlizadə: “Çox güman ki, Türkiyə Liviyaya qoşun yeridəcək və hərbi-siyasi vəziyyət xeyli dəyişəcək”

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yanvarın 7-də Türkiyə hərbçilərinin Liviyaya yerləşdirilməsi üçün hazırlanan qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edib. Bu hadisə və noyabrın 7-də isə Ankara ilə Tripoli arasında 2 vacib anlaşma memorandumunun imzalanması iki ölkə münasibətlərinin yeni mərhələyə qədəm qoymasından xəbər verir.

 

Liviya Milli Razılaşma Hökumətinin Daxili İşlər naziri Fəthi Başağanın, Tripolidə qarşıdurmaların gərginləşəcəyi halda Türkiyədən hərbi dəstək istəyəcəklərini açıqlaması da proseslərin bundan sonra necə cərəyan edəcəyini göstərir.

 

Maraqlıdır, hadisələrin gedişatı bundan sonra necə cərəyan edəcək? Türkiyə yeni “alovun” içərisinə atıla bilərmi?

 

Mövzunu AYNA-ya şərh edən politoloq İlqar Vəlizadənin sözlərinə görə, Türkiyənin Liviyada əməliyyat keçirmək istəməsi yeni hadisə deyil: “Türkiyə hərbçiləri Liviya ordusuna dəstək vermək və mülki şəxslərə hərbi təlimlər keçmək üçün uzun illərdir ki, Liviya hərbi bazalarında fəaliyyət göstərirlər. Lakin həmin təlimləri Türkiyə ordusu təkbaşına həyata keçmirdi, eyni zamanda Amerika ordusu da bu təlimlərdə iştirak edirdi. Hətta bu proseslərdə ABŞ-Türkiyə əməkdaşlığı da mövcud idi. Lakin son vəziyyət onu göstərdi ki, bu təlimlərə baxmayaraq, hökumət qüvvələri, mütəşəkkil qaydada silahlanmış Xəlifə Həftar yaraqlılarına qarşı duruş gətirə bilmir. Digər tərəfdən də, həmin əməliyyatlarda koordinasiya prosesi zəif gedirdi. Ona görə də iki ölkə arasında belə bir zərurət yarandı”.

Politoloq deyib ki, iki ölkə arasındakı münasibətlərin inkişaf etməsində Aralıq dənizi razılaşması da rol oynayıb: “Məlum olduğu kimi, Aralıq dənizində təbii qaz ehtiyyatları var. Bu ehtiyyatlara da sahib çıxan ölkələr var idi. Lakin həm Türkiyə, həm də Liviya hökuməti başa düşürdü ki, bir yerdə hərəkət etməsələr, təbii ehiyyatlardan məhrum ola bilərlər. Yəni siyasi və iqtisadi maraqlar onları birləşdirirdi. Hər iki ölkə başa düşürdü ki, Liviyada vəziyyət gərginləşəcəyi təqdirdə, Haftar qalib gələcək və Liviyaya məxsus ekvatoriya digər ölkələrin əlinə keçəcək. Təbii ki, bu, nə Türkiyənin, nə də Liviyanın maraqlarına uyğun idi. Ona görə hər iki ölkə belə bir addım atmağa məcbur oldu”.

 

“Çox güman ki, Türkiyə Liviyaya qoşun yeridəcək və hərbi-siyasi vəziyyət xeyli dəyişəcək. Lakin maraqldır ki, əslində, Avropa İttifaqı və ABŞ Xəlifə Haftarı yox, Əl-Fərəc hökmətini dəstəkləyir. Belə olan təqdirdə isə Türkiyə Fərəcə dəstək çıxıb Liviyaya qoşin yeritsə, Qərb məcbur olaraq Türkiyənin bu addımını qəbul edəcək. Bununla da Türkiyə həm regionda möhəmlənəcək, həm də Avropa İttifaqı-Türkiyə münasibətləri müəyyən qədər yaxşılaşacaq. Lakin hadisələrin bundan sonra hansı istiqamətdə davam edəcəyini zaman göstərəck”, - siyasi şərhçi vurğulayıb.

 

Vəlizadə əlavə edib ki, Türkiyə nüfuzunu qorumaq üçün bu addımı atmağa məcbur olub: “Türkiyə Liviyaya qoşun yeritsə də, yeritməsə də, artıq müharibənin içərisindədir. Çünki digər ölklər də bu müharibədə iştirak edir. Təbii ki, Türkiyə belə bir addım atmasaydı, nüfuzdan düşəcəkdi. Əgər İran və Rusiya açıq şəkildə Suriyaya dəstək verə bilirsə, Türkiyə də Liviyaya dəstək göstərməkdə tamamilə haqlıdır. Ona görə də Türkiyə regoinda mövqeyini möhkəmlətmək üçün, bu addımı atmağa məcbur idi”.

Müəllif: Mərahim Nəsib      28 Dekabr 2019 10:22
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin