Kazanlı alim müharibə əleyhinə fikirlərinə görə 5 il müddətinə həbs edilib

Dünya

08.05.2024 - 11:24

Məhkəmə Andrey Boyarşinovu “terrorçuluğa çağırış” və “terrorçuluğa haqq qazandırmaq”da təqsirli bilib

Samara məhkəməsi Kazan fəalı, biologiya elmləri namizədi, alim Andrey Boyarşinovu “terrorçuluğa çağırış” və “terrorçuluğa haqq qazandırmaq”da təqsirli bilib və beş il müddətinə azadlıqdan məhrum edilib. AYNA xəbər verir ki, bu barədə “Network Freedoms” “Telegram” kanalı məlumat yayıb.

İttihama görə, 2022-ci ilin martında alim “Protest Kazan - NetWar” “Telegram” kanalında Kremlə tərəf atılan “Molotov kokteyli” ilə bağlı yazını şərh edərək, bu cür hərəkətləri əsl vətənpərvər üçün nümunə adlandırıb.

Başqa bir yazısında deyib ki, “müharibəni dayandırmağın və eyni anda üç ölkəyə - Ukrayna, Rusiya və Belarusa azadlıq gətirmək ən yaxşı yol ola bilər”.

Hərbi komissarlığın yandırılmasından bəhs edən üçüncü yazısında alim Rusiyada “faşist rejiminə qarşı xalq-azadlıq müharibəsi”nin başladığını bildirib.

Məhkəmədə Boyarşinov təqsirini boynuna almaqdan imtina edərək, sözlərinin terrorizmə haqq qazandırmadığını israr edib. Lakin o, şərhlərin müəllifi olduğunu etiraf edib.

Məhkəmədən əvvəl elmlər namizədi iki ildən artıq həbsdə olub, cəzasının 2/3 hissəsini çəkdikdən sonra şərti azadlığa buraxılması üçün müraciət edə biləcək.

Xatırladaq ki, mayın 7-də Moskvanın Basmannı Məhkəməsi “terrorçuluğa bəraət qazandırmaq” işi üzrə 65 yaşlı jurnalist Nadejda Kevorkovanı iyulun 6-dək həbs edib. Onu yeddi ilə qədər həbs cəzası gözləyir. Jurnalist “Taliban” haqqında yazdığına və dostunun sosial şəbəkədəki paylaşımını yenidən paylaşdığına görə ittiham olunub.

Kevorkova dini mövzularda ixtisaslaşmış jurnalistdir. O, “NG-Religion” üçün köşələr yazıb, “Nezavisimaya Gazeta”, “Russia Today”, “Russian Newsweek”, “Radio Liberty” və digər nəşrlərlə əməkdaşlıq edib. Jurnalist bütün dünyada müsəlmanlara edilən zülmləri işıqlandırıb və Yaxın Şərqdə işləyib. O, Fələstin haqqında bir neçə kitabın müəllifidir və 2010-cu ildə Beynəlxalq Cəsarətli Qadınlar mükafatına namizəd olub.

Rusiya Federasiyası Ali Məhkəməsinin Məhkəmə Departamentinin məlumatına görə, 2023-cü ildə Rusiyada 310 işdə “terrorçuluğa bəraət qazandırmaq” ittihamı ilə 345 nəfər mühakimə olunub.

Müəllif: Ayna.az