Milli Məclisdə təklif: “Paşinyanı Bakıya dəvət etmək olar, amma...”

Aktual

07.05.2024 - 13:53

Parlamentin iclasında ABŞ Konqresinin Azərbaycana qarşı sanksiya layihəsi tənqid olundu: “Bizi müdafiə edənlərə qarşı “əcinnə ovu” davam edir”

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. Gündəliyinə 18 məsələnin daxil olduğu iclasda deputatlar əvvəlcə cari məsələlərlə bağlı fikir bildirib, təklif səsləndiriblər. Milli Məclisin sədri Sahibə Qafarova ulu öndər Heydər Əliyevdən və Heydər Əliyev Fondunun fəaliyyətindən danışıb. Spiker bildirib ki, Heydər Əliyev düzgün qərarlar qəbul etməklə insanların ona bəslədiyi ümidi doğruldan şəxsiyyət olub: “Bununla da o, böyük tarixi şəxsiyyətlərimizin dövlətçilik ənənələrini davam və inkişaf etdirib. Ümummilli liderin başladığı işlər Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Bu isə xalqımızın ən ümdə problemini həll etməyə imkan verib. 44 günlük Vətən müharibəsində qələbə təmin edilib. Ötən ilin sentyabr ayında aparılan antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində suverenliyimiz bərpa edilib. Biz bir məqamı da hər zaman vurğulayırıq ki, 1993-cü ilin iyununda Heydər Əliyev siyasətə bu binadan başlayıb. Mayın 10-da Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20 ili tamam olur. Fondun yaradılması milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gəlib. Bu gün milyonların sevgisini qazanmış Fondun nailiyyətlərinin təməlində Fondun rəhbəri Mehriban xanım Əliyevanın böyük zəhməti və fədakarlığı dayanır. Onun humanizmi və səmimiyyəti Fondun hamıya yaxşı tanış olan simasını müəyyən edir”.

“Fondun fəaliyyətində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, 30 illik işğal dövründə dağıdılmış abidələrimizin bərpa edilməsi də əsas istiqamətlərdən biridir. Fondun vitse-prezidenti Leyla Əliyevanın Xocalı soyqırımının tanıdılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz işlər görüb”, - deyə Qafarova qeyd edib.

Spiker xatırladıb ki, Fondun bir çox ölkələrdə şöbələri fəaliyyət göstərir: “Bu gün Azərbaycanın yumşaq gücünü təcəssüm etdirən Heydər Əliyev Fondu humanizm fondu kimi qəbul olunur".

Deputat: “Lantoslar ailəsinin əliylə dünya erməniçiliyi ölkəmizə qarşı siyasi şan56bv x cvbnmtaja əl atır”

Deputat Zahid Oruc isə xarici qüvvələrin anti-Azərbaycan siyasətindən danışıb. Millət vəkili deyib ki, Azərbaycanın qələbəsinə qarşı BMT-dən başlayan sanksiya planları iflasa uğradı: “İndi ABŞ Konqresində ölkəmizin seçilmiş adamlarına qarşı cəza layihəsi işə salınıb. Araşdırmalar göstərir ki, sənədi ilk dəfə hazırlayan Konqresin “Tom Lantos İnsan Hüquqları Komitəsi”, habelə Tom Lantos Fondu eynilə 1992-ci ildə 907-ci düzəlişin də təşəbbüskarları və müəllifləridir. Üstündən 32 il keçməsinə baxmayaraq, Lantoslar ailəsinin əliylə dünya erməniçiliyi ölkəmizə qarşı siyasi şantaja əl atır”.

“Argentinanın  ən varlı adamı, “aeroport maqnatı” kimi tanınan Eduardo Ernekyanın sədrlik etdiyi Raul Vallenberq adına İnsan Haqları İnstitutu, eyni adlı Fond da hörümçək toru quraraq, sanksiyaları təşviq edir, qlobal hüquq və ədalət strukturlarında mütəşəkkil dəstə, “beynəlxalq hüquq mafiyası” kimi gecə-gündüz əleyhimizə işləyirlər”, - Z.Oruc əlavə edib.

“44 rəqəmini ləkələmək üçün “44 Azərbaycan rəsmisi” ifadəsinin seçilməsi də sübut edir ki...”

Deputat qeyd edib ki, 1990-cı illərin 1 milyon məcburi köçkün-qaçqını olan məğlub ölkəsi ilə müqayisədə indi Azərbaycanı zəfərinə görə cəzalandırırlar: “Əlləri çatsa, təkcə Vətən müharibəsinin qəhrəmanlarına qarşı deyil, bütün xüsusi təyinatlılarımıza, komandolara, hər bir şəhidimizə, bir sözlə bütün Azərbaycan ordusuna qarşı hərbi hökmlər çıxararlar. Xalqımızın müqəddəs simvoluna çevrilən 44 rəqəmini ləkələmək üçün “44 Azərbaycan rəsmisi” ifadəsinin seçilməsi də sübut edir ki, 8 noyabr zəfəri təkcə bir ölkə üzərində  qazanılmayıb. Dövlət elitasında parçalanma və daxili inamsızlıq yaratmaq üçün bir sıra mühüm nazirlərin, rəsmilərin adları siyahıda yoxdur. Sənədin birinci variantından “türkiyəli komandirlər” Bahtiyar Ersay, Şeref Önqay, Göksel Kahyanın adlarının sonradan çıxarılması Türkiyəni Azərbaycanla birləşdirməkdən çəkinmənin nəticəsidir”. 

“Məğlubların, siyasi düşmənlərimizin və sanksiyaçıların  Azərbayacana yolu birdəfəlik bağlanmalıdır”

“ABŞ Konqresi və Fransa Senatı ilə müqayisədə  Ermənistan Parlamenti “sülh göyərçini” kimi görünür. “Gürcü arzusu”nun lideri İvanişvli haqlı olaraq, onları “qlobal müharibə partiyası” adlandırır. Bizə xarici siyasət kursumuzu dəyişməyi, Ağ Evin və Brüsselin təsir agentlərinə çevirdikləri qeyri-hökumət təşkilatlarına rəsmi hakimiyyət verməyi tələb edirlər.  Bu il aprelin 24-də Cozef Baydenin “artsax” kəlməsini işlətməməsi və Xankəndində “etnik təmizləmə” iddiasına “sıfır reaksiyası “sənəd”i heç bir hüquqi əsası olmayan “erməni aktı”na çevirir.  Siz riyakarlığa baxın ki, Bob Menendesin korrupsiyaya əməllərinin ifşasından sonra indi konqresmen Henri Kuelyanı guya Azərbaycandan rüşvət almaqda ittiham edirək, ölkəmizin dostlarını linç etməyə qalxıblar. Ona görə Azərbaycan dövlətinin sanksiyalara cavabı “Böyük Qayıdışı” gücləndirməsi, delimitasiyasını addım-addım irəliyə aparması, regionda sülhü qazanması, qardaş Türkiyə ilə hərbi-siyasi ittifaqı möhkəmləndirməsi, region dövlətləri ilə konfrontasiyaya getməməsi, nəhayət, torpaqlarımızın işağlına dəstək verən  konqresmenləri, dövlət katibi Ceyms Beykerdən, Göyçə dağlarına qədər gəlib çıxan Foq Rasmussenədək hamısını “qara siyahıda” dünyaya sülhün düşmənləri kimi  göstərmək olmalıdır. Yəni ki, Paşinyanı Bakıya dəvət etmək olar.  Amma məğlubların, siyasi düşmənlərimizin və sanksiyaçıların  Azərbayacana yolu birdəfəlik bağlanmalıdır”, - millət vəkili fikrini tamamlayıb.

“QHT adı altında ölkəmizin siyasi müstəqilliynə və iç işlərinə qarışmaq imkanları sıfıra bərabərdir”

“Azərbaycan ərazi bütövlüyünü, suverenliyini və konstitusion quruluşunu tam bərpa etdikdən sonra, həm daxildə görünməmiş dərəcədə siyasi həmrəyliyə və milli birliyə nail oldu, həm də regionda güc balansını öz xeyrinə dəyişərək sözün əsl mənasında “orta güc”ə sahib olan bir dövlətə çevrildi. Hazırda Prezident İlham Əliyevin liderliyində Azərbaycan siyasi müstəqilliyinin ən qüdrətli və güclü dövrünü yaşayır. Lakin dövlətimizin güclənməsindən, onun tamamilə milli və müstəqil siyasət yürütməsindən narahat olan və bütün vasitələrlə bu siyasətin qarşısını almağa çalışan bəzi qərb ölkələri hər keçən gün müxtəlif bəhanələrdən və qurama ittihamlardan istifadə edərək ölkəmizə qarşı siyasi təzyiqi artırmağa çalışırlar”. Bu sözləri isə deputat Azay Quliyev deyib.

Millət vəkili bildirib ki, artıq bu dairələr Azərbaycana daxildən müdaxilə edə bilmirlər: “Çünki bir sıra marginal qruplar istisna olmaqla onların daxildəki bütün rıçaqları və xüsusilə, QHT adı altında ölkəmizin siyasi müstəqilliynə və iç işlərinə qarışmaq imkanları sıfıra bərabərdir. Azərbaycan dövlətinin vaxtında atdığı addımlar və Milli Məclisin qəbul etdiyi müvafiq qanunvericilik aktları ölkə QHT-lərinin fəaliyyətində şəffaflıq və hesabatlıqla bağlı boşluqları və problemləri həll etdiyindən, indi, onlar yalnız bizə xaricdən təsir etməyə çalışırlar. Necə ki, bu gün ABŞ və Avropa İttifaqı Gürcüstanın daxili işlərinə kobud şəkildə müdaxilə edib parlamentin “Xarici təsirlərin şəffaflığı və hesabatlığı” haqqında qəbul etmək istədiyi qanun layihəsinin heç bir legitim səbəb olmadan qarşısını almaq istəyirlər. Ancaq indi bu dairərlər fərqli bir taktika seçərək Azərbaycanın dostlarını, Azərbaycan haqqında həqiqəti söyləyən siyasətçiləri və deputatları hədəfə alıblar”.

“Onların hər biri bu məkrli planın və çirkin kampaniyanın hədəfinə çevrilə bilərlər”

“Burada məqsəd birdir. Azərbaycanın haqlı mövqeyini müdafiə edən istənilən şəxsi qaralamaqla, şantaj etməklə, heç bir əsas olmadan korrupsiyada günahlandırmaqla onları ölkəmiz haqqında bir cümlə də olsun müsbət fikir söyləməkdən çəkindirməkdir. Təəssüf ki, bəzi dostlarımıza bu şantaj kampaniyası təsirsiz ötüşməyib. Bu günlərdə isə biz ABŞ Konqresində Azərbaycanla dostluq qrupunun həmsədri olan Henri Kuelyara qarşı qondarma rüşvət ittihamlarının yenidən gündəmə gətirilməsini, yəni eyni taktikanı müşahidə edirik. Çünki cənab Kuelyar Vətən müharibəsi ərəfəsində və sonrakı illərdə Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş və ABŞ Konqresindən Qarabağ separatçılarına verdiyi birbaşa maliyyə yardımını dayandırmağı tələb etmişdi. Məhz bundan sonra ona qarşı erməni lobbisinin sifarişi ilə total hücümlar və “araşdırmalar” başladıldı, hətta 2022-ci ildə də onun evində axtarış aparıldı, lakin bu ittihamlara dair heç bir sübut və ya dəlil tapılmadı. Bundan sonra isə Kuelyarı qorxutmaq məqsədilə ona qarşı sui-qəsd cəhdi oldu və maraqlıdır ki, indiyə kimi bu sui-qəsdi törədənin kimliyi və ya onun cəzalandırılması üçün görülən hüquqi tədbirlər barədə ictimaiyyətə məlumat verilməyib. Bu, bir daha onu göstərir ki, erməni lobbisi və ermənilərin əlində alətə çevrilən korrupsioner siyasətçilər tərəfindən Azərbaycanın bütün dostlarına, ölkəmizin haqq işini müdafiə edənlərə qarşı “əcinnə ovu” davam edir və onları susdurmaq üçün vizdansızcasına bu cür çirkin metodlardan istifadə olunur”, - A.Quliyev vurğulayıb.

Deputat qeyd edib ki, bu gün Milli Məclisin dünyanın 103 parlamenti ilə birgə işçi və ya dostluq qrupu fəaliyyət göstərir: “Onların hər biri bu məkrli planın və çirkin kampaniyanın hədəfinə çevrilə bilərlər. Biz həqiqəti söyləyən dostlarımızı və bu kimi cəsarətli insanları müdafiə etməli, onları tək qoymamalı, şantaj və qarayaxma kampaniyasının öz məqsədinə çatmasına imkan verməməliyik. Bu baxımdan, siyasi mənsubiyyətindən asılı olmayaraq dövlətini sevən hər bir jurnalistdən xahişim odur ki, erməni lobbisini yaydığı bu cür böhtan xarakterli məlumatları dərhal tirajlamasınlar, onları işıqlandıran zaman daha diqqətli olsunlar və məsələnin əsl mahiyyətinə vara bilsinlər. Bura həm də Qarabağ üzərində öz suverenliyini bərpa etdiyi, erməni separatizminin kökünü kəsdiyi üçün ölkəmizi cəzalandırmaq məqsədi daşıyan və Azərbaycanın yüksək çinli hərbiçiləri də daxil olmaqla 44 məmuruna qarşı sanksiyaları ehtiva edən bir qrup ABŞ konqresmeni tərəfindən irəli sürülən qanun layihəsi təşəbbüsünü də əlavə etsək, əminliklə deyə bilərik ki, bütün bu addımlar ölkəmizə qarşı təzyiq məqsədi güdür. Lakin onlar da bilsinlər ki, bu cür cür cılız metodlara əl atmağın heç bir nəticəsi olmayacaq və Azərbaycan öz müstəqil və milli siyasətindən bir adım da olsun geri çəkilməyəcək".

“Bəzi qurumlarda, nazirliklərdə “qaynar xətt” yox, “soyuq xətt”dir”

Deputat Fazil Mustafa isə çıxışında nazirliklərin “qaynar xətt”lərini təbqid edib. Millət vəkili bildirib ki, pullu əsaslarla “qaynar xətt” anlayışı ortadan qalxmalıdır: “Bəzi qurumlarda, nazirliklərdə bu, “ilıq xətt”dir, “soyuq xətt”dir. Bu problem həllini tapmalıdır”.

Millət vəkili dəfn üzrə müavinətin artırılmasını da təklif edib və deyib ki, bu müavinəti almaqda da problemlər var: “İstənilən Azərbaycan vətəndaşı işləyib-işləməməsindən asılı olmayaraq, bu müavinəti almalıdır. Əmək pensiyası alanlar üçün bu məbləğ 500 manatdır. Bütün vətəndaşlara 300 manat da olsa, 500 manat da olsa, dəfn müavinəti verilməlidir”.

Bundan sonra deputatlar gündəlikdə olan məsələlərin müzakirəsinə keçiblər.

Müəllif: Anar Bayramoğlu