“Dindarların böyük əksəriyyəti Allahşükür Paşazadəni özünün dini lideri hesab etmir”

“Dindarların böyük əksəriyyəti Allahşükür Paşazadəni özünün dini lideri hesab etmir”

Dünya dini liderlərinin II Bakı Sammitinə yanaşma birmənalı deyil: Təqdir edən də var, tənqid edən də

 

Bakı şəhərində 2019-cu il tarixlərində müxtəlif dini konfessiya və təriqət liderlərinin, müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Dünya dini liderlərinin II Bakı Sammiti başlayıb. Tədbir iki (14-15 noyabr) davam edəcək.

 

Sammitdə multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu; Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi; Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofibiya əleyhinə; Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti mövzuları ətrafında müzakirələr aparılacaq.

 

İlahiyyatçı-jurnalist Rəsul Mirhəşimli AYNA-ya açıqlama sözügedən sammitin keçirilməsini təqdir edib: “Bildiyiniz kimi, Dünya dini liderlərinin I Bakı Sammiti 2010-cu ildə keçirilib. O zaman mən Qafqaz Müsəlmanları İdarəsində (QMİ) şöbə müdirinin müavini vəzifəsində çalışdığımdan bu sammitin işində yaxından iştirak etmişəm. Hər şeydən əvvəl onu qeyd edim ki, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi təqdirəlayiq haldır. İnanıram ki, bu sammit də Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini verəcək”.

Müsahibimiz onu da əlavə edib ki, tədbir Qarabağ münaqişəsi baxımından da böyük əhəmiyyət kəsb edir: “QMİ-nin yaydığı məlumatda dünyanın 5 qitəsindən 70-dən artıq dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən, Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri iştirak edəcək. Bu da o deməkdir ki, ilk növbədə Qarabağ problemi ilə bağlı öz dövlət və dini konfenssiyalarını təmsil edən nümayəndələr bir daha məlumatlar əldə edəcəklər. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında dağıtdığı dini abidələr barədə qonaqlara bilgilər veriləcək. Bu sahədə sammitin gəldiyi nəticələr də Azərbaycana diqqətin artmasına səbəb ola biləcək”.

 

AYNA əməkdaşı ilə həmsöhbət olan ilahiyyatçı Elşad Miri isə əksini düşünür: “Apardığım müşahidələrə əsasən deyə bilərəm ki, bu tədbirlərin heç bir faydası yoxdur. Çünki xarici məsələlərin gündəm olduğu zamanda, daxildə dini kitablara qadağalar qoyulur. O zaman belə bir tədbirin keçirilməsinin də heç bir əhəmiyyəti yoxdur. Ona görə də ilk növbədə insanları narahat edən, dini etiqad azadlıqlarını məhdudlaşdıran məsələlər gündəmə gətirilməli və belə problemlərin qarşısı alınmalıdır. Protokola uyğun olaraq tədbirlər keçirməkdənsə, qeyd etdiyim məsələlərlə məşğul olmaq daha məqsədəuyğundur”.

Teoloq onu da əlavə edib ki, bu tədbirlər artıq ənənəvi hala çevrilib: “Təəssüflər olsun ki, bu tədbirlərin yerli əhaliyə heç bir müsbət təsiri yoxdur. Sadəcə, bu, bütün dünyada mövcud olan bir ənənədir. Düşünürəm ki, bu qədər vəsaiti belə tədbirlərə xərcləmək əvəzinə, daha da əhəmiyyətli işlər görmək olardı”.

 

“Təəsüflər olsun ki, QMİ Azərbaycanda əsas İslam mərkəzi kimi təqdim edilir. Amma bu gün Azərbaycanda yaşayan dindarların böyük əksəriyyəti Allahşükür Paşazadəni özü üçün dini lider görmür. Çünki Allahşükür Paşazadə özü də İranın “Səhər” televiziya kanalına verdiyi müsahibəsində qeyd eləmişdi ki, İranın Ali dini lideri Ayətullah Xameneyini təqlid edir. Diqqət etsək, görərik ki, bu gün QMİ-nin sədri haqqqında yazılan kitabların sayı, həmin qrumun yazdığı kitabların sayından kifayət qədər çoxdur”, - deyə E.Miri qeyd edib.

Müəllif: Mərahim Nəsib      14 Noyabr 2019 13:28
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin