Bu ilin doqquz ayı ərzində TANAP üzərindən Türkiyəyə 2,7 milyard kubmetr qaz daşınıb

Bu ilin doqquz ayı ərzində TANAP üzərindən Türkiyəyə 2,7 milyard kubmetr qaz daşınıb

 TANAP Azərbaycan və Türkiyənin iqtisadi əməkdaşlığını gücləndirməklə regionda böyük və güclü olan bir iqtisadi birlik əmələ gətirir

 

Cənub Qaz Dəhlizinin seqmentləri olan Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Adriatik Boru Kəməri (TAP) və Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihələri Azərbaycan qazının Türkiyəyə və Avropaya daşınması məqsədi ilə tikilib.

 

TANAP Azərbaycan Respublikasını yeni bazarlara çıxararaq, ölkənin enerji təhlükəsizliyini təmin etməklə yanaşı, qardaş Türkiyənin təbii qaz təchizatının artırılması və enerji mənbələrinin şaxələndirilməsini, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə töhfə verməyi hədəfləyir.

 

TANAP layihəsinin Azərbaycan üçün üstünlükləri aşağıdakı kimidir:

 

- CQD Azərbaycan üçün əlavə gəlir mənbəyi olaraq, qarşıdakı illərdə ölkəyə onmilyardlarla gəlir gətirəcək;


- Xəzərin qapalı hövzəsində olan Azərbaycanın təbii qazının bazarlara çıxarılması üçün boru kəmərlərinin inşası zəruridir.


- Sadəcə bir bazarın tələbatından tam asılı vəziyyətə düşməmək üçün hədəf bazarlarının şaxələnməsi vacibdir. Bu baxımdan TANAP-ın əhəmiyyəti budur ki, bu boru kəməri Azərbaycan qazının tək Türkiyə və ya tək Avropaya deyil, hər iki istiqamətdə çatdırılması üçün şərait yaradır;


- TANAP Azərbaycanın xaricdə həyata keçirdiyi ən böyük investisiyasıdır və bunun sayəsində ölkəmiz təkcə qazın hasilatından yox, həm də TANAP-ın boru kəməri kimi istismarından gəlir götürəcək. Üçüncü tərəflər TANAP üzrə öz qazını nəql etmək qərarına gəlsələr, biz bundan da mənfəət görəcəyik;


- TANAP layihəsində Azərbaycan çoxluq payına malikdir və bütün dünyaya nümayiş etdirmişdir ki, biz nəinki ölkə daxilində, həm də xaricdə bu qədər mürəkkəb layihələri maksimum sürət və səmərə ilə, hətta xərclərin 45%-na qənaət etməklə ərsəyə gətirə bilirik.


- TANAP Azərbaycan və Türkiyənin iqtisadi əməkdaşlığını gücləndirməklə regionda böyük və güclü olan bir iqtisadi birlik əmələ gətirir.

 

TANAP ən yüksək keyfiyyətli sağlamlıq və ətraf mühit standartlarına uyğun, təhlükəsiz və etibarlı bir təbii qaz boru kəmərinin inşasını və istismarını qarşısına vəzifə qoymuşdur. Layihənin perspektivi isə sərmayələri təşviq edib rəqabətli qaz bazarını inkşaf etdirərək, Türkiyə və Avropa təbii qaz bazarında təchizat təhlükəsizliyi və şaxələndirilməsini təmin etmək, tədarük zəncirindəki ölkələr arasında iqtisadi əməkdaşlığı gücləndirərək, Azərbaycandan Avropaya yeni bir qaz dəhlizi açmaqdan ibarətdir.

 

TANAP-ın marşrutu və texniki xüsusiyyətləri

 

TANAP Türkiyənin Gürcüstan sərhədində yerləşən Ərdahan şəhərinin Posof qəsəbəsi Türkgözü kəndindən başlayaraq Ərdahan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhanə, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Əskişəhər, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Təkirdağ və Ədirnə daxil olmaqla 20 şəhərdən keçir. Boru xətti Yunanıstan sərhəddində, Ədirnənin İpsala qəsəbəsində  Avropa ölkələrinə  təbii qaz nəql edəcək TAP-a birləşir. Layihə çərçivəsində Türkiyə sərhədləri daxilində biri Əskişəhirdə, digəri Trakyada olmaqla yerli təbii qaz nəqli şəbəkəsinə bağlanmaq üçün iki çıxış nöqtəsi vardır. Trans-Anadolu Təbii Qaz Boru Kəməri sistemi 2x17.6 kilometri Mərmərə dənizindən keçən 1.850 kilometrlik ana boru xətti ilə 2 kompressor stansiyasından (daşıma potensialı 31 milyard kubmetrə yüksəldikdə kompressor stansyalarının sayı 7-ə çatacaq), 4 ölçmə məntəqəsindən, 2 qaz çıxış məntəqəsindən (Türkiyədəki yerli və Avropadakı beynəlxalq təbii qaz şəbəkəsinin təmizlənməsi üçün 11 pig stansiyası) 49 blok qapaq stansiyasından ibarətdir. 

 

Layihə çərçivəsində müvəqqəti istifadə üçün düşərgə və boruların saxlanıldığı sahələrə yollar çəkilib. İnşaat mərhələsində istifadə olunan müvəqqəti və yerüstü obyektlər istisna olmaqla bütün sistem və boru kəməri yerin altından layihələndirilib.

 

Dağları, çayları, quru yollarını və dəmiryollarını aşaraq Mərmərə dənizinə çatan təbii qazın Asiyadan Avropaya səyahəti dəniz altında başa çatır. TANAP-ın dəniz keçidi hər biri, təxminən 17,6 kilometr uzunluğunda, 90 santimetr diametrdə əkiz boru kəməri sistemindən ibarətdir. Bu kəmərin sudakı dərinliyi 65 metrə çatır. İki boru kəməri arasında məsafə Anadolu və Avropanın quru hissəsində 5 metr, açıq dənizdə isə 100 metrdir.  

Картинки по запросу TANAP

TANAP rəqəmlərlə

 

Boru xəttinin keçdiyi ən yüksək nöqtə, 2760 metr olmaqla Ərzincan Qızıldağ mövqeyi olub. Ən dərin nöqtəsi  ise 65 metr olmaqla Çanaqqala boğazıdır.


Layihə maşınları ilə 66.650 dəfə səfər edilərək sahələrə material və avandanlıq daşınıb.


1850 km-lik xətt boyunca 6.834 xüsusi keçid (çay,  quru yolu, dəmiryolu və s.) həyata keçirilib.


Üfüqi Qazma Üsulu ilə keçilən 1103 m-lik Sakarya çay keçidi 140 sm diametrdə bu üsul ilə həyata keçirilən Avropanın ən uzun çay keçidi olub.


Layihədə 131.620 ədəd ana boru kəməri qaynağı yerinə yetirilib, 228.936.368 km məsafə qət edilib.


Xəttin keçdiyi ən dik yamaç 30% mailliliyə malik Ilgar dağı olub.


Bir ayda endirilən 140 sm-lik boru xəttinin  uzunluğu 120 km-ə çatıb.


Layihədə cəmi 114.251.824 adam/saat iş yerinə yetirilib.


İnşaat fəaliyyətləri çərçivəsində həyata keçirilən qazıntı işlərinin ümumi həcmi 50.908.400 m3-dir.


Təkcə bir gündə endirilən 140 sm-lik boru kəmərinin uzunluğu rekord həddə  –  10 km-ə çatır.


Təkcə bir gündə həyata keçirilən 145 ədəd 140 sm-lik ana xətt borusu qaynağı (təxminən gündə 2 km) bu sahədə dünya rekordu vurub.


17,6 km uzunluğunda və 90 sm diametrdə (əkiz boru xətti) dəniz keçidi, su səthindəki birləşmələri ilə birlikdə 51 gündə başa çatdırılıb.


Yekun investisiya qərarı qəbul ediləndə ümumi xərcləri  11,7 milyard dollar həcmində qiymətləndirilən layihənin tikinti mərhələsində maksimum səmərəlilik  nəticəsində indiyə  qədər 45% qənaətə nail olunub və layihə 6,5 milyard dollarlıq sərmayəyə başa gəlib.


2019-cu il sentyabr sonuna qədər TANAP üzərindən Türkiyəyə 2,7 milyard kubmetr qaz daşınıb.

 

Sosial və ətraf mühitin investisiya proqramı

 

TANAP Sosial və Ətraf Mühit İnvestisiya Proqramı (SEIP), TANAP marşrutu üzərindəki şəhər, qəsəbə və kəndlərdə sosial-iqtisadi inkişafı sürətləndirilməsi və təbii ehtiyatların qorunması məqsədilə həyata keçirilən bir investisiya və inkişafa dəstək proqramıdır. Türkiyədə özəl sektor vasitəsilə həyata keçirilmiş ən böyük sosial və ətraf mühit investisiya proqramlarından biridir. Proqramın ən effektiv şəkildə həyata keçirilməsi məqsədilə 3 müxtəlif maliyyələşdirmə mexanizmi tətbiq edilib: birbaşa qrant, birbaşa investisiya və proqram töhfə vəsaitləri ilə, ümumilikdə 20 şəhər, 67 qəsəbə və 600 kənddə təxminən 1000 layihə dəstəklənib.

 

TANAP-ın təbiətə, mədəniyyətə, tarixə və elmə töhfəsi  

 

TANAP boyunca ətraf mühitin qorunması istiqamətində nümunəvi işlərlə yanaşı Ətraf Mühit və Sosial Təsirin Qiymətləndirilməsi (ƏMSTQ) çərçivəsində boru xətti marşrutu üzərində torpaq və su mühitində aparılan işlər zamanı 10 ədəd buğumayaqlı növü və 1 ədəd bitki növü daxil olmaqla 11 yeni canlı növü elmi ədəbiyyata daxil edilib. Boru kəməri boyunca müəyyən edilən mühüm 67 torpaq və 27 su mühiti üçün hazırlanan Biomüxtəliflilik üzrə Fəaliyyət Planı ilə yanaşı, bir Biomüxtəlifliliyi Tarazlama Strategiyası da hazırlanaraq ilk dəfə bir boru kəməri layihəsində həyata keçirilməyə başlanılıb. Yenə ƏMSTQ işləri çərçivəsində hazırlanan TANAP layihəsi EUNIS 3-cü Səviyyə Mühit Xəritəsi bundan sonrakı işlərə bələdçilik edəcək geniş bir məlumat bazası yaradılıb.

 

TANAP boru kəmərinin tikintisi müddətində təbii ehtiyatları qorumaq məqsədilə əkinə yararlı torpaqların mühafizəsi, biobərpa, hidromulçalama, translokasiya, transplantasiya,  kanal qazıntısız çay keçidləri kimi yeni texniki mühafizə üsulları tətbiq edilib.

 

ƏMSTQ müddətində bu vaxtadək məlum olmayan 106 arxeoloji sahə kəşf edilib. Layihənin 5 il sürən inşaat mərhələsində bu vaxtadək məlum olmayan 48 ədəd arxeoloji sahə (nekropol, kurqan,  arxeoloji məkanlar və s.) kəşf edilib. Bütün layihə boyunca ümumiyyətlə Türkiyə mədəni inventarına 154 naməlum arxeoloji sahə daxil edilib. Muzey müdirliklərinin rəhbərliyi ilə 25 arxeoloji qazıntı işi aparılıb və 1000-dən çox arxeoloji əsər aidiyyəti üzrə muzeyə təhvil verilib.    

 

Ərzurum Muzeyi və Bandırma Muzeyi ilə aparılan qazıntılarda müxtəlif tapıntılara rast gəlinib. Manyas qəsəbəsində Bandırma Muzeyinin rəhbərliyi ilə aparılan qazıntılarda Roma dövrünə (b.e.ə I əsr – b.e I əsr arası) məxsus heç dağıntıya uğramamış  bir məzarlıq sahəsi (nekropol) kəşf edilib. 74  məzarda 600-ə yaxın əsər əldə edildi, hər bir məzarda haradasa  8 əsərə rast gəlinib. Əsərlər arasında keramika, çoxlu sayda heykəlcik, şamdan, gözyaşı şüşəsi, bürünc əşyalar var.

 

Ərzurum Muzeyi ilə aparılan Alaybəyi Höyük və Çayırtəpə II qazıntılarında isə ən erkən b.e.ə. 4000-ci ilə aid edilən əsərlər aşkarlanıb. Əldə edilən əsərlər arasında gündəlik istifadə üçün nəzərdə tutulmuş keramik qablar, bütlər, qadın fiqurları, atı ilə birlikdə dəfn edilmiş gəncin və atın skeleti, at qoşqusu, bürünc silahlar və qablar, üzərində Makedoniyalı İsgəndərin təsvir olunduğu gümüş sikkə kimi tapıntılar olub.  Alaybəyi arxeoloji sahəsındə əldə edilen məlumatlar ilə bölgənin tarixi yenidən yazılırkən, bu kəşflə birlikdə Şimal-Şərqi Anadolu bölgəsinin ən qədim tarixi  550 il daha geri çəkilərək, b.e.ə. 4750-ci il kimi müəyyən edilib.  

 

TANAP-ın  qazandığı qlobal mükafatlar

 

Yüksək məzmunlu sosial təsirə malik Sosial və Ətraf Mühit İnvestisiya Proqramları (SEIP) çərçivəsində həyata keçirilən layihələr beynəlxalq arenada bir çox mükafata layiq görülüb.

 

TANAP, mərkəzi ABŞ-da yerləşən Marketinq və Kommunikasiya Peşəkarları Dərnəyi (AMCP) tərəfindən  verilən və dünyanın ən nüfuzlu mükafat proqramlarından biri kimi qəbul edilən “Communitas”ın “İctimai Xidmət və Korporativ Sosial Məsuliyyət” mükafatına, ayrıca dünya miqyasında uğur qazanmış korporativ sosial məsuliyyət layihələrini və ictimai əlaqələr üzrə fəaliyyətləri dəyərləndirən, mərkəzi Birləşmiş Krallıqda yerləşən The International CSR Excellence Awards tərəfindən “Davamlılıq” kateqoriyasında və dünya mqiyasında ən uğurlu ətraf mühit tətbiqatalrını tanıtmaq, mükafatlandırmaq və inkişaf etdirmək üçün qurulan və dünyanın ən nüfuzlu mükafat təşkilatlarından biri olan, mərkəzi Birləşmiş Krallıqda yerləşən The Green Organisation tərəfindən Green World Awards “Ən yaxşı ətraf mühit tətbiqatları” kateqoriyasında mükafatlara layiq görülüb.

 

TANAP-ın SEIP çərçivəsində aldığı digər mükafatlar arasında  “PR Daily”nin Korporativ Sosial Məsuliyyət mükafatlarında “İctimai işlər” kateqoriyasında birinci yerə layiq görülüb, həmçinin dünyanın yenə ən nüfuzlu mükafatları sırasında olan “Stevie Awards”da Avropada ilin Korporativ Sosial Məsuliyyət mükafatını qazanıb.

Müəllif: Ayna.az      8 Oktyabr 2019 20:36
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin