Medvedevdən xəbərdarlıq: “Bu halda Avropa paytaxtlarına nüvə zərbəsi endiriləcək”

Dünya

06.05.2024 - 15:09

“Rusiya Qərb qoşunlarının Ukraynaya göndərilməsinə Vaşinqton, Paris və Londona nüvə zərbəsi ilə cavab verəcək”

“Rusiya Qərb qoşunlarının Ukraynaya göndərilməsinə Vaşinqton, Paris və Londona nüvə zərbəsi ilə cavab verəcək”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Qoşunlarınızı Ukrayna ərazisinə göndərmək öz ölkələrinizin birbaşa müharibəyə girməsinə gətirib çıxaracaq. Biz buna cavab verməliyik. Və təəssüf ki, qlobal fəlakət Ukrayna ərazisində yox, sizin ərazinizdə olacaq”, - Medvedev xəbərdarlıq edib.

Rusiya rəsmisi bildirib ki, Qərb elitaları Rusiyanın Kapitoli təpəsində, Yelisey sarayında və “Dauninq-strit”də cavabından qaça bilməyəcəklər: “Yeri gəlmişkən, Kennedi və Xruşşov bunu 60 ildən çox əvvəl başa düşə biliblər. Amma Qərbdə hakimiyyəti ələ keçirmiş indiki uşaqlar sadəcə başa düşmək istəmirlər”.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi “yaxın gələcəkdə” təlimlərə başlayacağını, bu təlimlər çərçivəsində qeyri-strateji nüvə silahlarından istifadənin tətbiq olunacağını açıqlamışdı. Təlimlərdə Cənub Hərbi Dairəsinin raket birləşmələri, aviasiya və dəniz qüvvələri iştirak edəcəklər.

Daha sonra Kreml bəyan edib ki, planlaşdırılan təlimlər Qərbdəki rəsmilərin Ukraynaya silahlı qüvvələrin göndərilməsiylə bağlı bəyanatlarına görədir.

“Bu yaxınlarda Fransa Prezidenti və Böyük Britaniya Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə görünməmiş yeni gərginliyin şahidi olduq. Bütün bunlar çox təhlükəli ritorika idi”, - Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Müəllif: Ayna.az