Əsas səhifə Haqqımızda Xəbər lenti

Laçın sizin “doğma eviniz” deyil – Ortada FAKTLAR VAR

Laçın sizin “doğma eviniz” deyil – Ortada       FAKTLAR VAR

Azərbaycan ərazilərinə işğaldan sonra xaricdən köçürülən ermənilərin Qarabağı “vətən” saymaları  kökündən yanlışdır

 

BBC-nin rus xidməti Laçın rayonunun rusiyalı sülhməramlıların nəzarətində olan hissəsindən reportaj hazırlayıb. Jurnalistlər 2020-ci il dekabrın 1-də - rayon Azərbaycana qaytarıldıqdan sonra həmin ərazidə qalan ermənilərlə söhbət ediblər. Hazırda Laçında mağazada satıcı işləyən Larisa adlı erməni BBC-nin əməkdaşına deyib ki, müharibə vaxtı rayonu tərk etməyib, bundan sonra da  getməyə hazırlaşmır. Daha sonra o, “doğma evdən hara gedəsən?” sözlərini əlavə edib.

 

Ermənilərin Qarabağda kompakt yaşadığı kənd və qəsəbələr məlum olduğundan Laçında məskunlaşan erməninin söylədiyi bu fikir diqqət çəkir. Çünki Laçında tarixən yaşamış əhalinin milli mənsubiyyəti ilə bağlı  kifayət qədər açıq, konkret məlumatlar var. Bütün stastistik göstəricilər  Laçın əhalisinin böyük hissəsinin azərbaycanlılar olduğunu göstərir. Bu mənada erməni qadının BBC-nin əməkdaşına dediyi  “doğma evim” sözləri təəccüb doğurmaya bilməz.

Laçında məskunlaşan erməni: “Doğma evdən hara gedəsən?”

AYNA xəbər verir ki, Saxta.info Laçında məskunlaşan erməninin bu fikrinin əsası olub-olmadığını araşdırıb.

 

Laçın rayonu Ermənistan ordusu tərəfindən 1992-ci il may ayının 18-də işğal olunub. Bununla da bir şəhər, bir qəsəbə, 125 kənd  ermənilərin nəzarətinə keçib. İşğal nəticəsində 13 min 745 yaşayış evi qarət edilərək yandırılıb.  48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal obyekti dağıdılıb.

 

Rayonun 58 min 736  sakini öz doğma torpağından didərgin düşərək məcburi köçkün kimi respublikanın 58 şəhər və rayonunda məskunlaşıb. 1 yanvar 2020-ci il tarixə olan məlumata görə, rayonun 78.6 min nəfər əhalisi var.

Tarixi mənbələr göstərir ki, Laçında heç vaxt ermənilər kompakt şəkildə yaşamayıblar. Məlumdur ki, ermənilər ümumiyyətlə Cənubi Qafqaza 1828-ci ildə Rusiya ilə İran arasında imzalanan Türkmənçay, 1829-cu ildə Rusiya ilə Türkiyə arasında bağlanan Ədirnə sülh müqavilələrindən sonra əldə olunan razılaşmaya əsasən, İran və Türkiyə ərazisindən köçürülüb. Həmin vaxt yaradılan köçürmə komitələri İran və Türkiyədən gətirilən erməniləri indiki Ermənistan Respublikasının paytaxtı İrəvan, həmçinin Naxçıvan və Qarabağ ərazisində yerləşdiriblər.

 

Çar Rusiyası dövründən başlayaraq 1930-cu ildə müstəqil inzibati rayon  kimi təşkil olunana qədər Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olan Laçın ərazisində erməniləri məskunlaşdırmaq mümkün olmayıb.

 

Sovet dövrünün əhalinin siyahıya alınması ilə bağlı statistikasına görə,  1959-cu ildə Laçnda 137, 1970-cu ildə 72, 1979-cu ildə 34 erməni yaşayıb. 

 

Ermənilər Laçında 1992-ci ildə rayonu işğal etdikdən sonra kompakt şəkildə məskunlaşmağa başlayıblar. Belə ki, işğaldan dərhal sonra Ermənistan hökuməti Laçın şəhərinin və rayonun bir neçə ətraf kəndinin məskunlaşdırılmasına dair məxfi əmr verib. Ermənilər bu yolla Dağlıq Qarabağla Ermənistanı birləşdirən Laçın dəhlizinin keçdiyi ərazini nəzarətdə saxlamaq məqsədi güdüb. İlkin plana əsasən Ermənistan tərəfi  rayonunun 4 yaşayış məntəqəsində məskunlaşma aparmalı idi.  Amma 1995-ci ildə artıq rayonun 12 kəndinə erməni ailələri  köçürülmüşdü. Qondarma “Dağlıq Qarabağ Respublikası” tərəfindən  açıqlanan statistik göstərcilərə görə, 1996-cı ildə artıq Laçının kəndlərində 2700  erməni məskunlaşdırılıb. 

Amma ermənilərin Laçında məskunlaşdırılması prosesi bununla yekunlaşmayıb. 2004-cü ildə Azərbaycan BMT Baş Məclisində işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırma ilə bağlı məsələ qaldırdıqdan sonra  ATƏT-in Minsk Qrupu xüsusi missiya yaradaraq araşdırma aparıb. Qurum ilk hesabatında Azərbaycanın bu yöndə olan narahatlıqlarını təsdiqləyib. Missiya işğal altındakı ərazilərdə məskunlaşdırılan ermənilərin sayını vizual qiymətləndirmə yolu ilə müəyyən edib və bu nəticəyə gəlib ki, işğal altındakı ərazilərdə 17 mindən çox erməni məskunlaşdırılıb. Azərbaycan tərəfi isə bundan əvvəl 20-23 min erməninin məskunlaşdırıldığını bəyan edib. 

 

ATƏT-in Faktaraşdırıcı Missiyası həmin hesabatında təkcə Laçın rayonu ərazisində 8-11 min erməninin yerləşdirildiyini müəyyən edib. Azərbaycan tərəfi bu rəqəmin 13 mindən artıq olduğunu açıqlayıb.  2010-cu ilin oktyabr ayında Faktaraşdırcı Missiya yenidən bölgədə olub və məskunlaşdırma siyasətinin davam etdiyini təsdiqləyib. Missiya bu dəfə təkcə Laçın və Kəlbəcərdə 14 min erməninin məskunlaşdırıldığını   açıqlayıb.

 

Yeri gəlmişkən, Azərbaycan tərəfi  bununla bağlı Avropa Şurası Parlament Assambleyasında (AŞPA) məsələ qaldırıb. Quruma təqdim olunan sənəddə Laçında məskunlaşdırılan ermənilərin sayının 13 minə  çatdığı bəyan edilib.

 

Laçına əsasən Suriya və Livan erməniləri  köçürülüb. Rayonun Zabux kəndi ərazisində Livandan gələn ermənilər üçün yeni yaşayış kompleksi salınıb. Ermənilərin “Ari” Xeyriyyə Fondunun vəsaiti hesabına salınan  “Ariavan” adlı kompleksdə 2014-cü ildən bəri tikinti işləri aparılıb, hər il bura Livandan köçürülən ermənilər evlərlə təmin olunub.

Bu kompleksdə məskunlaşdırılan 300 erməninin demək olar ki, hamısı Livandan gəlib. Bunu ermənilər özləri BBC-nin əməkdaşı ilə söhbətlərində etiraf ediblər. Kəndin qondarma “icma rəhbəri” Andranik Çavuşyan anası və qardaşları ilə birgə 2014-cü ildə Livanın paytaxtı Beyrutdan bura gəldiyini deyib.

 

Tamar adlı erməni qadın da Laçına Livandan gəlib.  Beyrutdakı banklardan birində mühasib işləyib Tamar - 2016-cı ildən Laçında məskunlaşıb.

 

Digər erməni qadın, Knarik Şaroyan da Laçına Beyrutdan köçürülüb.  Bərbərliklə məşğul olduğunu deyən Arut Qenecyan adlı erməni isə 2020-ci ilin avqust ayında Beyrutda baş verən partlayışdan sonra Laçına köçürülüb.

 

BBC-nin ötən il oktyabrın 24-də, İkinci Qarabağ müharibəsi ərəfəsində  yayımlanan başqa bir reportajında Arut əlində silah, döyüşçü kimi təqdim  olunub. Bu isə Livandan köçürülən ermənilər arasında muzdlu döyüşçülərin olduğunu bir daha sübut edir.

 

Laçının başqa bir kəndində, Qarıkahada məskunlaşan ermənilər də Rusiyanın “Kommersant” nəşrinə müsahibələrində  kəndə 1992-ci ildən sonra köçdüklərini etiraf ediblər.

Livan ermənilərinin Laçında məskunlaşdırılması prosesi demək olar ki, İkinci Qarabağ müharibəsinə qədər davam edib. Belə ki, ötən ilin avqust ayında  Beyrutda ermənilər yaşayan ərazidə baş verən partlayışdan sonra qondarma “DQR”-in rəhbərliyi  100-150 erməni ailəsini qəbul etməyə hazır olduqlarını açıqlayıb.  Hətta onların köçürülməsi üçün humanitar fonddan 25 milyon dram (50 min dollar), daha sonra əlavə olaraq 17 milyon dram (35 min dollar) ayrılıb.

 

İşğal dövründə ermənilərin ən çox məskunlaşdıqları yaşayış məntəqələrindən biri də Laçın şəhəri olub. Qondarma “DQR”-in təqdim etdiyi 1996-cı ilə aid statistik məlumatlara görə,  Laçın şəhərində 1300 erməni məskunlaşıb. Sonrakı illərdə əhalinin sayı 3 minə yaxınlaşıb. 2011-ci ilə olan məlumatda isə şəhərdə əhalinin sayı 2700 nəfər göstərilib.

 

Laçın  şəhərində əsasən Suriyadan olan ermənilər məskunlaşdırılıb. Bunu işğal dövründə erməni mənbələrinin açıqladığı xəbərlərdən  də izləmək mümkündür. Məslən, 2012-ci ilin avqustunda yayılan xəbərdə Suriyadan gələn iki ailədən birinin Laçın şəhərinə yerləşdirildiyi bildirilir.  Qondarma “DQR”-in Laçın rayonu üzrə “məcburi köçkünlərlə iş şöbəsinin müdiri” Robert Matevosyan mətbuata verdiyi açıqlamasında  həmin ailənin tez bir zamanda evlə təmin olunacağını bildirib.

 

Matevosyan deyib ki, Laçına köçürülən ermənilərin vətəndaşlıq məsələsi dərhal həll olunur və onlar asanlıqla Ermənistandan “Artsax”a  gələ bilirlər. O Suriyadan olan daha iki erməni ailəsinin Laçına gələcəyini açıqlayıb. İrəvanda olan suriyalı ermənilərin köçürülüməsi üçün hazırlıqlar aparıldığını deyən Matevosyan əlavə edib ki, Kaştaq (ermənilər Laçını belə adlandırıblar - red) rayonu Suriyadan gələn erməniləri məhdudiyyətsiz qəbul etməyə hazırdır və onların işlə təmin olunması üçün bütün işlər görülür. 

 

2013-cü ilin mart ayında yayılan başqa bir xəbərdə isə Suriyadan gəlmiş erməni ailələri üçün Laçında çoxmənzilli yaşayış binalarının və fərdi evlərin tikintisinə başlanıldığı bildirilir. Qondarma “DQR”-in Laçın rayonu üzrə “administarasiya rəhbəri” David Davtyan ilk mənzilləri aprelin ortalarında təhvil veriləcəyini deyib. O Laçın rayonunda Suriyadan qaçqın düşmüş 105 nəfərdən ibarət 29 erməni ailəsinin məskunlaşdığını, mənzillər tikilənədək onların Laçın şəhərindəki yataqxanada yerləşdirildiyini bildirib. 

 

“Kavkazskiy uzel” saytı Laçında ev vəd olunan bir neçə ailə haqda məlumat verib. Onların arasında Suriyanın Əl-Qamışlı şəhərindən əri və  4 uşağı ilə birlikdə Laçına gələn Şamiran Vardanyan,  Suriyanın Asaki şəhərindən köçürülən 21 yaşlı Raffi Melkonyan da var.

 

Şamiran Vardanyan saytın əməkdaşı ilə söhbətində Suriyadakı gərginlik aradan qalxan kimi, geri dönəcəklərini bildirib, həmin günü səbirsizliklə gözlədiklərini  deyib.   

 

Laçın şəhərində təkcə Suriyadan deyil, hətta ABŞ-dan gələn ermənilər də məskunlaşdırılıb.  Məslən,  İkinci Qarabağ müharibəsi ərəfəsində, BBC-nin  Laçında olan əməkdaşı ABŞ-dan gələn Nelli adlı erməni qadından söz açır. 2020-ci il oktyabrın 5-də yayılan reportajda Nellinin 17 il Kaliforniya ştatında yaşadıqdan sonra Ermənistana döndüyü, sonra isə Laçın şəhərində məskunlaşdığı, burada market işlətdiyi qeyd edilir.

 

BBC-nin İkinci Qarabağ müharibəsindən sonra, ötən il noyabrın 17-də Laçınla bağlı təqdim etdiyi  reportajda isə şəhərdə ən böyük və geniş marketi olan amerika ermənisi Stepan Sarkisyandan söhbət açılır, onun müsahibəsinə yer verilir.

 

Sadalanan faktlar ermənilərin Laçında işğaldan sonrakı illərdə məskunlaşdırıldıqlarını birmənalı şəkildə sübut edir.

 

Bununla demək olar ki, Larisa adlı  erməni qadının da sadalananlar fonunda Laçın rayonunu öz “doğma  vətəni”  sayması üçün  heç  bir  əsası  yoxdur.

Müəllif: Ayna.az      8 Mart 2021 12:16
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin