Əsas səhifə Haqqımızda Xəbər lenti

Maşınları cərimə meydançalarında qalanlar - Sizi sürpriz gözləyir

Maşınları cərimə meydançalarında qalanlar -           Sizi sürpriz gözləyir

Vaqif Əsədov: “Avtomobillərin utilizasiya edilməsi ilə bağlı qanunvericilikdə bir maddənin olmasının tərəfdarıyam”

 

Ərşad Hüseynov: “Həmin avtomobillərin taleyi ilə bağlı məsələlərə hüquqi aydınlıq gətirilməlidir”

 

Cərimə meydançalarında illərlə öz sahibini gözləyən avtomobillər var. Bəzən qəza nəticəsində yararsız vəziyyətə düşən və ya qismən zərər görən avtomobillər cərimə meydançasına aparılır, daha sonra həmin nəqliyyat vasitələrinə illərlə sahib çıxan tapılmır ki, tapılmır...

 

Bəlkə də həmin şəxslər düşünürlər ki, avtomobillərini nə vaxtsa gedib götürə bilərlər. Amma onlar xəbərsizdirlər ki, cərimə meydançalarında uzun müddət qalan avtomobillərin sahibərini gözlənilməz sürprizlər gözləyir. Bəs, bu sürprizlər nədən ibarətdir?

 

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimayyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov AYNA vasitəsilə həmin sürprizlərin nələrdən ibarət olduğunu bir-bir izah edib.

Image result for Vaqif Əsədov

Onun sözlərinə görə, sahibi avtomobilini cərimə meydançasından götürən zaman müəyyən ödənişlər etməlidir: “Həmin avtomobilin evakuatorla meydançaya gətirildiyinə və hər gün meydançalarda saxlandığına görə müəyyən olunan vəsaitin ödənilməsi ilə şəxs öz avtomobilini cərimə meydançasından götürə bilər”.

 

Polkovnikin sözlərinə görə, 2019-cu ildə cərimə meydançalarında təxminən 600 sahibsiz avtomobil var idi ki, onların sahibləri tapılıb, həmin avtomobillərin utilizasiya edilməsi üçün avtomobil sahiblərinin özləri ilə razılığa gəlinib: “Müxtəlif cərimə meydançalarında uzun müddət qəzalı vəziyyətdə və ya yararsız vəziyyətdə olan avtomobillərin sahiblərini tapdıq və onlarla profilaktik söhbətlər apardıq. Onlara məsələni izah etdik, hüquq və vəzifələrini başa saldıq və həmin avtomobillər birbaşa utilizasiya üçün göndərildi. Yəni, dövlət nömrə nişanları və qeydiyyat şəhadətnamələri utilizasiya üçün təhvil verildi və onlar çıxdaş edildi. Avtomobillərin sahibləri özləri maşınlarını metalloma təhvil verdilər”.

 

“Hətta elə də olur ki, avtomobilə sahib çıxan olmur. Çətinlik bu zaman yaranır. Çünki utilizasiya ilə bağlı qanunvericilikdə konkret tələb olmadığından həmin avtomobillər şəhərdən kənarda olan ərazilərdə xüsusi mühafizə xidmətinin iştirakı ilə saxlanılır.

 

Amma çox zaman həmin insanlara izah edilir ki, həmin avtomobilin illərlə cərimə meydançalarında qalması ailə büdcəsinə əlavə ziyan yaradır. Çünki hər gün üçün 1 AZN məbləğində ödəniş etməli olurlar”, - Əsədov əlavə edib.

 

V.Əsədov sahibsiz qalan avtomobillərin aqibətinin qanunvercilik qaydasında həll olunmasının tərəfdarıdır: “Avtomobillərin utilizasiya edilməsi ilə bağlı qanunvericilikdə bir maddənin olmasının tərəfdarıyam. Çünki nəqliyyat vasitəsi maxsimum altı, doqquz ay qaldıqdan sonra avtomobilin orda qalma səbəbi araşdırılır. Əgər şəxs öz avtomobilinə sahib çıxmırsa, avtomobilin utilizasiyaya getməsi üçün qanunda bununla bağlı bir tələb olmalıdır”.

Image result for Ərşad Hüseynov

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə AYNA-ya deyib ki, əslində cərimə meydançasında avtomobil müəyyən müddətə qədər saxlanılmalıdır: “Cərimə meydançlarında sahibsiz qalan avtombillərin saxlanc haqqını Tarif Şurası müəyyən edib. Həmin avtomobillərin cərimə meydançalarından götürülməsi ilə bağlı dəqiq hüquqi mexanizm yoxdur. Dəqiq hüquqi mexanizmin olmaması ölkəmizdə avtomobilləşmənin doğurduğu fəsadların təzə-təzə görüməyə başlamasıdır. Məsələn, hansı ölkədə ki, yüksək dərəcədə avtomobilləşmə var, onlar 30-40 il əvvəl bu məsələni hüquqi olaraq həll ediblər. Bu sistem Rusiya və Avropada çoxdan tətbiq edilib. Əgər hər hansı bir nəqliyyat vasitəsi cərimə meydançaları kimi ictimai yerlərdə uzun müddət baxımsız qalırsa, həmin rayonun icra hakimiyyəti, bələdiyyəsi və yaxud da bu, yol polisinin mühafizə olunan duracağıdırsa, bu, Dövlət Yol Polisinin özü ola bilər. Həmin qurumlar sahiblərinə xəbərdarlıq edirlər ki, müəyyən müddət ərzində gəlin, avtomobilinizi götürün”.

 

“Əgər həmin avtomobil sahibi avtomobilini götürməzsə, o zaman həmin qurumlar məhkəmədə iddia qaldırırlar ki, həmin nəqliyyat vasitələrinin məcburi utilizasiyası ilə bağlı məhkəmə qərar çıxarsın. Məhkəmə də məsələni araşdırır. Araşdırma da ondan ibarətdir ki, qısa vaxtda həmin avtomobilin mülkiyyətçisi kim olub? Buna niyə sahib çıxan yoxdur? Araşdırmadan sonra həmin avtomobil utilizasiyaya verilir və yaxud da təkrarən emala aparılır”, - ekspert qeyd edib.

 

Ə.Hüseynov hesab edir ki, bu qanun bizdə yoxdursa, biz yalnızca avtomobilin sahibini tapmağa məcburuq: “Bunun başqa yolu yoxdur”.

 

Ekspertin sözlərinə görə, elə maşınlar var ki, həmin cərimə meydançalarına elə problemlərlə düşürlər ki, problemi aradan qaldırıb, həmin nəqliyyat vasitəsini ordan götürmək təzəsini almasından daha baha başa gəlir:

 

“Elə hallar da olur ki, ağır yol-nəqliyyat qəzası zamanı maşının sahibi elə maşındaca dünyasını dəyişir. Həmin şəxslərin yaxınları onun avtomobilini heç görmək istəmirlər. Burada da mənəvi-psixoloji məsələ faktor olaraq göstərilir. Bu tipli məsələlərdə də maşınların aqibəti heç nə ilə nəticələnir. Bütün bu məsələlərə görə mütləq utilizasiya proqramı olmalıdır. Həmin avtomobillərin taleyi ilə bağlı məsələlərə hüquqi aydınlıq gətirilməlidir”.

 

Kiçik bir araşdırmamız nəticəsində məlum oldu ki,  Almaniyada bu cür yararsız avtomobillər ilə Dövlət Yol Polisi ümumiyyətlə məşğul olmur. Bu işin icrası avtomobil sahibi və sığorta şirkətinin üzərinə düşür. Əgər avtomobilə baxış keçirən zaman qərar alınırsa ki, o, artıq tamamilə yarasızdır, o zaman sahibinə sənəd təqdim olunur. Həmin sənəd əsasında maşın sahibi sığorta şirkətinə dəyən ziyanı ala bilir. Avtomobili qeydiyyatdan çıxarır və onu utilizasiyaya aparır. Bütün bunlara cavabdehliyi avtomobil sahibi daşıyır. O, istədiyi yerdə maşını atıb gedə bilməz – çünki olduqca böyük cəriməsi var. İstifadəyə yarasız avtomobil mütləq utilizasiya verilməli və ordan da onu təsdiq edən sənəd almalıdır.

 

Azərbaycana gəldikdə isə utilizasiya ilə bağlı qanun hələ ki, müzakirə mərhələsindədir. Sənəd qəbul olunarsa, dayanacaqlarda illərlə qalan avtomobil müəyyən vaxtdan sonra utilizasiya olunacaq.

Müəllif: Ülviyyə Şahin      22 Fevral 2021 21:11
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin