Əsas səhifə Haqqımızda Xəbər lenti

“Heydər Əliyev bizimlə özəl söhbətində dedi ki...” - Leonid Krutakov

“Heydər Əliyev bizimlə özəl söhbətində dedi ki...” -       Leonid Krutakov

Rusiyalı ekspert: “İndi Ermənistan öz geosiyasi oriyentasiyası məsələsinə qərar verir: Amerika, yoxsa Rusiya”

 

Rusiyalı ekspert, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti Leonid Krutakov AYNA-ya özəl münasibəsində Qarabağa dair sülh razılaşmasından danışıb.

 

- Ermənistan atəşkəs imzaladı və işğalçı qoşunlarını Azərbaycan ərazisindən çıxarmağa razılaşdı. Problem ondadır ki, Ermənistan bu addımı hərbi məğlubiyyətdən sonra atdı. Beynəlxalq hüquq baxımından müharibəni uduzan tərəf hansı öhdəlikləri yerinə yetirməlidir?

 

- Sülh razılaşmaları (atəşkəs, qoşunların çıxarılması) həmişə tərəflərdən birinin hərbi məğlubiyyətindən sonra bağlanır. Son nümunə İlovaysk hadisəsi və bundan sonra Donetskdə bağlanan atəşkəsdir. Müharibə və qanun bir-birinə uyğun gəlməyən anlayışlardır. Burada yalnız qalib gələnlərin iradəsi və müdrikliyi vacibdir - məğlub olanları alçaldıcı vəziyyətə salmaq olmaz. Çox əvvəllər, “Komsomolskaya Pravda”ya müsahibədən sonra, özəl bir söhbətdə, sizin mərhum Prezidentiniz Heydər Əliyev bizə bu cümləni söylədi: “Heç vaxt insanı siçovul kimi küncə sıxmayın. Əgər bunu edirsənsə, onu öldür. Əks təqdirdə intiqam və qisas olacaq...” Qarabağla bağlı razılaşma, ağlabatan bir kompromisin bütün əlamətlərini daşıyır və Azərbaycanın humanizm prinsiplərini rəhbər tutduğunu göstərir.

 

- İşğal olunmuş ərazilərdən çıxan ermənilər əllərinə düşən hər şeyi məhv edirlər. Meşələri yandırır, evləri dağıdır, nadir endemik heyvan və bitki növlərini məhv edirlər. Azərbaycan bu əməlləri Ermənistandan təzminat alacağı cinayətlər siyahısına daxil etməlidirmi?

 

- Əgər ortada hər hansı bir barbarlıq varsa, münaqişə tərəfləri bunun qeydlərini aparmalıdır. Bu, dərhal ödəniş və təzminat məsələsi deyil. Şübhəsiz ki, iddialar irəli sürülməlidir, lakin onların ödənişlərinə inanmaq adətən boş bir ümiddir. Barbarlıq faktlarını qəbul etmək uzunmüddətli perspektivdə mənəvi və siyasi üstünlüyü təmin etmək üçün bir fürsətdir.

 

- Azərbaycan hakimiyyəti Ermənistandan dəymiş ziyana görə 50 milyard dollar tələb edəcəyini açıqladı. Ancaq bildiyimiz kimi, Ermənistanın nəinki bu qədər, heç bu məbləğin onda biri qədər də pulu yoxdur. Beynəlxalq hüquq kifayət qədər pulu olmayan tərəfdən təzminat vəsaitinin alınmasını necə tənzimləyir?

 

- Heç cür tənzimləmir. Təzminat məsələsi həmişə tərəflərdən birinin gücü və üstünlüyü ilə həll edilib. Aparıcı ölkələrin çoxu uduzan dövlətin ödəmə ehtiyacını tanımalıdır. Ancaq bu da zəmanət deyil. Birinci Dünya müharibəsindəki məğlubiyyətdən sonra Almaniya belə, ondan tələb edilən təzminatı sona qədər ödəmədi. Bu vəziyyətdə beynəlxalq səviyyədə bəzi məhkəmə qərarları tələb olunur. Ancaq bu, mənəvi məmnunluqdan başqa bir şey gətirməyəcək. Bu gün beynəlxalq qurumlar işləmir və bunu ABŞ və NATO-nu Yuqoslaviya, İraq, Liviya, Suriyada, həmçinin Rusiya və Çinə qarşı sanksiya tətbiq edərkən, mükəmməl şəkildə nümayiş etdirdi.

 

- Hamının bildiyi kimi, əslində Ermənistanın təslim olmasının kamuflyaj edilmiş bir forması olan atəşkəs razılaşmasının imzalanması Moskvanın birbaşa iştirakı ilə mümkün oldu. Paşinyan hökumətini devirən erməni tərəfi radikalları hakimiyyətə gətirərsə və yenidən hərbi əməliyyatlara başlayarsa, Rusiya rəhbərliyi buna necə reaksiya göstərəcək? Şübhələr göydən götürülmür, İrəvanda hansı əhval-ruhiyyənin hökm sürdüyünə baxmaq kifayətdir...

 

- Bu gün İrəvanda radikallaşmamaq məsələsi həll olunur, İrəvanın Qarabağa münasibəti dəyişməzdir və kimin iqtidarda olmasından asılı deyil. İndi Ermənistan öz geosiyasi oriyentasiyası məsələsinə qərar verir: Amerika tərəfdarı mövqeyi və ya Tehran və Moskva ilə ənənəvi ittifaq. Rusiya müqavilələrin iştirakçısıdır (imzalayan tərəflərdən biridir) və təbii ki, onların həyata keçirilməsinin qarantıdır.

 

- Bu yaxınlarda Pakistan-Rusiya ortaq hərbi təlimi keçirildi. Bunun səbəbi nədir? Axı əvvəllər Rusiyanın ənənəvi müttəfiqi Hindistan sayılırdı. Rusiyanın siyasətində ciddi dəyişikliklər olduğunu söyləyə bilərikmi və belədirsə, bu dəyişikliklərin səbəbləri nədir?

 

- Hindistan və Pakistan Şanxay Əmədaşlıq Təşkilatına daxildir. Amerikanın parçalanma və bölünmə oyunundan fərqli olaraq, Avrasiya məkanında ziddiyyətlərin aradan qaldırılması üçün məkanı birləşdircək bir fikir və mexanizm axtarışı gedir. Və təbii ki, Çin faktoru da nəzərə alınmaya bilməz.

 

- Çini xatırlatdız. Yeri gəlmişkən, Qarabağ müharibəsinin sona çatması “Bir Kəmər - Bir Yol” meqayihəsinin həyata keçirilməsinə necə təsir edəcək?

 

- İnteqrasiya layihələrini təşviq etmək üçün təcili olaraq ziddiyyətləri həll etmək və ortaq normalar məkanı yaratmaq lazımdır. Odur ki, Qarabağdakı sülh Çin, Rusiya və İran üçün faydalıdır. Qafqaz Avrasiyanın əsas qovşaqlarından biridir.

Müəllif: Yusif Poladov      16 Noyabr 2020 23:08
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin