COVID-19 mənzərəsi: Yalanlar içərisində həqiqət axtarışı

COVID-19 mənzərəsi: Yalanlar içərisində həqiqət axtarışı

Koronvairusla bağlı saxta xəbərlərin yayılması insanların fikrinə şübhə toxumları səpir

 

Azərbaycanda koronavirusun yayılmasına qarşı mübarizə tədbirləri davam edir. Lakin bəzi insanlar hələ də virusun olmadığı, bəziləri isə deyildiyi qədər təhlükəli olmadığı qənaətindədirlər. Bununla yanaşı, pandemiya sürətini artırandan sonra istər yerli və beynəlxalq mətbuatda, istər sosial şəbəkələrdə, istərsə də ictimaiyyət arasında koronavirusla bağlı saxta məlumatların yayılması insanlarda şübhələr yaradır, fikirlərini qarışdırır. Ki, bu da inamsızlığa səbəb olur.

 

Bəs, koronavirusla bağlı yayılan saxta məlumatlar nəyin göstəricisidir? İnsanların fikirlərinin qarışmasına səbəb olan məlumatlar haradan qaynaqlanır?

Cavid Osmanov: “Ermənistanın inkişaf perspektivi yoxdur”

Millət vəkili Cavid Osmanovun AYNA-ya dediyinə görə, bu məsələni tək Azərbaycanda yox, inkişaf etmiş dövlətlərin timsalında da görmək olar: “Hətta, vaxtı ilə İtaliyada, İspaniyada baş verən hadisələr də ona görə baş vermişdi ki, məhz insanlar bu virusun olduğuna inanmır və qoyulan qaydalara riayət etməkdən imtina edirdilər. Təbii ki, burada müxtəlif sosial şəbəkələr üzərindən yayılan məlumatlar, virusun bilərəkdən icad olunması ilə bağlı fikirlər, virusun fövqəldövlətlərin oyunu kimi qələmə verilməsi, müxtəlif videoroliklərin çəkilməsi insanlarda çaşqınlıq əmələ gəlməsinə şərait yaratmışdı”.

 

“Amma onu da qeyd etmək lazmdır ki, hüquq mühafizə orqanları bununla bağlı çox ciddi işlər aparır. Mən, hətta bu qaydaların bir az da ciddiləşdirilməsinin tərəfdardıyam. Çünki bilərəkdən yalan məlumatlar yayan insanlar birbaşa cinayətlə məşğuldurlar. Çünki onların yaydığı saxta məlumatlar kiminsə virusa yoluxmasına və nəticədə virusa yoluxanlardan bir neçəsinin həyatını itirməsinə səbəb olur. Cinayətin də böyük və kiçikliyi ondan ibarətdir ki, bir var soyuq silahla kimisə öldürürsən, bir də var aldadıb öldürürsən. Nəticədə ikisi də eynidir. Ona görə də bu məsələdə daha ciddi tədbirlər görülməsinin, belə insanlara cinayət işi açılmasının tərəfdarıyam”, - deputat bildirib.

Media hüququ eksperti Ələsgər Əhmədoğlu AYNA-ya deyib ki, mediada yayılan saxta xəbərlər bütün dünyanın problemidir və müxtəlif zamanlarda ciddi konfliktlərə səbəb olub: “Saxta xəbərlər iki istiqamətdə olur: 1) Şüurlu şəkildə yayılan dezinformasiya; 2) Reytinq xatirinə manipulyasiya. Əslində isə bunlardan ən təhlükəlisi dezinformasiyadır. Çünki dezinformasiya qəsdən toplumda bəlli bir fikir yaratmaq, ya da bəlli fikirləri yanlışa çevirmək məqsədi daşıyır. Bu isə bəzən informasiya müharibələri dediyimiz kənar müdaxilələrdən də baş verə bilər”.

 

“Diqqət etsək, koronvairusla bağlı ilk dönəmlərdə yayılan saxta xəbərlərin böyük əksəriyyəti, xüsusən də yerli sosial mediada yayımlanan xəbərlərin əksəriyyəti rusdilli resurslardan yayılan Rusiya mənşəli xəbərlər idi. Çünki bu, koronavirusun ciddi olmadığını, ikinci ölkə tərəfindən ortaya atıldığını, oyun olduğunu bildirmək üçün sistemli şəkildə işlənmişdi. Bu dezinfomasiya da cəmiyyətdə xeyli sayda insanın bu məsələyə diqqətini azaltmış və təhlükə yaratmışdı”, - o bildirib.

 

“Koronavirus əslində, çox təhlükəli xəstəlikdir. Çünki bunun peyvəndi yoxdur, virusa qarşı immunitet zəifdir və bədəndə başqa xəstəliklər də varsa, ölümə qədər apara bilir. Ona görə də fevral, mart və aprel aylarında yayılan dezinformasiya təəssüf ki, ciddi şəkildə effektiv oldu. Burada isə məqsəd şüurlu şəkildə dezinformasiya yaymaq və bir toplumun, bir cəmiyyətin inamını qəsdən azaltmaq da ola bilər, saxta xəbərlərlə reytinq tirajlamaq da. Təəssüf ki, bunun hər ikisi tək Azərbaycanda deyil, bütün dünyada populyardır”, - Əhmədoğlu vurğulayıb.

 

Ekspert əlavə edib ki, medianın zaman-zaman operativ xəbər çatdırma, birinci olma cəhdi faktlara söykənmədən xəbər yaymaqla nəticələnir: “Ki, bu da səhv məlumatların yayılmasına səbəb olur. Çünki peşəkar jurnalistika obyektiv, qərəzsiz və dəqiq olmağı, həm də ilkin mənbədən dəqiqləşdirməyi tələb edir. Amma dəqiqləşdirmə ilə operativlik bir-biri ilə yarışır və operativlik önə keçəndə obyektivlik geri qalır. Bu da yalan, saxta məlumatların yayılmasına daha çox rəvac verir”.

Vekil Pasha Safarov - Home | Facebook

AYNA-ya açıqlamasında hüquqşünas Paşa Səfərov diqqətə çatdırıb ki, vətəndaşın istənilən məsələyə münasibət bildirməkdə ifadə azadlığı var: “Yəni, hansısa dövlət qurumunun, yaxud vəzifəli şəxsin fikirlərinə adi vətəndaşların münasibət bildirməsi fikir azadlığına uyğundur. İstənilən şəxs hər hansı bir vəzifəli şəxsin həyatı ilə bağlı yox, vəzifəsi ilə bağlı əsaslar olduğu təqdirdə, tənqid edə bilər. Bu, onun hüququdur. Amma həmin fikirdə artıq böhtan varsa, bu, cinayət məsuliyyəti yaradır”.

 

“Məsələn, vəzifəli şəxsin ifadəsini əsassız saymaqla yanaşı, ona böhtan atmış oluruq, yaxud təhqir edirik. Burada artıq Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən, cinayət məsuliyyəti nəzərdə tutulur. Amma ümumi olaraq vətəndaş hansısa açıqlamaya “inanmıram” deyirsə, normaldır, çünki fikrini deməkdə sərbəsdir. Lakin həmin açıqlamanı yayan şəxsi “yalan danışmaq”da günahlandırırsa, artıq şəxsin mülki məsuliyyəti yaranır. Yəni həmin şəxs, yaxud qurum şəxsə qarşı “işgüzar nüfuza xələl gətirmək”lə bağlı iddia irəli sürə və müəyyən bir məbləğdə kompensasiya tələb edə bilər”, - Səfərov söyləyib.

Müəllif: Mərahim Nəsib      16 İyul 2020 13:39
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin