“Başqa iş axtarmaq haqda düşünürük” – Sonuncu səhnə

“Başqa iş axtarmaq haqda düşünürük” –   Sonuncu səhnə

Səbinə Məmmədova: “Aktyorun, aktrisanın hərəkətsiz formada evdə qalması əziyyətlidir”

 

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının yayılması və geniş vüsət alması mədəniyyət və incəsənət sahələrinə də təsirsiz ötüşməyib. Belə ki, konsertlər təxirə salınıb, dövlət tədbirləri qadağan edilib, film və serial sektorunda durğunluq əmələ gəlib, teatrlar isə fəaliyyətini tamimlə dayandırıb.

 

Maraqlıdır, bəs, mədəniyyət və incəsənət sahələrində fəaliyyət göstərən şəxslər bu müddət ərzində hansı işlə məşğul olurlar? Peşə fəaliyyətlərinin dayandırılması onlara maddi və mənəvi baxımdan necə təsir edib?

AYNA-nın həmsöhbəti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Tetarının aktrisası Səbinə Məmmədova deyir ki, çətin də olsa, bu müddət ərzində yaşam tərzini dəyişməyə məcbur oub: “Əlbəttə ki, teatrın yerini heç nə əvəz edə bilmir. Amma boş zaman ərzində bir xeyli film izlədim, yarımçıq qalmış kitablarımı oxudum. Bundan əlavə, gimnastikayla məşğul oldum, bədənimi bir az da tərbiyə elədim. Həm də çalışdım ki, fürsətdən istifadə edib bədii yaradıcılıqla məşğul olum. Mən çox hərəkətliyəm, enerjimi yalnız sənətlə çıxara, təbiətlə bərpa edirəm. Ona görə də çalışırdım ki, enerjimi stabilləşdirim. Çünki bütün hallarda asosiallıq insanı çox yorur. Aktyorun, aktrisanın hərəkətsiz formada evdə qalmağı əziyyətlidir. Ümid edirəm ki, tez bir zamanda ara məsafəsi qorunmaqla teatr salonları açılar”.

 

“Bununla yanaşı, potensialımı artırmaq üçün filmlər izləyib nəticələrini yazdım. Məsələn, kapitalizmdən bəhs edən “Platforma” filmini izlədim və filmin ali məqsədi və psixoloji nüansları haqqında yazı yazdım. Mixayıl Çexovdan tərcümələr edirəm. Amma başa düşürəm ki, tək əldən səs çıxmır, alqış üçün cüt əl lazımdır”, - aktrisa bildirir.

Məmmədova bu zaman ərzində işlərinin yarımçıq qaldığını qeyd edir: “Mənim çəkildiyim serial digər seriallar kimi mart ayında bitdi. İştirak etdiyim serialın bitməsi də pandemiya dövrünə təsadüf etdi. Bu zaman ərzində mənə başqa bir serialdan təklif də gəlmişdi, sadəcə, başqa seriala çəkilə bilməzdim. Çünki növbəti mövsümdə həmin seriala davam etməli idik. Lakin texniki səbəblərdən serialın davam etməsi alınmadı. Digər serialdan da imtina etmişdim deyə, boşluq oldu. Amma mən həm də “Azanfilm”in cizgi filmlərini səsləndirirəm. Karantin rejimi yumşalandan sonra səsləndirməyə yenidən qayıtdım. Amma ümumi götürəndə durğunluqdur. Hətta, hərdən həmkarlarımla yeni iş axtarmq haqqında düşünürük (gülür – M.N.).

Müəllif: Mərahim Nəsib      3 İyul 2020 22:37
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin