Əsas səhifə Haqqımızda Xəbər lenti

İranla Ermənistan arasında təhlükəli oyun

İranla Ermənistan arasında təhlükəli oyun

Tofiq Zülfüqarov: “Tehran öz məqsədlərinə çatmaq üçün ABŞ-dakı erməni diasporundan fəal şəkildə istifadə edir”

 

İran-Azərbaycan münasibətləri, müxtəlif sahələrdə kifayət qədər sıx əməkdaşlığa baxmayaraq, həmişə çətin olub. Bəli, dövlət başçıları görüşürlər, isti münasibətlərdən danışırlar, amma eyni fonda, artıq neçənci dəfə Azərbaycan cəmiyyəti gizli bir oyunun şahidi olur – Tehranın Qarabağ separatçılarına yardım etməsi kimi növbəti oyunun.

 

AYNA-nın mövzuya dair suallarını Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov cavablandırıb.

 

- Tofiq müəllim, İranın Ermənistanı dəstəklədiyi və bəzi İran məhsullarının Qarabağdakı separatçılara göndərildiyinə dair yeni məlumatlar ortaya çıxır. Siz Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri olmusunuz, iranlılarla danışıqlarda iştirak etmisiniz. İran niyə erməniləri bu qədər dəstəkləyir?

 

- İran-Azərbaycan münasibətləri iki dövlət arasında mövcud olan bütün problemlərlə yüklənir. Münasibətlərin problemli olduğunu demək istəmirəm, amma iqtisadi sahədə, ticarət, tranzit, humanitar sahələrdə bir sıra nailiyyətlərlə yanaşı, bir sıra problemlər var. Xəzərin hüquqi statusundakı fikir ayrılıqlarını, Azərbaycanın İrandakı soydaşlarımıza yönəlik siyasətini qeyd etmək olar. azərbaycanlılarına münasibətdə siyasətini ayırd etmək olar. Eyni zamanda, İran siyasi elitası Azərbaycanın Qərbə qapılarını açmasına həzm edə bilmir. Onların fikrincə, biz bölgədə üçüncü qüvvələrə yol açırıq. Bütün bu problemlər qrupu könüllü və ya ixtiyari olaraq Ermənistan-Azərbaycan münasibətlərinə təsir göstərir və İranın siyasi elitasının bir hissəsi Ermənistan-Azərbaycan münaqişəsini, aradakı digər problemləri həll etmək üçün Bakıya təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Bu sxem həmişə mövcuddur, bəzən daha intensiv istifadə olunur, bəzən də olunmur.

 

Xatırladım ki, ABŞ-da erməni lobbisi çox fəaldır və Ermənistan-İran münasibətləri, o cümlədən Azərbaycana qarşı yönəlmiş münasibətlər İran dövlətinin erməni lobbisi ilə əməkdaşlığı kontekstində nəzərə alınmalıdır. Nə İsrail, nə də ABŞ Ermənistanla İran arasında hər hansı bir əməkdaşlıq formasını qəbul edir. İran hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edən şirkətlərin sanksiyalara məruz qaldığı ilə bağlı bir çox nümunəni bilirik. Lakin ABŞ-dakı erməni diasporu bu təhdidləri zərərsizləşdirir. İran siyasi rəhbərliyi məqsədlərinə çatmaq üçün ABŞ-dakı erməni diasporundan fəal şəkildə istifadə edir. Ermənilərin hər zaman İran ilə ABŞ arasında bir növ körpü olduğu iddialarını sübut edən bir çox fakt var.

Tofiq Zülfüqarov: “Onu mən

- Ancaq bununla yanaşı, İran Azərbaycana qarşı dost münasibətdə olduğunu nümayiş etdirməyə çalışır...

 

- Azərbaycan-İran münasibətlərindən danışarkən başa düşməliyik ki, İranın Qarabağ probleminin həllində ilk vasitəçilik cəhdləri Şuşanın işğalı fonunda baş verdi. O vaxt mən hökumət nümayəndə heyətinin tərkibində Tehranda idim. Şuşanın işğalı xəbəri gəldiyi zaman biz Tehran tərəfdən konkret addımların atılacağını güman edirdik. Çünki Tehranda Dağlıq Qarabağ münaqişəsi müzakirə edidiyi bir vaxtda Şuşanın işğalı İranın vasitəçilik missiyasına tamamilə hörmətsizlik idi. Lakin İrandan heç bir addım görmədik. O vaxtdan bəri Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsində İranın mövqeyindən çox ciddi şəkildə ehtiyatlanmağa başladı. İndi də İran elitasının bir hissəsi Ermənistan-Azərbaycan münaqişəsindən bölgədəki siyasi məqsədlərini həyata keçirmək üçün istifadə edir. Nəticədə bu gün işğal altındakı torpaqlarımızda İran yük maşınlarının peyda olduğunu görürük.

 

Bununla yanaşı, İranın Azərbaycana yardımlarını da qeyd etməmək olmaz. Sərhəd rayonlar işğal edilərkən qonşularımız humanitar yardım göstərdilərlər, azərbaycanlıların İran ərazisindən təxliyəsinə kömək etdi. Bütün bunlar olub və Azərbaycan bunu xatırlayır. Bununla yanaşı, bizə təzyiq göstərmək üçün istifadə olunan faktlar da var: hamı ermənilərin işğalı altında olan Azərbaycan-İran sərhədinin həmin hissəsində hidrotexniki qurğular qurmaq cəhdini xatırlayır. Deməli, Azərbaycan-İran münasibətləri çox mürəkkəb, çoxşaxəli bir sistemdir. Azərbaycanın Qərblə əməkdaşlığı, İsrail ilə yaxınlaşması İran siyasətindəki bəzi radikal elementləri qıcıqlandırır. Hər dəfə Tehran mehriban qonşuluq münasibətlərinin ruhuna zidd bir hərəkət etsə, biz də qisas ala bilərik.

 

İran və Qarabağ separatçılarının əməkdaşlığını sübut edən son faktlara gəlincə isə, bunu birmənalı qiymətləndirmək çətindir. Ancaq düşünürəm ki, iki ölkə prezidentləri arasında son telefon danışığı Ramazan ayı ərəfəsində baş tutdu və yəqin ki, bu məsələlər müzakirə olunub. İran siyasi quruluşunda iki ölkə arasındakı mehriban qonşuluq münasibətlərinin əhəmiyyətini dərk edən və həqiqətən də onların inkişafına töhfə verən siyasətçilər çoxdur.

 

- Qarabağda yeni açıq müharibə başlayarsa, İran Ermənistana açıq şəkildə dəstək verəcəkmi?

 

- Ermənistanda yaxşı bilirlər ki, İran müharibə vəziyyətində onları açıq şəkildə dəstəkləyərsə, bu, onların Qərbdəki imicinə çox mənfi təsir edəcək. İrandan müəyyən kömək aldıqdan sonra Qərbin siyasi dəstəyini itirəcəklər. Əvəzində Azərbaycan həm Qərbdən, həm də İsraildən böyük dəstək alacaq. Ermənistanda oynamağa çalışdıqları “İran kartı”nın sikkə kimi iki üzü var. Və bu, həm Ermənistan, həm də İran üçün çox təhlükəli bir oyundur. Paşinyanın İrana səfəri zamanı törədilən təxribatı və sonra azərbaycanlıların yaşadıqları bölgələrdə baş verənləri, xatırlayın...

 

İran üçün Ermənistan-Azərbaycan münaqişəsi çox çətin bir mövzudur və o, bu istiqamətdə uğur qazanmağın asan olmayacağını gözəl bilir. Üstəlik, Tehran Bakı ilə tərəfdaşlığını itirə bilər və bu, onun üçün çox vacib məqamdır. Çünki Azərbaycanla sərhəd ən sabit və təhlükəsiz bölgəsidir İranın.

Müəllif: Nicat Hacıyev      27 Aprel 2020 21:00
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin