Neft bazarında tələb-təklifə aşkar müdaxiləyə siyasi faktor kimi baxmaq lazımdır

İqtisadiyyat

07.04.2020 - 15:04

Heç bir şərh vermədən və nəticə çıxarmadan sadəcə statistik nəticələri təqdim edirəm

 

Geopolitik amillərin neftin qiymətinə təsiri aydındır. Söhbət əsas neft hasilatçılarını və neft nəql məntəqələrini də öz içərisinə alan regional müharibələr və hərbi qarşıdurmalar (məsələn, hazırda Liviya nümunəsi), bazar payı yüksək olan istehsalçıları bazarlardan çıxaran beynəlxaql sanksiyalar (hazırda İran və Venesuela nümunəsi) nəticəsində bazarda təklifə ciddi təsir göstərən faktorlardan gedir.


Əslində, dövlət başçılarının birbaşa iştirakı ilə kartel razılaşmaları sayəsində neft bazarında tələb-təklifə aşkar müdaxiləyə də iqtisadi deyil, siyasi faktor kimi baxmaq lazımdır.
İqitsadi faktorlar aydındır - iqtisadi artım və aparıcı neft istehlakçılarının iqtisadi böyüməyə paralel tələbatın artımı, iqtisadiyyatda qənaətli enerji texnologiyalarının tətbiqi (ÜDM-nin hər vahidinə düşən enerji sərfinin azalması, yanacaq sərfi azalan avtomobillərin sayının artımı), alternativ enerji növlərinin genişlənməsi (külək və günəş enerjisi, elektromobillər və s.), neft anbarlarında ehtiyatların həcmi, geoloji faktorlar (yeni ehtiyatların tapılması, yaxud mövcud quyuların verimliliyinin azalması), böyükmiqyaslı təbii fəlakətlər (uraqan, sunami, zəlzələ və s.) səbəbindən iqtidsadiyyatda yavaşlamalar, yaxud iri neft hasilatlçısı olan ölkələrdə neft təklifinin azalmasına səbəb olan təbiət hadisələri və s. daxildir. Unutduğum, sizin yadınıza düşən vacib amillər olsa, siyahını uzada da bilərik.


Amma deyəcəyim başqa məqamdır.


Beynəlxalq Energetika Agentliyinin, Rusiyanın Qaydar institunun və Dünya Bankının məlumatları əsasında yığcam bir statistik məlumat bazası yaratdım. 1980-2019-cu illərdə 10 illiklər üzrə neftə tələbat necə dəyişib, iqtidadi artım necə olub, neftə tələbat və iqtisasi artım arasında korrelyasiya necə olub, neftə tələbatla onun qiyməti arasında əlaqə necə olub. Heç bir şərh vermədən və nəticə çıxarmadan sadəcə statistik nəticələri təqdim edirəm. Analizi ayrıca bir yazıda yazacam. Amma bu statistik nəticəyə sizin rəyləriniz çox maraqlıdır.

 

1980-1989 neftə tələbat 6.7% artıb, iqtisadi böyümə 40% təşkil edib , neftin qiyməti azalan xətlə ilə orta illik qiymət 18-37 dollar aralığında dəyişib


1990-1999 neftə tələbat 18% artıb, iqtisadi böyümə 36% təşkil edib, neftin qiyməti azalan xətlə orta illik qiymət 18-23 dollar arasında dəyişib


2000-2009 - neftə tələbat 12% artıb, iqtisadi böyümə 38% təşkil edib, neftin qiyməti əsasən artan xətlə 24 -140 dollar arasında dəyişib


2010-2019 - neftə tələbat 13% artıb, iqtisadi böyümə 44% təşkil edib, neftin qiyməti kəskin artıb-azalma ilə orta illik qiyməti 43-111 dolla arasında hərəkət edib

 

Bu statistik xəbərdə 2 məlumat çatmır: təklifin həcmi və ehtiyatların həcmi. Tələb, təklif və ehtiyatlar arasında korrelyasiyanı da ayrıca təqdim edəcəm...

 

Bir əlavə edim – iqtisadi artımla bağlı bütün illər üzrə göstəriciləri Dünya Bankının məlumat bazasından götürmüşəm, amma 10 il üzrə artım göstəricisini iqtisadi nəzəriyyədə “70 il qaydası”na uyğun olaraq öz hesablamamdır. Bilirsiniz ki, kummilyativ artım metoduna görə, 70 il ərzində hər il sabit 1% artan iqtisadiyyat 2 dəfə böyümüş olur.

Müəllif: Rövşən Ağayev, iqtisadçı-ekspert