Nə Qərb, nə Rusiya: Azərbaycanın yolu türk dünyası istiqamətindədir

Siyasət

10.06.2024 - 17:51

Həkimlər Klinikalar SEO Xidməti

Deputat: “Türk Dövlətləri Təşkilatı qlobal gücə çevrilibsə, Azərbaycan niyə hansısa yad ailənin üzvü olmağa can atmalıdır ki...”

Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə TÜRKPA ölkələrinin spikerlərini qəbul edərkən Qərbin Azərbaycana və onun siyasətini qəbul etməyən ölkələrə münasibəti barədə maraqlı fikirlər səsləndirib. Ölkə başçısı Macarıstan Milli Assambleyası sədrinin çıxışından sonra səsləndirdiyi fikirlərdə bildirib ki, Azərbaycan ilə Macarıstan strateji tərəfdaşlardır, müvafiq sənədlər də imzalanıb: “Eyni zamanda, biz bir çox sahələrdə fəal işləyirik. Macarıstan bizim Avropa İttifaqındakı bir nömrəli tərəfdaşımızdır və bəzi hallarda Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüləndə birinci bizim müdafiəmizə Macarıstan qalxır. Bilirəm ki, buna görə Macarıstan da bəzi Avropa ölkələri tərəfindən təzyiqlərlə üzləşir. Ancaq Macarıstanın prinsipial mövqeyi, haqqın, ədalətin yanında olması, beynəlxalq hüquqa hörmətlə yanaşması onun beynəlxalq nüfuzunu böyük dərəcədə artırır”.

“Düzdür, bizim Avropa İttifaqı ilə münasibətlərimiz müsbət xarakterizə oluna bilər. Ancaq İkinci Qarabağ müharibəsindən və xüsusilə keçən ilin antiterror əməliyyatından sonra bəzi Avropa ölkələri bizə qarşı əsassız və vicdansız hücumlara başlayıb. Azərbaycanı ləkələmək, bizim işimizə kölgə salmaq, ağa qara, qaraya ağ demək, işğalçını dəstəkləmək, işğala məruz qalanları isə ləkələmək Avropa İttifaqının bəzi üzv ölkələri üçün həyat tərzinə çevrilib. Bunun təməlində heç də beynəlxalq hüququn normaları deyil, şəxsi xəstə ambisiyalar dayanır. Əfsuslar olsun ki, Avropada xüsusi yerə malik olmaq üçün can atan bəzi ölkələr anti-Azərbaycan qruplaşmanı da yarada bilmişlər. Avropa İttifaqına üzv olan ən azı üç ölkə bu gün Azərbaycana qarşı soyuq müharibə elan edib. Onların adları bəllidir. Macarıstan burada təkcə öz dostunu müdafiə etmir, haqqı, ədaləti müdafiə edir. Mən Avropadan gələn qonaqlara dəfələrlə demişəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, o ərazi bütövlüyünü ki, siz də onu tanımısınız, bütün dünya da tanıyıb. O ərazi bütövlüyünü ki, BMT Təhlükəsizlik Şurası işğala son qoyulması üçün 4 qətnamə qəbul edib. Ancaq BMT bir şey edə bilmədi, Avropa İttifaqı bir şey etmək istəmədi, ATƏT və onun Minsk Qrupu faktiki olaraq işğalçı Ermənistanın əlində bir anti-Azərbaycan alətə çevrilmişdi. Biz 28 il gözlədik. Biz sülh yolu ilə bunu həll etmək istədik. Amma biz gördük ki, bizə qarşı çıxanlar bu işğalı əbədi etmək istəyirlər. Onlar Ermənistandan Cənubi Qafqazda bir alət kimi istifadə etmək istəyirdilər ki, Ermənistan bütün qonşularına qarşı hücumlara keçsin. Biz haqqı bərpa etdik, öz ərazi bütövlüyümüzü müdafiə etdik, suverenliyimizi bərpa etdik. Yəni Macarıstan buna görə bizi müdafiə edir. Azərbaycan olmasın, istənilən başqa ölkə olsun, əgər o, haqq yolundadırsa, əminəm ki, bugünkü Macarıstan Hökuməti onun yanında olacaq”, - Prezident vurğulayıb.

Azərbaycan lideri əlavə edib ki,  macarıstanın Avropa İttifaqında təzyiqlərə məruz qalması Avropa məkanındakı elan edilmiş demokratik prinsiplərin tamamilə pozulmasıdır: “Macarıstan mübarizənin ön cəbhəsindədir və mən dəfələrlə dostum Viktor Orbana demişəm ki, sizə daha çətindir. Biz burada yerləşmişik, biz Avropa deyilik, necə deyərlər, Avropa ailəsinə girmək də istəmirik, istəsəydik də heç kim bizi oraya buraxmazdı. Ona görə biz burada yaşayırıq, heç kimin, necə deyərlər, sözü ilə oturub-durmuruq, heç kimə imkan vermirik ki, gəlsin buraya bizim işimizə müdaxilə etsin. Mənə dəymə, mən də sənə dəymərəm. Sən mənə dəyəcəksənsə, onda gözlə, sənin də başın ağrıyacaq. Amma Macarıstan orada yerləşir və hər gün təzyiqlərə məruz qalmaq nə qədər çətindir, bunu mən bilirəm. İndi Macarıstan Avropa İttifaqına sədrlik edəcək. İndidən artıq Macarıstana qarşı plan cızılır ki, bu sədrlik, necə deyərlər, sarsılsın və bu sədrlikdən Macarıstan necə məhrum edilsin”.

Azərbaycan Prezidentinin fikirləri ilə bağlı AYNA-nın suallarını cavablandıran Milli Məclisin deputatı Rasim Musabəyov deyib ki, ölkə başçısı bütün fikirlərində haqlıdır:

- Avropa İttifaqının Macarıstana, təkcə Macarıstana da yox, əsas güclərin istədiyinə qarşı siyasət yürüdən digər dövlətlərə də təzyiqlər edilir. Bu isə demokratiyadan danışan Qərbin iç üzünü göstəricisidir. İndi baxın, Aİ-yə Macarıstan rəhbərlik edəcək deyə, artıq bu ölkəyə qarşı planlar hazırlanır. Xüsusilə, Prezidentin dediyi üç ölkədən söhbət gedir. Bu ölkələr Avropa strukturlarından öz yaramaz təbliğatları, Azərbaycan üçün çirkin kampaniyalar məqsədi üçüb istifadə edə bilməyəcəklər. Bilirlər ki, Macarıstanın Baş naziri Viktor Orbanın Azərbaycana qarşı münasibəti yaxşıdır, Azərbaycan rəhbərinin yaxın dostudur. TÜRKPA-nın yığıncağında da Macarıstanın spikeri ioştirak etdi, müsbət bəyanatlar səsləndirdi. Hesab edirəm ki, Azərbaycanla bağlı Macarıstan çirkin oyunlara qarşı çıxacaq. Ölkəmizə qarşı əsassız iddiaların inkişafına Macarıstanın mane olacağı gözlənilir.

- Söhbət hansı iddiaların, fəaliyyətin inkişafından gedir?

- Məsələn, Avropada Ermənistana yardımla bağlı təklif var. Bu, anlaşılmaz məsələdir və Macarıstanın buna qarşı çıxacağı ehtimalı çoxdur. Anlamaq olmur, Ermənistana hərbi yardım məsələsini Avropada necə müzakirə etmək olar?! Axı Ermənistan hələ də Rusiyanın müttəfiqidir, Ermənistan ərazisində Rusiya hərbi bazası mövcuddur. Bu halda Qərbin Ermənistana hərbi yardımı gülüncdür. Ona görə də macarıstan buna qarşı çıxdı və bəyan etdi ki, bərabərlik pozulmamalıdır. Ermənistana hərbi yardım göstərilərsə, Azərbaycana da eyni yardım edilməlidir. Hesab edirəm ki, Fransa, Niderland, Lüksemburq kimi anti-Azərbaycan siyasəti aparan ölkələrin hiylələrinin keçməsinə Macarıstan imkan verməyəcək. İndi anti-Azərbaycan ölkələrinin başları seçkilərə qarışıb, onların Ermənistanın hayına qalmaq yadlarına da düşmür. Amma seçkilərdən, vəzifə bölgülərindən sonra hərəkətə keçəcəklər. Bu zaman da Macarıstan Azərbaycanın maraqlarının qorunması istiqamətində addımlar atacaq.  

- Prezident görüşdə həmçinin ATƏT-in Minsk Qrupundan danışdı və bildirdi kii, Bakı ilə İrəvan bu institutun ləğvi üçün birgə bəyanat verməlidirlər...

- Bu, əslində Ermənistana çağırışdır. Mən erməniləri tanıdığım üçün deyirəm, onlar bu çağırışa qoşulmayacaqlar. De-fakto ləğv olunmuş Minsk Qrupunun həmsədrləri Azərbaycana vasitəçilik adı ilə daha gəlmirlər. Anlayırlar ki, bu adla gələcəkləri halda onları heç kim qəbul etməyəcək, onlarla danışılmayacaq. Bakı həmsədr tanımır, həmsədrliyə artıq ehtiyac da yoxdur. Ermənistan isə onları hələ də qəbul edir. Keçmiş həmsədr ölkələrdən nümayəndələr gəldikdə, İrəvan bunu “Minsk Qrupunun həmsədrlərinin səfəri” kimi təqdim edirlər. Amma bunlar əbəsdir, çünki onların nəsə təklif etmək hüquqları yoxdur. Təəssüf ki, formal da olsa Minsk Qrupu qalır, onların “fəaliyyətinə” vəsait ayrılır. Azərbaycan bu barədə xəbərdarlıq edib ki, həmsədrlərin maliyyələşdirilməsi ilə bağlı veto qoyacaq. ATƏT çərçivəsində Azərbaycanın belə bir hüququ var. ATƏT-in bütün fəaliyyətini pozmaq istəmirik, amma Azərbaycanın tələbləri nəzərə alınmasa, bu hüququmuzdan istifadə edə bilərik.

Cənab Prezident Ermənistanın nə qədər səmimi olub-olmamasını ölçmək üçün belə bir çağırış etdi. İrəvan da deyirsə ki, konflikt bitib, heç bir iddiaları yoxdur, o zaman Bakının Minsk Qrupu ilə bağlı təşəbbüsünə qoşulsunlar. Amma yenə də deyirəm ki, Ermənistanın bu çağırışa müsbət reaksiya verəcəyi az ehtimal olunur.

- Prezident birmənalı şəkildə bildirdi ki, Azərbaycan Avropa ailəsinin üzvü deyil, ora girmək üçün can atmır. Bundan sonra Azərbaycanın xarici siyasətində Avropa istiqaməti hansı formada olacaq?

- Prezidentin dediyi kimi, qarışmasınlar bizə, qarışmayaq onlara. Azərbaycanın bu günədək apardığı xarici siyasət necə olubsa, bundan sonra da elə olacaq. Qonşularla müsbət münasibətlər, digər tərəfdaş ölkələrlə əməkdaşlıqlar davam edəcək. Eyni zamanda, unutmaq olmaz ki, Azərbaycan türk dünyasının əsas ölkəsidir. Prezident andiçmə mərasimində bildirdi ki, bizim bir ailəmiz var, o da türk dünyasıdır. Türk ölkələri artıq qlobal proseslər fonunda dayanışmanı gücləndirən siyasət aparır. Türk Dövlətləri Təşkilatı daha da böyüyəcək, əməkdaşlıqlar daha da inkişaf edəcək. İndi bu birlikdən Türkmənistan kənarda qalıb ki, şəxsən məncə, bu, məntiqsizdir. Hansı ki, bu proseslərdə Türkmənistan daha da öndə getməlidir. Türk Dövlətləri Birliyinin nüfuzu artıb, artmaqda da davam edəcək. Bu gün Mərkəzi Asiyada Qazaxıstanın, Özbəkistanın fikrini nəzərə almadan nəsə etmək olarmı? Mümkün deyil. Nə Çin, nə Rusiya bu ölkələrin mövqeyini nəzərə almaq məcburiyyətindədirlər. Yaxud da Canubi Qafqazda Azərbaycanın mövqeyini nəzərə almadan iqtisadi, təhlükəsizlik layihələrini həyata keçirmək mümkün deyil. Yaxın Şərqdə, Balkanlarda, Aralıq dənizi regionunda isə Türkiyə əsas fiqurdur. Demək istəyirəm ki, Türk Dövlətləri Təşkilatı qlobal gücə çevrilibsə, Azərbaycan niyə hansısa yad ailənin üzvü olmağa can atmalıdır ki.... Azərbaycanın da xarici siyasət istiqamətində ağırlıq türk dünyasına inteqrasiyaya yönəlib. Nə Qərb, nə Rusiya, bizim ailəmiz türk dünyasıdır.

Müəllif: Anar Bayramoğlu