NATO-nun hərbi-dəniz təlimləri Rumıniyada keçiriləcək

Dünya

06.04.2024 - 03:11

“Sea Shield 24” bu il Rumıniya HDQ-nin rəhbərliyi altında keçiriləcək ən əhatəli təlimlərdir

Rumıniya Hərbi Dəniz Qüvvələri (HDQ) aprelin 8-dən 21-dək “Sea Shield 24” çoxmillətli təlimlər keçirəcək və bu təlimlərdə Rumıniya ilə yanaşı, 12 NATO ölkəsi (Bolqarıstan, Böyük Britaniya, Yunanıstan, Gürcüstan, İtaliya, Moldova, Niderland, Polşa, Portuqaliya, ABŞ, Türkiyə və Fransa) də iştirak edəcək.

AYNA xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“2,2 mindən çox hərbi qulluqçu və 135 hərbi texnika (27 dəniz və çay gəmisi, 17 təyyarə və 91 texnika və üzmə vasitəsi) Qara dənizdə, onunla sahil zonasında, Dunay çayında və onun deltasında dənizdə və çayda qanunsuz fəaliyyətlə mübarizə, dəniz və çaylara nəzarət, dənizdə axtarış və xilasetmə, qəza vəziyyətində olan gəmilərə köməklik göstərilməsi və kritik infrastruktur səviyyəsində təhlükəsizliyin təmin edilməsi üzrə tapşırıqları yerinə yetirmək üzrə hazırlıq keçəcəklər”, - məlumatda deyilir.

Qeyd edək ki, “Sea Shield 24” bu il Rumıniya HDQ-nin rəhbərliyi altında keçiriləcək ən əhatəli təlimlərdir, onlar Rumıniyanın təşəbbüslərini və maraqlarını regional və beynəlxalq miqyasda təşviq etməyə, həmçinin iştirakçı ölkələrin qüvvələri arasında qarşılıqlı fəaliyyət səviyyəsini artırmağa kömək edəcək.

Xatırladaq ki, “Sea Shield” çoxmillətli təlimləri ilk dəfə 2015-ci ildə keçirilib, təlimlərin ssenarisi regional təhlükəsizlik və sabitlik ilə bağlı bütün təhdidlərə operativ və effektiv cavab vermək üçün davamlı olaraq yenilənir.

Müəllif: Ayna.az