Moskvanın Minsk Qrupunun qayıdışı planı: özünə sərf etməyəni niyə etsin ki?!

Siyasət

25.01.2022 - 13:10

Mixail Neyjmakov: “Bakı ilə İrəvan arasında danışıqlar prosesinin gedişində Minsk Qrupunun rolunun artırılması üçün heç bir ilkin şərt yoxdur”

Rasim Musabəyov: “Azərbaycanın ATƏT-in Minsk Qrupunda üçtərəfli həmsədrliyin ləğvi məsələsini qaldırmaq hüququ var”

Buna konkret nəyin səbəb olduğu barədə mühakimə yürütmək çətindir, lakin son günlər Moskva yenidən ATƏT-in Minsk Qrupunun mövzusunu gündəmə gətirməyə başlayıb. Bu günlərdə “Rossiya Seqodnya” xəbər agentliyində keçirilən onlayn brifinqdə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bu barədə açıqlama verib: “Bizi narahat edən nədir? Həmsədrlər üçlüyünün hələ də regiona səfər edə, vəziyyətlə tanış ola və tərəflərə insanlar arasında təmasların qurulmasında və humanitar problemlərin həllində köməklik göstərəcək konkret tədbirləri müəyyən edə bilməməsi”.

Eyni zamanda, rusiyalı diplomat ümid etdiyini bildirib ki, “çox yaxın gələcəkdə” həmsədrlər üçlüyü regiona səfər edə, həmçinin Ermənistan və Azərbaycanın siyasi rəhbərliyi ilə danışa biləcək.

Onlayn mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da mövzuya toxunub. Deyib ki, Moskva Bakı və İrəvandan ATƏT-in Minsk Qrupu həmsədrlərinin bğlgəyə səfərlərinin bərpası mümkünlüyü ilə bağlı rəsmi reaksiya gözləyir. Bundan başqa, o bildirib ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz mandatına uyğun, eləcə də mövcud regional reallıqları nəzərə alaraq, formatın işinin davam etdirilməsinin tərəfdarıdır.

“Bu mövqe Rusiyanın Minsk qrupundakı tərəfdaşları - ABŞ və Fransa tərəfindən tam dəstəklənir. Həmsədrlər ATƏT Nazirlər Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə gələcək əməkdaşlıq gündəliyi ilə bağlı balanslaşdırılmış, kifayət qədər real təkliflər veriblər. Bu, ilk növbədə sosial-iqtisadi sahədə aktual humanitar problemlərin həllinə yönəldilib”, - deyə Zaxarova vurğulayıb.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə ATƏT-in Minsk Qrupu ilə bağlı öz mövqeyini bildirib. Birmənalı şəkildə bəyan edib ki, Bakı bu problemi artıq həll olunmuş hesab etdiyi üçün ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olmasına imkan verməyəcək.

Belə reallıqları nəzərə alsaq, səlahiyyətləri xeyli məhdudlaşdırılmış Minsk Qrupu Moskvanın nəyinə lazımdır? Yəqin ki, lazım deyil. Lakin Zaxarovanın sözlərinə görə, Rusiya Federasiyasının "öz mandatına uyğun olaraq" formatın işinin davam etdirilməsini dəstəklədiyi ifadə edildi. Burada bir işarə varmı ki, Minsk Qrupuna Rusiya sülhməramlılarının məsuliyyət zonasına getməyə və Bakıda rəsmi şəxslərlə görüşməyə icazə verilən kimi, onu əvvəlki beynəlxalq siyasi vasitəçi rütbəsinə qaytarmaq cəhdləri başlayacaq? Və sonra “Dağlıq Qarabağın gələcək statusu” müzakirələrinin başlamasına da bir şey qalmayacaq...

Bu vəziyyət kimə lazımdır? Yəqin ki, Azərbaycandan başqa hamıya. Rəsmi İrəvan da təbii ki, Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində həlli prosesinin bərpasının tərəfdarıdır.

Lakin ATƏT-in Minsk Qrupunun konkret olaraq nəyə qadir olduğu heç kimə sirr deyil - danışıqları sonsuza qədər uzatmaq. Və bu siyasət bir daha necə başa çatmalıdır - yeni müharibə ilə? Bakı artıq rəsmi olaraq, İkinci Qarabağ müharibəsi nəticəsində Dağlıq Qarabağ probleminin həll olunması ilə əlaqədar Minsk Qrupunun buraxılmasının zəruriliyi məsələsini qaldırmalı deyilmi?

AYNA mövzunu tanınmış ekspertlərlə müzakirə edib.

Rusiyalı politoloq, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov:

“Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələrinin ATƏT-in Minsk Qrupunun fəaliyyətinin davam etdirilməsinin zəruriliyi ilə bağlı yeni bəyanatlarını çətin ki, gözlənilməz hesab etmək olar, bu, sadəcə olaraq, Moskvanın bu məsələdə əvvəlki mövqeyinin təsdiqidir. Məsələn, hələ 2021-ci ilin yazında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova digər məsələlərlə yanaşı, bu məsələ ilə bağlı da çıxış edərək demişdi ki, “həmsədrlərin formatı geniş beynəlxalq dəstək alır, Dağlıq Qarabağ münaqişəsi onun çərçivəsində həll edilməlidir”.

Çətin ki, Minsk Qrupunun fəaliyyətinə yaxın vaxtlarda rəsmən xitam verilsin. Belə bir ssenari ABŞ və xüsusilə Fransa üçün əlverişsiz olardı. Sonuncu halda, rəsmi Paris çətin ki, Fransada prezidentlik kampaniyası fonunda ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılmasına razılıq verərdi. Xarakterik haldır ki, “ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəsilə işin sürətləndirilməsinin məqsədəuyğunluğu” mövzusu Emmanuel Makronun Vladimir Putinlə yaxınlarda - 2021-ci ilin dekabr ayının ortalarında telefon danışıqları zamanı qaldırılıb. Moskva üçün ATƏT-in Minsk Qrupunun işinin aktivləşdirilməsinin zəruriliyi ilə bağlı bəyanatlar digər məsələlərlə yanaşı, ABŞ və Fransaya birgə fəaliyyətə, bəzi məsələlərdə isə manevr imkanı əldə etməyə hazır olduqlarını nümayiş etdirmək imkanıdır.

Həm də rəsmi İrəvanın mövqeyini unutmayaq. 2020-ci ilin sonlarında Ermənistandan olan siyasətçilər ATƏT-in Minsk Qrupu formatında danışıqların intensivləşdirilməsinə çağırışlar ediblər. 2020-ci ilin noyabrında təqdim olunan Paşinyanın “yol xəritəsi”ni xatırladaq. Bəzən Ermənistanın hazırkı Baş naziri də Minsk Qrupunun fəaliyyətini tənqid edirdi - məsələn, 2021-ci ilin iyununda o, "vasitəçilərin Qarabağ nizamlanması ilə bağlı Azərbaycanla eyni mövqeni ifadə etdiklərini" bəyan edirdi. Amma ümumilikdə İrəvan bu konkret formata dəfələrlə müraciət edib - Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın bu yaxınlarda ölkə parlamentində verdiyi bəyanat bunu bir daha təsdiq etdi.

Bundan əlavə, Ermənistan hökumətinin nümayəndələri üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətində üzləşdikləri maneələrlə bağlı Bakının tənqidi daxili auditoriyaya onların daha kəskin xarici siyasət ritorikasına hazır olduqlarını nümayiş etdirmək üçün əlavə səbəbdir. Yəni, müxalifət Nikol Paşinyanın komandasını Azərbaycana güzəştə getməyə hazır olmaqda nə qədər tez-tez ittiham edirsə, Ermənistan hökumətinin və hakim partiyasının nümayəndələrinin Minsk Qrupunun işinin aktivləşdirilməsi zərurətini qeyd etmək üçün bir o qədər əlavə əsasları olur.

Yəqin ki, yaxın aylarda həm vasitəçi ölkələr, həm də İrəvan ATƏT-in Minsk Qrupunun işinin daha tez-tez aktivləşdirilməsinin zəruriliyindən danışacaqlar (digər məsələlərlə yanaşı, Fransada prezident seçkiləri kampaniyası amilini bir daha xatırlayaq). Buna baxmayaraq, əlbəttə ki, Bakı ilə İrəvan arasında danışıqlar prosesinin gedişində Minsk Qrupunun rolunun faktiki artırılması üçün heç bir ilkin şərt yoxdur”.

Azərbaycan Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyov:

“Rusiya Xarici İşlər Nazirliyinin Minsk Qrupu həmsədrlərinin “humanitar problemlərin və ilk növbədə sosial-iqtisadi sferada olan məsələlərin” həlli üçün regionda işini bərpa etməyin zəruriliyi ilə bağlı arqumenti “barmaqdan sovrulan” kimi görünür. Axı həmsədrlərin Qarabağda bunun üçün nə imkanı, nə də mexanizmləri var. Rusiya sülhməramlı kontingentinin yerləşdirildiyi ərazidə bu məsələlərlə xüsusi yaradılmış Humanitar Reaksiya Mərkəzi, Rusiya Fövqəladə Hallar Nazirliyinin strukturları məşğul olur. Onlar Rusiya və Ermənistanın humanitar təşkilatları və dövlət orqanları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

Güman edə bilərəm ki, Moskva Minsk Qrupunun digər iki həmsədr ölkəsinin - ABŞ və Fransanın resurslarını birləşdirərək, öz maliyyə xərclərini azaltmaq istəyir. Eyni zamanda Qarabağ ermənilərinə irimiqyaslı xarici yardımların istiqamətini qanuniləşdirmək istəyir. İstisna etmirəm ki, tarazlıq görüntüsü yaratmaq üçün Minsk Qrupunun həmsədrləri Qarabağa qayıdan azərbaycanlı məcburi köçkünlər üçün hər hansı layihələrin həyata keçirilməsi üçün öz maliyyə dəstəyini təklif edə bilərlər.

O da göz qabağındadır ki, Moskva humanitar yardım adı altında Rusiyanın ABŞ və Fransa ilə əməkdaşlıq etdiyi yeganə beynəlxalq format olaraq qalan Minsk Qrupunun həmsədrliyini dirçəltməyə çalışır. Rusiya Xarici İşlər Nazirliyi ikincini bərabərhüquqlu tərəfdaşlardan daha çox “sekundantlar” kimi görmək istəyir. Yəni əmindir ki, 44 günlük müharibəyə son qoyan atəşkəsin əldə olunmasında Moskvanın xüsusi rolu, habelə öz mövqelərini nəzərə alaraq yerləşdirilmiş sülhməramlılar bütün hallarda prioritet olaraq qalacaq.

Minsk Qrupunun münaqişənin sülh yolu ilə həlli üçün 1/4 əsrlik vasitəçilik fəaliyyətinin nəticəsiz qalması və Azərbaycanın etimadını itirməsi səbəbindən ATƏT-də fəaliyyətinə xitam verilməsi məsələsinin gündəmə gətirilməsi üçün diplomatik səylər göstərməyə ehtiyac görmürəm. Son onilliklərin təcrübəsi göstərir ki, bu cür strukturlar ləğv olunmur və zaman keçdikcə maliyyə və siyasi dəstəyi itirərək, öz-özünə ölür.

Hesab edirəm ki, bizim üçtərəfli həmsədrliyin ləğvi ilə bağlı məsələ qaldırmağa və ilkin olaraq (İtaliya, İsveç, Finlandiya) olduğu kimi, vahid sədrlik praktikasına qayıtmağa haqqımız var. Bu, son zamanlar balanssız, obyektiv və bərabər məsafəli vasitəçiliklə bir araya sığmayan mövqe tutan həmsədrlər sırasından yalnız Fransanın çıxarılmasında israr etməkdən daha yaxşıdır. Minsk Qrupunun həmsədrlərinin regiona səfərinə bəlkə də icazə verilə bilər, lakin bir şərtlə ki, onlar Qarabağa yalnız Bakıdan keçməklə, Ağdama və Şuşayə səfər etməklə getsinlər”.

Müəllif: Rauf Orucov