Ərdoğan ABŞ-İran qarşıdurması haqda: “Bölgənin qanda boğulmasına icazə verməyəcəyik”

Siyasət

08.01.2020 - 18:45

Türkiyə Prezidenti: Müttəfiqimiz ABŞ-la qonşumuz İran arasında gərginlik arzulamadığımız mərhələyə çatıb”

 

“Qonşumuz İraq, onsuz da həssas olan sabitliyini tamamilə itirmək təhlükəsi ilə qarşı-qarşıyadır. İraq türkmənlərinin təhlükəsizliyi bizim vətəndaşlarımızın təhlükəsizliyi qədər əhəmiyyətlidir”.

 

AYNA türk mediasına istinadən xəbər verir ki, bu açıqlamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda “Türk axını” qaz kəmərinin açılış mərasimində verib. O, regiondakı sabitliyin son 20 ildə xeyli zəiflədiyini deyib.

 

“Məqsədimiz gərginliyi azaltmaqdır. Artıq problemlər yaşamağa heç kimin taqəti qalmayıb. Müharibənin ayaq səslərinin eşidildiyi bu kritik dönəmdə bütün diplomatik yollardan istifadə edərək gərginliyi azaltmağa çalışırıq”, - Ərdoğan bildirib.

 

Türkiyə lideri vurğulayıb ki, kimsənin sadəcə öz mənafeyinə görə İraqı və bütöv bölgəni odun içərisinə atmağa ixtiyarı yoxdur: “Müttəfiqimiz ABŞ-la qonşumuz İran arasında bir müddətdir davam edən gərginlik arzu etmədiyimiz mərhələyə çatıb. Əlimizdəki bütün imkanları səfərbər edərək regionun qan və göz yaşında boğulmasına icazə verməyəcəyik”.

Müəllif: Ayna.az