Moskva “dişlərini itiləyir”: Hədəf təkcə Ukraynanın şərqi, hətta tamamı deyil

Aktual

25.02.2022 - 10:28

Rusiya Ukraynadan başqa daha hansı ölkələrin torpaqlarını ələ keçirmək istəyir?

Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Rusiyanın hazırkı rəhbərliyi qondarma “LXR” və “DXR” adlanan qurumların rəsmi tanınması ilə kifayətlənməyəcək. Bu, hazırda Rusiyadan eşidilən bir sıra bəyanatlardan irəli gəlir. Qondarma “Donetsk və Luqansk xalq respublikaları” Ukraynanın Donetsk və Luqansk vilayətlərinin sərhədləri daxilində Rusiya tərəfindən tanınacaq. Bu açıqlama ilə Dumanın MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov çıxış edib.

Ondan bir gün əvvəl Rusiya Təhlükəsizlik Şurasının iclasında daxili işlər naziri Vladimir Kolokoltsev Donbassın "Ukrayna tərəfindən işğalından" əvvəl mövcud olan inzibati sərhədlər daxilində - "Mariupoldan və bu tarixi sərhədlərlə bitən" ərazidə müstəqilliyinin tanınmasını təklif etdi. Bundan sonra Prezident Vladimir Putin “Donetsk və Luqansk xalq respublikaları”nın müstəqilliyinin tanınması haqqında fərmanlar imzaladı.

Artıq KİV-lər yazır ki, “DXR” və “LXR”-in “konstitusiyalarında” bu “respublikaların” elan edilmiş əraziləri Ukraynanın Donetsk və Luqansk vilayətlərinin ərazilərinə uyğundur - yəni Donbassın Ukraynanın nəzarətində olan torpaqları da daxil olmaqla. Bunun mənası nədi? Vəziyyəti başa düşmək üçün sizə məlumat verim ki, Donetsk vilayətindəki səkkiz rayondan yalnız üçü Ukrayna hakimiyyətinin tam nəzarətində deyil və qondarma “DXR”-in nəzarətindədir.

Yəni, məsələn, bütün Ermənistandan daha çox əhalisi olan nəhəng ərazi Ukraynanın nəzarətində qalır. Ukraynanın nəzarətində olan şəhərləri sadalayacağam: Avdeyevka, Baxmut, Uqledar, Toretsk, Mirnoqrad, Dlbropolye, Drujkovka, Konstantinovka, Kramatorsk, Krasnoqorovka, Liman, Pokrovsk, Mariupol, Novoqrodovo, Selydovo, Slavyansk. Həm də - Aleksandrovski, Baxmutski, Velikonovoselkovski, Volnovaxski, Dobropolski, Konstantinovski, Manquşski, Maryinski, Nikolski, Pokrovski, Slavyanski, Yasinovatski rayonları.

Luqansk vilayətinə gəlincə, Ukrayna bu vilayətin ərazisinin təxminən 60%-nə, əhalisinin 30%-dən çoxunun yaşadığı və inzibati bölgüdə 3 regional əhəmiyyətli şəhəri və 12 rayonu ehtiva edən bölgəyə nəzarət edir. Bunlar Severodonetsk, Lisiçansk, Rubijnoye şəhərləri, həmçinin Belovodski, Belokurakinski, Kremenski, Markovski, Melovski, Novoaydarski, Novopskovski, Popasnyanski, Svatovski, Staniçno-Luqanski, Starobelski, Troitski rayonlarıdır.

İndi Rusiya bütün bu ərazilərə nəzarəti ələ keçirməyə hazırlaşır. Yenə deyirəm, bu barədə açıq danışan Ryazandan olan hansısa işsiz Nikifor deyil, Dumanın MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikovdur. İndi də eşidirik ki, qondarma “LXR”-in “parlamentinin vitse-spikeri” Denis Miroşniçenko Ukrayna hakimiyyətini qoşunlarını Luqansk vilayətinin sərhədlərinə çəkməyə çağırıb, “əks halda tədbirlər görüləcək”, - deyə təkəbbürlü separatçı şantaja başlayıb.

Onlar Rusiya tərəfindən dəstəkləndiklərii üçün həyasızlaşıblar. Hansı Rusiya ki, görünür, Ukraynanın bütün Luqansk və Donetsk vilayətlərinin ələ keçirilməsi ilə kifayətlənmək niyyətində deyil. Rusiya Federasiyasında uzun müddətdir və açıq şəkildə Novorossiya yaratmaq planlarından danışırlar. Xüsusilə, hələ 2014-cü il aprelin 17-də Rusiya Prezidenti Vladimir Putin vətəndaşlarla canlı yayım zamanı suallardan birini cavablandırarkən belə bir açıqlama vermişdi: “Çar terminologiyasından istifadə edərək demək istəyirəm ki, bura Ukrayna deyil. Bura Novorossiyadır. Bu Xarkov, Donetsk, Luqansk, Xerson, Nikolayev, Odessa - onlar çar dövründə Ukraynanın bir hissəsi deyildilər, lakin sonradan ona verildilər. Niyə belə edildi, bilmirəm.

Deməli, müharibənin Ukraynanın bu şəhərlərinə də sirayət etmə ehtimalı böyükdür. Eyni zamanda, başqa bir şeyi başa düşmək vacibdir. Bazar ertəsi Rusiya Prezidenti Vladimir Putin ruslara müraciətində bildirib ki, “1922-ci ildə keçmiş Rusiya imperiyası ərazisində SSRİ yaradılıb”. Söhbət ondan gedir ki, bu il 1921-ci il martın 15-də RKP(b)-nin X qurultayının RSFSR, Belarus, Ukrayna və Zaqafqaziya respublikalarının vahid yeni dövlətdə birləşdirilməsi vəzifəsini qarşıya qoyduğu tarixdən 100 il keçir. Artıq baş verənlərdən doğan nəticələr olduqca aydındır...

Müəllif: Əkbər Həsənov

Ramanada faciə

Dünən, 17:26 Hadisə