Bir neçə şəxs yaralanıb: ölənlərdən ikisi azyaşlı uşaqdır
Monteneqronun Çetinıe şəhərində kafedə baş verən atışma nəticəsində ikisi azyaşlı olan azı 7 nəfər ölüb. AYNA xəbər verir ki, bu barədə ölkənin milli televiziya kanalı RTCG məlumat yayıb.
“Bu gün Çetinıyedəki iaşə obyektlərindən birində atışma baş verib, nəticədə bir neçə nəfər ölüb. Silahlı şəxs hadisə yerindən qaçıb. Polis şöbəsi vətəndaşları sakit olmağa və evlərini tərk etməməyə çağırıb. Ölənlərin sayı azı 7 nəfərdir. Bir neçə şəxs yaralanıb. Ölənlərdən ikisi azyaşlı uşaqdır”, - deyə məlumatda vurğulanıb.
Yerli polis idarəsinin məlumatına görə, 45 yaşlı kişi “odlu silahdan istifadə edib, bir neçə nəfəri öldürüb, müəssisəni silahlı tərk edib və hadisə yerindən qaçıb”.
Monteneqro polisinin bütün bölmələri atəş açan şəxsin axtarışına cəlb olunub və respublikanın silahlı qüvvələri də döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu barədə Baş nazir Milojko Spajic bildirib.
“Hamımızı sarsıdan dəhşətli faciədir. Hazırda bütün polis bölmələri hadisə yerindədir. Cinayətkarı axtarırıq və onu həbs etməyə yaxınıq. Monteneqronun klinik mərkəzində həkimlər dörd nəfərin həyatı üçün mübarizə aparır. Onların hamısı əməliyyat olunub və həkimlər onları xilas etmək üçün mümkün olan hər şeyi ediblər”, - Baş nazir vurğulayıb.
Baş nazir respublikada üç günlük matəm elan edib, həmçinin qanunsuz silah saxlamağa və gəzdirməyə görə cəzaların sərtləşdirilməsinin vacibliyini bəyan edib.