Misir Qasımlının Kiyevdə məhkəməsi keçirilib: Hakim xəbərdarlıq etdi - FOTO

Xəbərlər

23.09.2022 - 13:43

Oktyabrın sonuna qədər daha üç dinləmənin keçirilməsi gözlənilir

Dünən Kiyev vilayətinin Obuxov Rayon Məhkəməsində İkinci Qarabağ müharibəsi veteranı Misir Qasımlının işi üzrə növbəti məhkəmə iclası keçirilib. AYNA xəbər verir ki, məhkəmə iclasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavad, UABD-nin İdarə Heyətinin üzvləri və fəalları, Azərbaycan səfirliyinin nümayəndəsi Samir Allahverdiyev iştirak edib.

Hikmət Cavadın bildirdiyinə görə, məhkəmə iclası başlamazdan əvvəl o, hakim Aleksandr Tixanski ilə görüşüb və onu Misir Qasımlıya açılan cinayət işinə uzun müddət baxılması faktı ilə bağlı Ukraynadakı Azərbaycan diasporunun və Azərbaycan ictimaiyyətinin narahatlığı ilə bağlı məlumatlandırıb.

“Məhkəmə prosesində birbaşa çıxışımda bir daha hakimdən xahiş etdim ki, Misir Qasımlı İkinci Qarabağ müharibəsi veteranı kimi diasporumuz üçün çox dəyərlidir və mənim məsuliyyətimlə zaminə buraxılsın. Vurğuladım ki, əgər prokurorluq hər məhkəmə iclasında iş üzrə birbaşa sübutları məhkəməyə təqdim edə bilmirsə, məhkəmə prosesinin artıq 15 aydır uzadılması yolverilməzdir. Bununla bağlı məhkəmə prosesinin sürətləndirilməsini xahiş etdim”, - deyə H.Cavad bildirib.

Onun sözlərinə görə, hakim zərərçəkmiş şəxs qismində çıxış edən İspaniya vətəndaşının məhkəmə prosesində iştirak etməsi ilə bağlı dövlət ittihamçısına və zərərçəkənin vəkilinə oktyabrın sonuna qədər vaxt verib və əks halda sübutların yetərincə olmamasına görə işə xitam verə biləcəyini deyib.

“Bu, şikayətçinin İspaniyadakı Ukrayna səfirliyinə gələrək videokonfrans vasitəsilə məhkəmə iclasında iştirak etməsini nəzərdə tutan prosesual qaydaya uyğun həyata keçirilməlidir. Səfirlik şikayətçinin şəxsiyyətini təsdiqləməlidir, daha sonra xüsusi prosessual qaydaya əsasən tərcüməçinin iştirakı ilə ondan ifadə alınacaq. Oktyabrın sonuna qədər daha üç dinləmənin keçirilməsi gözlənilir. Biz Misirin yanında olacağıq”, - UABD rəhbəri vurğulayıb.

Müəllif: Ayna.az