Milli Məclisdən İran Parlamentinə cavab - Bəyanat qəbul olunub

Aktual

07.04.2023 - 12:41

“İrandan ölkəmizi hədəf alan iddialardan çəkinməyi tələb edirik”

Milli Məclis İran Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bəyanata cavab bəyanatı verib. AYNA xəbər verir ki, bəyanat Milli Məclisin bu gün keçirilən iclasında qəbul edilib.

Spiker Sahibə Qafarovanın təklifi ilə bəyanat hazırlanması üçün komissiya yaradılıb. Komissiyanın sədri vitse-spiker Fəzail İbrahimli seçilib. Deputatlar Zahid Oruc, Cavanşir Paşazadə, Rafael Hüseynov, Afət Həsənova, Kamran Bayramov isə komissiyanın üzvləri olub.

Deputat Kamran Bayramovun səsləndirdiyi bəyanatda deyilir: “Azərbaycan Milli Məclisi İran Parlamentinin bu bəyanatını Azərbaycan dövlətinin daxili işlərinə qarışmaq kimi qəbul edir. Bu, İran tərəfindən atılmış növbəti təxribat xarakterli addımdır. İran Silahlı Qüvvələrinin sərhəddə təlim keçməsi, Tehranda səfirliyimizə hücum, Qafanda konsulluğun açılması və s. göstərir ki, İranın niyyəti fərqlidir. Bu kimi addımlar ciddi narahatlıq doğurur. İranın İsraildə səfirliyimizin açılmasına qarşı əsassız iddiaları qəbul edilməzdir. Qeyd edilməlidir ki, İsraildə Türkiyə, Misir, Albaniya, İordaniya kimi müsəlman ölkələrinin səfirlikləri fəaliyyət göstərir. İrandan ölkəmizi hədəf alan iddialardan çəkinməyi tələb edirik”.

Qeyd edək ki, İran İslam Şurası Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı ölkəmizə qarşı təhdid dolu bəyanat qəbul edib.

 

Müəllif: Ayna.az