Müzakirələrdə parlamentin komitə sədrləri, deputatlar, hökumət nümayəndələri iştirak ediblər
Noyabrın 17-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.
AYNA xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin (birinci oxunuş) müzakirələri davam etdirilib.
Müzakirələrdə Milli Məclisin komitə sədrləri, deputatlar, hökumət nümayəndələri iştirak ediblər.
Deputatlar 2023-cü ilin dövlət büdcəsini müstəqillik tariximizin ən böyük dövlət büdcəsi kimi xarakterizə ediblər, büdcə layihəsində əvvəlki illərdə olduğu kimi, sosialyönümlü xərclərinin artırılmasını müsbət qiymətləndiriblər. Bildiriblər ki, tarixdə ilk dəfədir ki, dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri 30 milyard manatı keçib. Vurğulanıb ki, 2023-cü ilin dövlət büdcəsi ölkənin müdafiə qabiliyyətinin artırılması, Qarabağ və Şərqi Zəngəzur rayonlarında bərpa-quruculuq işlərinin aparılması, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın gerçəkləşdirilməsi kimi qarşıya qoyulan məsələlərin həllinə yönəlik maliyyələşmə mexanizmlərini və imkanlarını özündə əks etdirir.
İclasa sədrlik edən spiker Sahibə Qafarovanın təklifi ilə gündəliyin növbəti iki məsələsinin - “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihələrinin təqdimatları və müzakirələri birlikdə aparılıb, səsvermə isə ayrı-ayrılıqda keçirilib.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov DSMF-in 2023-cü il üçün gəlir və xərcləri ilə bağlı palatanın mövqeyini təqdim edib.
Müzakirələrin yekununda “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi və “İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü iclası başa çatıb.