Madurodan ittiham: “ABŞ Qayananı Venesuelaya hücuma hazırlayır”

Dünya

06.05.2024 - 11:47

“Xalqlar regionumuzun Amerikanın hərbiləşdirilməsinə qarşı çıxmalıdırlar”

“ABŞ Latın Amerikası regionunu hərbiləşdirir və Ukraynanı Rusiyaya qarşı hazırlaşdığı kimi Qayananı Venesuelaya hücuma hazırlayır”. AYNA xəbər verir ki, bu barədə Venesuelanın icraçı vitse-prezidenti Delsi Rodriqes “X”dəki səhifəsində yazıb.

Rodriqes ölkə Prezidenti Nikolas Maduronun bəyanatına istinad edib.

“Latın Amerikası və Karib hövzəsi sülh zonası olaraq qalmalıdır. Xalqlar regionumuzun Amerikanın hərbiləşdirilməsinə qarşı çıxmalıdırlar”, - bəyanatda qeyd edilib.

Rodriqez həmçinin Maduronun müdafiə naziri Vladimir Padrino Lopezlə söhbətində Qayananın Latın Amerikası və Venesuelada sülh üçün təhlükənin episentrinə çevrildiyini söylədiyi bir video yayımlayıb.

Siyasətçinin sözlərinə görə, Birləşmiş Ştatlar Mərkəzi Kəşfiyyat İdarəsinin 12 bazasını və ölkə silahlı qüvvələrinin Cənub Komandanlığının 14 məxfi bazasını Qayanada yerləşdirib.

Aprelin əvvəlində Maduro bildirib ki, ölkə hökuməti Qayana ilə mübahisəli Essequibo bölgəsində ABŞ-ın Cənub Komandanlığının məxfi hərbi bazalarının və Mərkəzi Kəşfiyyat İdarəsinin düşərgələrinin olması barədə məlumatı təsdiqləyib. Onun sözlərinə görə, mübahisəli bölgə və Qayana Cənub Komandanlığı, Mərkəzi Kəşfiyyat İdarəsi və Amerika neft şirkəti tərəfindən idarə olunur.

Müəllif: Ayna.az