Könüllərdə heykəli ucalan şəxsiyyətə bir büstü də çox görürlər

Aktual

31.01.2022 - 18:26

Deputat: “Rəsulzadə sadəcə şüar və ya büt deyil - o, Azərbaycanın özü deməkdir”

Bəstəkar: “Rəsulzadəni xalqın qəlbindən silmək mümkün deyil və olmayacaq da”

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. AXC liderinin anadan olmasından 138 il ötür.

O, Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib. 1917-ci il oktyabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən Müsavat Partiyasının birinci qurultayında Mərkəzi Komitənin sədri seçilib. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında “Azərbaycana muxtariyyət” şüarı altında milli hərəkat başlayıb.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan deputat seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib.

Bolşeviklərin işğalından sonra vətəni tərk etməyə məcbur olan Məhəmməd Əmin Rəsulzadə ömrünü mühacirətdə başa vurub və Ankarada dəfn edilib.

Qeyd edək ki, 1991-2000-ci illərdə ölkəmizin aparıcı təhsil ocaqlarından olan Bakı Dövlət Universiteti (BDU) Rəsulzadənin adını daşıyıb. Uzun illərdir Universitetin həyətində onun büstünün qoyulacağı ilə bağlı kiçik lövhə yerləşdirilsə də, bu günə qədər reallaşmayıb. Lakin bütün bunlarla bərabər 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bir neçə ay öncə isə 28 may – Respublika Gününün adı dəyişdirilərək, Müstəqillik Günü kimi qəbul edilib.

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa AYNA-ya deyib ki, Rəsulzadəyə qarşı qısqanc münasibətin davam etməsi kökündən yanlışdır: “Yəqin ki, Bakı Dövlət Universitetinin həyətində Rəsulzadənin büstünün qoyulacağına dair lövhəni “zarafata” yerləşdiriblər. Burada ciddi məqsəd olsaydı, bu, uzun illər ərzində həyata keçirlərdi. Həmin lövhənin üzərində yazılar kiril əlifbası ilə yerləşdirilib. Ölkəmizin latın əlifbasına keçməsindən isə on illərlə zaman ötür. Onun adını da universitetin üzərindən götürdülər”.

“Rəsulzadənin büstünün BDU-nun həyətində yerləşdirilməsi həm onun xatirəsinə dərin sayğı, həm də tələbələr üçün bir məbəd olardı. Çox təəssüf ki, bunu etmirlər. Rəsulzadənin ev muzeyinin yaradılması, xaricdə olan əşyalarının gətirilməsi vacibdir. Bu gün iqtidarlı-müxalifətli hamı anlamalıdır ki, Rəsulzadə sadəcə şüar və ya büt deyil - o, Azərbaycanın özü deməkdir”, - deyə deputat bildirib.

Həmsöhbətimizin dediyinə görə, məhz onun sayəsində Azərbaycan Şərqdə ilk dəfə demokratik dövlət qura bilib və cəmiyyət olaraq hər an onun əziz xatirəsini uca tutmalıyıq: “Onu unutduqca, əslində Azərbaycanı unutmuş oluruq. Onu alt qata saldıqca, Azərbaycanı alt qata salırıq. Onu ucaltdıqca, Azərbaycanı ucaldırıq. Bunun başqa tərifi yoxdur”.

“Rəsulzadəyə bu formada münasibətin davam etməsi yanlışdır və rəsmi dairələr bu barədə düşünməlidir. Məhz bu münasibətin nəticəsidir ki, Rəsulzadə bir qrup qaraguruhçunun əlində silaha çevrilib. Onlar da Rəsulzadəni başqa cür təhrif edirlər. Ancaq onun adından sui-istifadə etməklə gündəmdə qalırlar. Əslində isə o, bütün azərbaycanlıların dəyərinə çevrilmiş bir şəxsiyyətdir. Abidə məsələsi çox xırda məsələdir. Ona Azərbaycanın mənəvi pasportunu qaytarmaq lazımdır”, - deyə Mustafa vurğulayıb.

Əlavə edib ki, belə olarsa, Rəsulzadənin dəyəri daha çox bilinəcək və gələcək nəsillərə ötürüləcək: “Onun adına heykəllər, şəhərlər, məktəblər ola bilər. Bunun olması bizim üçün yaxşıdır. Lakin bu olmasa da, Rəsulzadə hər zaman yaşayacaq. Tarixdə iki dəyərli şəxsiyyət var ki, heç birinin haqqını layiqli səviyyədə verməmişik. Bunlardan biri Rəsulzadə, digəri isə Nuri Paşadır. Azərbaycan o zaman böyük görünəcək ki, öz tarixi şəxsiyyətlərinə dəyər versin və sahib çıxsın”.

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev də AYNA-ya açıqlamasında bildirib ki, Rəsulzadəni xalqın qəlbindən silmək mümkün deyil və olmayacaq da: “Uzun müddətdir Rəsulzadəyə qarşı qısqanc münasibəti müşahidə edirik. Onun adını Bakı Dövlət Universitetinin üzərindən götürdülər. İllərdir lövhə yerləşdiriblər ki, BDU-da büstü qoyulacaq, amma baş verməyib. Ev muzeyi yoxdur, heykəlləri yoxdur. Halbuki, Rəsulzadə bütün bunları haqq edib. Lakin bir məqam var ki, onun kimi şəxsiyyətlər heykəllərdə olmasalar da, daim xatirələrdə yaşayırlar”.

Quliyevin sözlərinə görə, Rəsulzadənin təkcə Bakıda yox, bütün şəhər və rayonlarda abidələri olmalıdır: “Rəsulzadə belə şəxsiyyətdir və onu unutmaq, unutdurmaq, xatirələrdən silmək mümkün deyil. Çünki Rəsulzadə tarixdir. Nə qədər müstəqil Azərbaycan dövləti mövcuddur, Rəsulzadə yaşayacaq. Son dövrlər onun xatirəsinin əbədiləşdirilməsi istiqamətində müəyyən müsbət addımlar atılır. Bütün bunlar təqdir olunmalıdır. Lakin ona münasibət yetərli səviyyədə deyil. Biz Rəsulzadənin misilsiz fəaliyyətini gələcək nəsillərə ötürməli, onu baş tacımıza çevrilməliyik”.

Müəllif: Azər Niftiyev