Konstitusiya Məhkəməsindən böyük gözlənti: yüzminlərlə ailə sevinəcək

Cəmiyyət

27.08.2023 - 10:24

Həkimlər Klinikalar SEO Xidməti

Milli Məclisin sabiq üzvü: “Kontitusiya Məhkəməsinin ədalətli qərar verəcəyinə inanıram”

Keçmiş deputat: “İnanıram ki, ədalətli qərar veriləcək və vətəndaşların haqları bərpa olunacaq”

2011-ci ildə tədavül müddətinin başa çatması ilə bağlı qərardan sonra yüzminlərlə vətəndaş ötən əsrin 90-cı illərində ulu öndər Heydər Əliyevin fərmanına əsasən, onlara əvəzsiz olaraq paylanılan özəlləşdirmə çeklərindən istifadə hüququndan məhrum oldu. Qanunvericilikdə özəlləşdirmə çeklərinin “Qiymətli kağızlar haqqında” qanunla tənzimləndiyi və qiymətli kağızlar üçün zaman məhdudiyyətinin nəzərdə tutulmadığı öz əksini tapsa da, tədavül müddətinin başa çatması ilə yüzminlərlə vətəndaşın hüquqları pozuldu.

Milli Məclisin deputatları, ictimai-siyasi, mədəniyyət-incəsənət xadimləri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, iqtisadçılar, hüquqşünaslar, əmlak ekspertləri ölkə rəhbərliyinə müraciətlər edərək, özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə qaytarılmasını və ya dəymiş ziyana görə müvafiq kompensasiya ödənilməsini tələb edirlər.

Qeyd edək ki, qanunvericilikdə hər bir özəlləşdirmə payı üçün inflyasiyadan qorunmaqla, minimum 2000 ABŞ dolları ekvivalentində məbləğ müəyyən edilib.

Uzun illərdir tarixi ədalətin bərpa olunmasını gözləyən və əlində qalan özəlləşdirmə çekləri dəyərsiz kağız parçasına çevrilən vətəndaşlar, müharibə veteranları və təqaüdçülər isə tarixi ədalətin bərpa olunması məqsədilə Konstitusiya Məhkəməsinə müraciət ediblər. Müraciət müəllifləri hesab edirlər ki, məmur opliqaxriyasının prosesə müdaxiləsindən və qanunları dəyişmək cəhdlərindən sonra Konstitusiya Məhkəməsinin qərarı ən doğru addım olardı.

Milli Məclisin deputatları da Konstitusiya Məhkəməsinə müraciət ünvanlayan vətəndaşları dəstəklədiklərini, ədalətli qərar veriləcəyinə böyük ümidlər bəslədiklərini bildiriblər.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, keçmiş deputat Çingiz Qənizadə mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, özəlləşdirmə çeklərindən hamı istifadə etməli, yararlanmalıdır: “Ulu öndər Heydər Əliyevin 1996-cı ildə imzaladığı fərmanda və qanunvericilikdə özəlləşdirmə çeklərinin üstünlükləri ilə bağlı məqamlar öz əksini tapıb. Orada qeyd olunub ki, 1997-ci ilin yanvar ayının 1-nə qədər anadan olmuş hər bir Azərbaycan vətəndaşına özəlləşdirmə çekləri paylanılsın. Vauçerlər qiymətli dövlət kağızıdır və onlar üçün zaman məhdudiyyəti nəzərdə tutula bilməz”.

“Belə olduğu təqdirdə bəzi vətəndaşların özəlləşdirmə paylarını qoruyub saxlaması onların konstusion hüququdur. 2011-ci ildə tədavül müddətinin başa çatması ilə bağlı verilən qərardan sonra yüzminlərlə vətəndaşa məxsus və dövlət tərəfindən verilən qiymətli kağızlar dəyərsiz kağız parçasına çevrilib. Bu, yolverilməzdir və ölkə ziyalıları dəfələrlə bununla bağlı aidiyyəti qurumlara çağırışlar ediblər. Eləcə də vauçerləri əlində qalan vətəndaşların rəsmi dairələrə müraciətləri olub”, - deyə həmsöhbətimiz bildirib.

Qənizadə Konstitusiya Məhkəməsinin ədalətli qərar verəcəyinə ümid edir: “Mən vətəndaşların müraciətlərini təqdir edirəm. Çünki bu çeklərin paylanılması ədalətli şəkildə həyata keçirilsə də, istifadəsi zamanı çoxsaylı nöqsanlar aşkarlanıb. Çox təəssüf ki, bəzi işbazlar əhalinin məlumatlılıq və maariflənmə səviyyəsinin aşağı olmasından sui-istifadə ediblər. Eyni zamanda, tarixi şəraitdən dolayı qanunlarla bağlı da müəyyən boşluqlar meydana çıxıb. Bu baxımdan şikayətə Konstitusiya Məhkəməsi tərəfindən baxılması zəruridir. Ümidvaram ki, Konstitusiya Məhkəməsi tarixi ədaləti bərpa edəcək və yüzminlərlə Azərbaycan vətəndaşının hüquqları təmin olunacaq".

Hüquqşünas o qənaətdədir ki, ya özəlləşdirmə çekləri tədavülə qaytarılmalı, özəlləşməyə çıxarılacaq əmlakın 65 faizi çeklərlə həyata keçirilməli, ya da qanunauyğun şəkildə çek sahiblərinə kompensasiya ödənilməlidir. İkinci halda o vaxtı 2 min dollarlıq əmlakın inflyasiyadan qorunan əmlak ekvivalenti qanunla hesablanmalıdır - bu halda məbləğ 20 min dollardan artıq olur, yəni düşəcək miras əmlak payının dəyəri.

İqtisad elmləri doktoru, professor, sabiq deputat Əli Əlirzayev də oxşar fikirdədir. O, AYNA-ya şərhində söyləyib ki, özəlləşdirmə çeklərinin tədavülə qaytarılması sosial-iqtisadi fəallağın artmasına səbəb olacaq: “Ümumilli lider Heydər Əliyev məlum fərmanı imzalayanda əhalinin sosial rifah halını əsas meyar olaraq götürürdü. Bununla bağlı fərmanda mütərəqqi məqamlar öz əksini tapmışdı. Əhalinin investorlar olaraq özəl sektora cəlbi, sovetlər dönəmindən qalan dövlət əmlakının vətəndaşlar arasında bərabər qaydada paylanılması prioritet istiqamətlər idi”.

“Bu imtiyazlara sahib olmaq üçün əhaliyə hər biri dörd paydan ibarət qiymətli kağızlar - vauçerlər paylanıldı. Sonradan bəzi vətəndaşlar bu çekləri satışa çıxarsalar da, hələ də özəlləşdirmə payları əlində qalan vətəndaşlar var. Onların sayı da az deyil. Hesab edirəm ki, gec də olsa, özəlləşdirmə çeklərinin taleyinə aydınlıq gəlməlidir", - deyə alim vurğulayıb.

Müsahibimizin sözlərinə görə, ya vauçerlər tədavülə qaytarılmalı, ya da müvafiq kompensasiya ödənilməlidir və çeklərin dəyəri qanunla hesablanmalıdır. Çünki dövlətin iqtisadiyyatı onun qəbul etdiyi qanunlarla tənzimlənir. Qanunvericiliyə uyğun hesablanarsa, bu məbləğ ən azı 20 min dollarlıq əmlak payı dəyəri qədər edir.

Əlirzayevin Konstitusiya Məhkəməsindən gözləntiləri böyükdür: “Özəlləşdirmə çekləri əlində qalan vətəndaşların, müharibə veteranlarının Konstitusiya Məhkəməsinə müraciətini təqdir edirəm. İnanıram ki, Konstitusiya Məhkəməsi bu müraciətə müsbət cavab verəcək və tarixi ədalət bərpa olunacaq”.

QEYD

Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.

Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün  özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.

Əlavə qeyd

Hamı bilməlidir ki, ulu öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri - QANUNLA verilib!

Heyər Əliyevin ÖZƏLLƏŞDİRMƏ QANUNUNUN icrası ücün verdiyi və imzaladığı 450-li Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vədəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək ücün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə, Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray