Komada olan hüquq müdafiəçisi təcili Türkiyəyə aparılır

Xəbərlər

05.11.2019 - 17:36

Ailədən razılıq alınıb və Oqtayın Gülalıyevin aparılması üçün hazırda hazırlıqlar görülür

 

Hüquq müdafiəçisi Oktay Gülalıyev Türkiyəyə aparılır. AYNA xəbər verir ki, bu barədə Oktay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva Azadlıq Radiosuna bildirib.

 

Türkiyədən gələn mütəxəssislər onu müayinə ediblər və vəziyyətini çox ağır, kritik hesab ediblər. Bildiriblər ki, müalicəsini Türkiyədə davam etdirə bilərik, amma sağalmasına da tam zəmanət yoxdur. Ailədən razılıq alınıb və Oqtayın Gülalıyevin aparılması üçün hazırda hazırlıqlar görülür.

 

Qeyd edək ki, Heydər Əliyev Fondu komada olan hüquq müdafiəçisi Oktay Güləliyevin müalicəsini öz üzərinə götürüb. Bu barədə də onun xanımı "Turan" agentliyinə açıqlamasında məlumat verib. Bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə ona zəng ediblər: "Mənə Fonddan zəng etdilər, Oktayın vəziyyəti ilə maraqlandılar və problemlərimizi soruşdular. Mən dedim ki, yalnız keyfiyyətli müalicəyə və həyat yoldaşımın sağalmasına ehtiyacımız var”. 

 

Türkiyədən mütəxəssislər də Heydər Əliyev Fondu tərəfindən dəvət olunub.

Hüquq müdafiəçisinin hazırda müalicə olunduğu Respublika Neyrocərrahiyyə Xəstəxanasından AYNA-ya məlumat verildi ki, O.Gülalıyevin vəziyyəti ağır olaraq qalmaqdadır. Türkiyəyə aparılmasına isə heç bir əks göstəriş yoxdur. Hələlik bu gecə müalicəsi xəstəxanada davam etdiriləcək. 

 

Xatırladaq ki, O.Gülalıyev 30 oktyabr tarixində piyada keçidindən keçərkən, “90-PZ-543” dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil tərəfindən vurulub. 31 oktyabrda isə “City Hospital”da beyin əməliyyatı keçirib. Noyabrın 1-də isə "City Hospital"dan Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Vəziyyəti ağır olaraq qalır, 2-ci dərəcəli koma vəziyyətində, süni tənəffüs aparatına qoşulu haldadır. 

 

Müəllif: Ayna.az