MOİK-in idmançıları Hərbçilərin VII Dünya Oyunlarına qatılacaqlar
Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları Hərbçilərin VII Dünya Oyunlarında iştirak etmək üçün Çin Xalq Respublikasının Uxan şəhərinə yola düşüblər.
Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təşkil etdiyi və oktyabrın 18-dən 28-dək keçiriləcək yarışlarda ölkəmizi MOİK-in güləşin sərbəst və yunan-Roma, eləcə də cüdo, boks və atıcılıq idman növləri üzrə komandaları təmsil edəcək.
Oyunlarda 100-dən çox ölkədən, təxminən 10 min hərbçinin iştirak edəcəyi gözlənilir. 27 növ üzrə 329 yarışın keçiriləcəyi oyunlar hərbçilərin ən böyük dünya oyunlarıdır.