Mixail Podolyak: “Rusiya daha müharibə apara bilməyəcəyini anladıqdan sonra danışıqlar ola bilər”
“Müharibəyə son qoymaq üçün Rusiya ilə danışıqlar indi həm Ukrayna, həm də Avropa üçün sərfəli deyil”. AYNA xəbər verir ki, bu sözləri Almaniyanın “Bild” nəşrinə müsahibəsində Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Onun sözlərinə görə, istənilən müvəqqəti barışıq gələcəkdə Rusiya Federasiyası tərəfindən təcavüzün davam etməsi demək olacaq.
"Bu gün aparılan danışıqlar prosesi başa çatmayacaq, sadəcə müharibədə müvəqqəti atəşkəs olacaq. Rusiya bunu qələbə hesab edəcək və öz ekspansionist siyasətini təbliğ etmək iddiasını davam etdirəcək. Buna görə də, indiki şəraitdə sülh növbəti müharibə demək olacaq. Müəyyən müddətdən sonra müharibənin yeni mərhələsinə gətirib çıxaracaq”, - Podolyak bildirib.
Ukrayna rəsmisi qeyd edib ki, müharibə tam başa çatmasa, bir çox vətəndaş Ukraynaya qayıtmayacaq və ölkəyə investisiyalar qoyulmayacaq: “Bu, böyüyən və davamlı olaraq Avropaya təzyiq göstərən “boz zona” olacaq. Avropa Ukraynanı hansısa yolla yaşaya bilən vəziyyətdə saxlamaq üçün buraya daim böyük vəsaitlər yatırmağa məcbur olacaq. Bu, Avropa üçün sərfəli deyil”
Podolyak vurğulayıb ki, sülh danışıqları Rusiyanı iqtisadi, siyasi və diplomatik baxımdan daha dikbaş davranışa sövq edəcək.
“Ukraynada müharibə səbəbindən həyat keyfiyyəti xeyli aşağı düşüb, Avropada da müəyyən dərəcədə pisləşmə olacaq. Ancaq bu, İkinci Dünya müharibəsindən bəri olmayan belə gərgin müharibənin bədəlidir. Əgər həmişə bədəl ödəmək istəmirsinizsə, bu müharibə lazımi qaydada başa çatmalıdır", - Ukrayna rəsmisi qeyd edib.
Prezident Aparatı rəhbərinin müşaviri əmindir ki, işğalçı ilə danışıqlara dair danışıqlara yalnız Kremlin Ukraynanı məğlub etmək üçün son ümidləri puça çıxdıqdan sonra qayıtmaq olar: “Yalnız Rusiya daha müharibə apara bilməyəcəyini anladıqdan sonra danışıqlar ola bilər”.