Kanar adalarının sakinləri aksiyalara başladı: turistlərin getməsini tələb edirlər

Dünya

14.04.2024 - 18:41

“Burada özümü əcnəbi kimi hiss edirəm, artıq özümü rahat hiss etmirəm”

Kanar adalarında yerli sakinlər turistlərdən bezib və onların hamısının ərazidən getməsini tələb edirlər. Tenerifedə bir qrup fəal bu təşəbbüslə çıxış edərək aclıq aksiyasına başlayıb. AYNA xəbər verir ki, bu barədə “Bild” yazıb.

Bildirilib ki, “Canarias seagota” təşkilatında birləşən 20-yə yaxın yerli birlik üzvləri də turistlərə qarşı çıxıb aclıq aksiyasına qoşulub.

“Burada özümü əcnəbi kimi hiss edirəm, artıq özümü rahat hiss etmirəm. Görünür, hər şey sadəcə ucuz pivə içmək, günəşin altında uzanıb burqer və kartof qızartması yemək istəyən britaniyalı və alman turistlər üçün nəzərdə tutulub”, - deyə etirazçılardan biri bildirib.

Fəallar turistləri ətraf mühitin pisləşməsi, nəqliyyat sıxlığı, qiymət artımı, su və mənzil çatışmazlığı, adaların həddindən artıq məskunlaşması və səhiyyə sektorundakı problemlərdə günahlandırır.

Etirazçılar həmçinin adalarda otel və qolf meydançalarının tikintisini dayandırmaq və turizm vergisinin tətbiqini istəyirlər. Onlar hiddətləniblər ki, hakimiyyət burada sənaye və kənd təsərrüfatını inkişaf etdirmir, bütün diqqətini turizmin inkişafına yönəldir.

“Bild” yazır ki, ötən il Kanar adalarına 14 milyona yaxın əcnəbi gəlib. Ötən illə müqayisədə onların sayı bu il 13 faiz artıb. Bu il turistlərin sayında artım tendensiyası davam edir.

“Yoxsulluq artır, həyat keyfiyyəti aşağı düşür və siz küçələrdə əvvəlkindən daha çox evsiz insan görürsünüz. Biz sosial və ekoloji çökməyə yaxınlaşırıq. Hər şey deyəsən turizmin xidməti ilə bağlıdır. Əhalinin ehtiyacları nəzərə alınmır”, aksiya iştirakçısı olan fəal Ruben Peres deyib.

Müəllif: Ayna.az