İstilik təchizatında müştəri məmnuniyyəti əsasdır

Cəmiyyət

26.12.2023 - 10:39

Səhmdar Cəmiyyətə daxil olan bütün müraciətlər dərhal nəzarətə götürülür

“Ayna” qəzetinin 15.12.2023 tarixli buraxılışında qəzetin keçmiş əməkdaşı, Zahid Xəlilov 59 ünvanında yaşayan Mətin Yaşaroğlu mənzilinin istiliklə təmin edilməsində problemlərin olduğunu bildirmiş, bununla bağlı müxtəlif fərziyyələr irəli sürərək “Azəristiliktəchizat” ASC rəhbərliyinin reaksiyasını eşitmək istəmişdir.

İlk növbədə bütün istehlakçıların, o cümlədən hörmətli Mətin Yaşaroğlunun diqqətinə çatdırmaq istəyirik ki, “Azəristiliktəchizat” ASC-nin korporativ dəyərləri arasında müştəri yönümlülük ön sıradadır. Biz istilik təchizatı xidmətlərini göstərməklə, fəaliyyətimizin əsas məqsədini müştəri məmnuniyyətinə nail olmaqda görür, abonentlərimizin mənafeyini daim rəhbər tutmağa çalışırıq. Bildiririk ki, Səhmdar Cəmiyyətə daxil olan bütün müraciətlər dərhal nəzarətə götürülür, ciddi araşdırılır və operativ həll edilməsi üçün bütün zəruri tədbirlər görülür.

Hörmətli Mətin Yaşaroğlunun qeyd edilən şikayəti və iddialarının araşdırılması üçün “Azəristiliktəchizat” ASC-nin mütəxəssislərindən ibarət xüsusi komissiya yaradılmış, istilik təchizatına təsir göstərməsi ehtimal olunan bütün həlqələr, o cümlədən istilik mənbəyi, ötürücü xətlər, binanın aşağı paylama istilik sistemləri və mənzildaxili sistemlər köklü şəkildə araşdırılmışdır. Aparılmış araşdırmanın nəticələrini “Ayna” qəzetinin oxucuları ilə aşağıda paylaşmaq istərdik.

İstənilən müştəri bir qurumla qarşı-qarşıya gələndə, hamımız müştəriyə haqq qazandırmağa meyilliyik və bu yanaşma bir çox hallarda məntiqli görünür. “Müştəri həmişə haqlıdır” şüarı hamımıza tanışdır. Lakin bəzi hallarda məsələ bu cür görünsə də, əslində heç də qurum-vətəndaş qarşıdurması deyil. Bir vətəndaş öz qanunsuz hərəkətləri ilə digər vətəndaşların haqqına girərsə, “müştəri həmişə haqlıdır” şüarını hansı müştəriyə aid edək? Digərlərin haqqını tapdalayan müştəriyə, yoxsa haqqı pozulan müştərilərə? Aydındır ki, bu şüar bu vəziyyətdə hər iki tərəfə aid edilə bilməz.

Belə bir vəziyyəti təsəvvür edin: İstilik şəbəkəsi bir neçə binanı istiliklə normal təmin edir. Bir gün binaların birində yaşayan abonentlərdən biri öz mülahizəsi ilə şəbəkəyə müdaxilə edir, normativ qaydalara zidd olaraq, öz mənzilində əlavə qızdırıcılar quraşdırır. Bu, azmış kimi, boruların layihə ilə müəyyən edilmiş çəkiliş sxemini dəyişir və bununla sistemdə suyun müəyyən edilmiş təzyiqlə dövriyyə etməsinə əngəl yaradır. Üstəlik, paralel olaraq, “kombi” fərdi istilik vasitəsini də quraşdırır. İstədiyi zaman mərkəzi istilik xəttinə qoşulur, istəyəndə “kombi” sistemini qoşur. Xüsusi komissiyanın apardığı araşdırmadan məlum olub ki, Zahid Xəlilov 59 ünvanında yaşayan Mətin Yaşaroğlu məhz yuxarıda təsvir etdiyimiz işləri görüb və bununla mərkəzi istilik şəbəkəsində normal su dövriyyəsinin qarşısını alıb.

Bir mənzildə həm fərdi, həm mərkəzi istilik vasitələrinin paralel şəkildə quraşdırılmasının nə qədər düzgün olub-olmadığını bir kənara qoyaq. Əsas məsələ budur ki, istilik şəbəkəsinə bu cür müdaxilələr şəbəkədə suyun təzyiqini azaldır, həm müdaxilə edən müştərinin özünə, həm də digər müştərilərə keyfiyyətli istiliyin çatdırılmasına mane olur. Nəticədə, bir müştərinin bu cür hərəkətlərindən digər müştərilər də zərər görür.

Təəssüf ki, şəbəkəyə bu tipli icazəsiz müdaxilə halları təkcə Zahid Xəlilov 59 ünvanında deyil, bir çox ünvanlarda müşahidə olunur. Bəzi zərər çəkən müştərilər problemin köklü səbəbindən belə xəbərdar deyil. Bəziləri məsələdən xəbərdar olsalar da, hörmətli Mətin Yaşaroğlu kimi qəzet redaktorları ilə şəxsi əlaqələrə malik deyillər ki, öz mülahizələrini ictimailəşdirə bilsinlər. Bəzi zərər görən müştərilər isə hesab edirlər ki, istilik şəbəkəsinə icazəsiz müdaxilə edənlərin özbaşınalığına qarşı istilik təchizatçısı tədbir görməlidir.

Mövcud qanunvericiliyə əsasən bina daxilində mühəndis istilik kommunikasiyaları “Azəristiliktəchizat” ASC-nin balansında olmadığına görə, Səhmdar Cəmiyyətin bu sahədə birbaşa tədbir görmək imkanları məhduddur və yalnız binanın girişinə qədər olan istilik şəbəkələrinə nəzarət edə bilir. Lakin biz bu məsələləri ən azından ictimaiyyətə izah etməklə və tərəfdaş təşkilatlar qarşısında qaldırmaqla, problemin həllinə öz töhfəmizi verməyə çalışırıq.

Bəzi müştərilərin qaldırdığı iddiaların araşdırılması nəticəsində təsvir etdiyimiz uyğunsuzluqlar və pozuntular aşkar olunur. Odur ki, bu məsələlərin ictimailəşməsinə şərait yaradan və bu minvalla onların həllinə öz töhfəsini verən media qurumlarına təşəkkürümüzü bildiririk.

Biz konstruktiv tənqidləri müsbət qarşılayırıq. Göstərdiyimiz xidmətlərin səviyyəsini və operativliyini daha da yüksəltmək üçün təşkilatımızda son dövrdə əsaslı islahatlara start verilib. İslahatların aparılması üçün müştəri rəyləri, o cümlədən tənqidi rəylər də son dərəcədə mühüm rol oynayır və daim nəzərə alınır. İşçilərimizin göstərdiyi xidmət səviyyəsi üzərində yeni nəzarət mexanizmləri yaradılır, fərdi səmərəlilik göstəriciləri işlənir və tətbiq olunur, işə qəbuldan tutmuş satınalmalara qədər müxtəlif biznes prosesləri açıq və şəffaf müsabiqələr əsasında həyata keçirilir.

Mətin Yaşaroğlunun qaldırdığı iddianı da, dolayısı ilə olsa da, konstruktiv bir addım kimi qiymətləndirmək istərdik. Ancaq təəssüf ki, iddia ilə çıxış edən müəllif öz məqaləsində tənqiddən əlavə, şirkətimizə qarşı bədgümanlığa, əsassız-sübutsuz ittihamlara, iftiralara da yol verib. İşgüzar nüfuzumuza xələl gətirən bu cür böhtanlara qarşı qanunvericilikdə nəzərdə tutulan hüquqi addımlarla cavab vermək hüququna malik olsaq da, biz hər bir abonentimizə qarşı insani münasibət göstərməyə, mümkün qədər güzəştə getməyə meyilliyik.

Ümid etmək istəyirik ki, Azərbaycanın peşəkar jurnalist cameəsi kimi dəyərli jurnalistimiz də gələcəkdə daha konstruktiv və ədalətli mövqe sərgiləməklə, istilik təchizatı sahəsinin davamlı inkişaf məqsədlərinə də öz töhfəsini verəcək.

Hörmətlə: “Azəristiliktəchizat” ASC-nin Mətbuat xidməti

Müəllif: Ayna.az