"Deputatlarla icra başçıları biznes yarışına çıxıblar - biabırçılıqdır"

Cəmiyyət

20.11.2019 - 18:52

Cümşüd Nuiyev: "Mediamız bərbəd vəziyyətdədir, yaltaqlıqla məşğuldurlar, ancaq şəxsi problemlərinin həllinə çalışırlar"

 

Tanınmış politoloq, istiqlalçı deputat, professor Cümşüd Nuriyev AYNA-ya müsahibəsində ölkədə aparılan kadr islahatlarından, medianın hazırkı durumundan və bir sıra digər məsələlərdən danışıb, suallarımıza aydınlıq gətirib.

 

"Nazirliklərin, tamamilə gənclərdən ibarət olması problem yaradır"

 

- Cümşüd müəllim, son dövrdə ölkədə bir sıra kadr dəyişiklikləri oldu. Hətta gözləmədiyimiz şəxslər belə, öz postundan getdi və ya göndərildi. Bu islahatları necə qiymətləndirirsiniz?

 

- Kadr islahatlarını müsbət qiymətləndirirəm, dünyanın hər yerində kadr islhatları ilə bağlı rotasiya deyilən bir qanunauyğunluq var. Bizdə isə elə məmurlar - nazirlər, icra başçıları var ki, 10, hətta 20-25 ildir vəzifə başında oturublar. Ounlar artıq iş yerlərinə o qədər alışıblar ki, Azərbaycanla bağlı fikirləri də yoxdur. Oturduqları kürsüdən beşəlli yapışmaqla şəxsi problemlərini həll etməklə məşğuldurlar.

Image result for cümşüd nuriyev

- Gənc kadrların vəzifələrə, xüsusilə nazirliklərə gətirilməsini necə dəyələndirirsiniz?

 

- Nazirliklərin, tamamilə gənclərdən ibarət olması Azərbaycan üçün problem yaradır. Məsələn, İngiltərədə siyasi hakimiyyət dəyişilsə belə, kiminsə nazirin birinci müavinini dəyişməyə ixtiyarı yoxdur. Bizdə isə çox axmaq bir tendensiya yaranıb, nazir hansı bölgədəndirsə, sanki ziyafət məclisi verirmiş kimi, həmin bölgədən olan dostlarını, tanışlarını, qohumlarını yığır ətrafına. Prezident bunlara etimad göstərir, ancaq təəssüf ki, onlar bu məsuliyyəti dərk etmirlər. Yaxşı olar ki, gənclər formaşana qədər, hətta nazir gənc olsa belə, müavinlərindən biri mütləq təcrübəli şəxs olsun. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində köhnədən heç kim qalmayıb, təzə gələnlər də o sahəni yaxşı bilmirlər. Buna görə də il yarımdır, sanki tədris kombinatı kimi fəaliyyət göstərirlər, işi öyrənməyə çalışırlar. Yaxşı olar ki, cənab Prezident bu məsələlərə də xüsusi diqqət yetirsin.

 

"Kadr islahatları dayansa, təhlükəli tendensiya yaranar"

 

- Sizcə, kadr islahatları davam edəcək, yoxsa elə bununla da bitdi?

 

- Əlbəttə ki, davam etməlidir. Bununla bitsə, çox təhlükəli tendensiya yaranar. Birincisi, cənab Prezident islahatlara getdiyini özü bəyan edib, əgər dayandırılsa, inamsızlıq yaranar. İkincisi, uzun müddət vəzifədə oturanlar özlərini daha da harınlamış şəkildə apararlar, onlarda fikir yaranar ki, “mənə gücü çatmadı, mən əvəzolunmazam”. Üçüncüsü də, müxalifətin əlinə dəstəvuz vermiş olar, düşünərlər ki, “ancaq kosmetik dəyişiklik idi, davamı yoxdursa, heç bir effekti olmayacaq”. İnanmıram ki, Prezident belə bir məsələyə yol versin.

 

- İcra hakimiyyəti başçılarının dəyişdirilməsi barədə nə deyərdiniz?

 

- İcra hakimiyyəti başçıları çox az tərkibdə dəyişdirilir. Halbuki 5 ildən çox işləmiş bütün icra başçıları dəyişdirilməlidir. Yerdəyişmə yox, yola salınmalıdır. Azərbaycanda da kifayət qədər belə icra başçıları var. Həmçinin təcrübəsi olmayan gənclərin icra hakimiyyətlərinə təyin edilməsinin də heç bir nəticəsi olmayacaq. Ölkədə kənd təsərrüfatını bilən kifayət qədər mütəxəssislər var, təsərrüfat rayonlarına onlar təyin olunsa, daha yaxşı olardı.

Rumiyyə Miraslan