Hökumət gələcək nəsillərin üzərinə ağır yük qoyub gedəcək

Cəmiyyət

26.11.2019 - 14:42

Yolun həm keyfiyyətindən “yeyiblər”, həm də kəmiyyətindən, buna görə də yollar çökür, körpülər dağılır

 

Son 15 ildə Azərbaycanın yol infrastrukturuna milyardlarla vəsait qoyulub, körpülər tikilib. Amma korrupsiya xərçəng xəstəliyi kimi bu layihələri içdən yeyib.

 

Dərd budur ki, keyfiyyətsiz çəkilmiş yollar, tikilmiş körpülər tez aşınır və köhnəlir. Bu hökumət gələcək nəsillərin üzərinə bu problemi də qoyub gedəcək. Çünki həmin keyfiyyətsiz yollar-körpülər hər il dövlət büdcəsinə ağır yük kimi olacaq, onların təmirinə, normal vəziyyətə gətirilməsinə yenidən milyardlarla vəsait xərclənəcək.

 

Bir dəfə Luşkovdan soruşublar ki, “deyilənə görə, siz öz milyardlarınızı Moskva yollarının və qovşaqlarının, dəirəvi yolların keyfiyyətsiz çəkilməsinə görə qazanmısınız”. O da cavab verib ki, “mən keyfiyyətdən yeməmişəm, yolun enindən yemişəm, yəni hər tərəfdən 30 sm az yol çəkib, həmin 60 sm yola, guya xərclənən vəsaiti mənimsəmişik, keyfiyyətə görə narahat olmayın”.

 

Bizim qalstuklular qəbiləsi həm keyfiyyətdən “yeyiblər”, həm də kəmiyyətdən. Məhz buna görə yollar çökür, körpülər dağılır, 20 il zəmanətlə çəkilmiş beton yollar hər il 20 dəfə təmirə bağlanır. Məmurlar yola, körpüyə daimi qazanc mənbəyi kimi baxırlar deyə keyfiyyətli yol onlara sadəcə sərf eləmir –təmirdən də yemək lazımdır axı...

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert